Hiroşimada atom bombardmanı qurbanlarının xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Hiroşimada atom bombardmanı qurbanlarının xatirəsi anıldı - FOTO

31399

Avqustun 6-da Yaponiyanın Hiroşima şəhərində 76 il əvvəl ABŞ tərəfindən həyata keçirilən atom bombardmanı nəticəsində həlak olanların xatirəsi anılıb.

Bizim.Media xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar keçirilən mərasim şəhərin mərkəzində yerləşən Sülh parkında təşkil olunub.

Tədbirdə Yaponiyanın Baş naziri, parlamentin deputatları, diplomatik korpusun üzvləri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Yerli vaxtla səhər saat 8:15 dəqiqədə, atom bombasının şəhərə atıldığı anda bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.

Sonra Hiroşima şəhərinin meri Kazumi Matsui sülh bəyannaməsinin mətnini oxuyub.

Bəyannamədə bütün dünya liderlərinə müraciət olunaraq, onlardan cari ilin yanvarında qüvvəyə minmiş Nüvə Silahının Ləğvi Barədə Müqaviləni dəstəkləmələri xahiş edilib.

“Müharibələrdə qələbə məqsədilə hazırlanmış nüvə silahı bütün dünyanın məhvi üçün böyük təhlükə mənbəyidir. Əgər bütün millətlər birlikdə çalışsalar biz buna son qoya bilərik”, - deyə bəyannamənin mətnində vurğulanır.

Mərasimdə çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa Tokionun üç əsas nüvə prinsipini dəstəkləyəcəyini və dünyada nüvə silahının qalmaması üçün lazım olan bütün gücünü sərf edəcəyini bildirib. Y.Suqa, həmçinin nüvə silahından əziyyət çəkmiş bütün xalqlara yardım göstərəcəklərini də deyib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Hiroşimanın atom bombardmanına məruz qalmasının 76-cı ildönümü ilə əlaqədar xatirə mərasimi ixtisar edilmiş formatda keçirilib.

Mərasimdə cəmi 800 nəfər, o cümlədən 80 ölkənin səfirliklərinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Hiroşimaya atılan atom bombası nəticəsində bir gün ərzində 70 mindən 100 minədək insanın həlak olduğu bildirilir. 1945-ci ilin sonunadək bombardman nəticəsində alınmış yaralardan və şüalanmadan ölənlərin sayının 140 minə çatdığı qeyd edilir. Hər il bu siyahıya həyatını itirən “hibakuşyaların” adı əlavə olunur.

Yaponiyada atom bombardmanından xəsarət alan şəxslər belə adlandırılır. Cari ildə xatirə kitabına daha 3 min 200 nəfərin adının əlavə edildiyi bildirilir. Bununla da atom bombardmanından həlak olanların ümumi sayı 350 min nəfəri ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin