Çinin ekspansional siyasəti uzun illərdir bütün dünyanın diqqət mərkəzindədir. Hələ ötən əsrin 60-cı illərindən başlayaraq rəsmi Pekin dünyada hegemon dövlətə çevrilmək yolunda qarşısına qoyduğu hədəfə çatmaq üçün mühüm tədbirlər görür.
Çinin, xüsusilə qonşuluğunda olan ölkələr və Afrikada artan rolu diqqətdən kənar qalmır. Artıq bir sıra dövlətləri öz iqtisadi yatırırmları ilə təsir dairəsinə salan rəsmi Pekin hal-hazırda gözünü Əfqanıstana dikib.
Çinin öz qərb qoşusu ilə bağlı hazırladığı planı isə hələ ötən əsrin sonuncu rübündən tətbiq olunmağa başlanıb. Lakin rəsmi Pekinin bölgədə iqtisadi varlığının yaxın keçmişi ötən əsrin 30-cu illərinə dayanır.
MÖVZU İLƏ BAĞLI:
Çin III dünya savaşının səbəbinə çevrilir - Planda Zəngəzur da var - TƏHLİL
Buna baxmayaraq, Çinin Əfqanıstanda hərbi və iqtisadi aktivliyi 60-ci illərin sonuna qədər o qədər də yüksək səviyyədə deyildi. 2000-ci ildə isə Pakistanın vasitəçiliyi ilə Talibanla razılaşma əldə edən rəsmi Pekinin sonrakı dövrdə bölgədəki investisiyaları böyük sürətlə artmağa başladı.
Əfqanıstan – Çin üçün yağlı tikə
Birincisi, Çinin qərb sərhədlərini möhkəmləndirməsi yolunda Əfqanıstan mühüm əhəmiyyətə malikdir. Belə ki, Çin öz qərb qonşuları ilə mülayim siyasət yeritməyə daha çox meyillidir. Rəsmi Pekin bu minvalla hərəkət edərək hələ 2015-ci ildə Tacikistan, Əfqanıstan və Pakistan sərhədlərinə yaxın bölgədə hərbi baza yaratmağı bacarıb.
İkincisi, sözügedən bölgədə digər güclü oyunçuların mövcudluğu Çinin manevr imkanlarını önəmli ölçüdə azalada bilər. Qeyd etdiyimiz kimi, Çinin Əfqanıstanda varlığı uzun müddətdir davam etsə də, rəsmi Pekin heç vaxt adıçəkilən regionda əsas söz sahibinə çevrilməyi bacarmayıb.
Bunun əsas səbəbi isə, daha əvvəl SSRİ və ABŞ kimi güclü oyunçuların bölgədə mövcudluğu idi. Lakin indi rəsmi Pekin üçün Əfqanıstanda möhkəmlənmək yolunda önəmli imkanlar doğub.
Üçüncüsü, Əfqanıstanın saymaqla bitməyən sərvətləri dünya liderinə çevrilmə yolunda Çinə böyük imkanlar yaradacaq. Mis, uran, lityum, dəmir və daha bir neçə təbii ehtiyatlarla zəngin olan bölgənin əsas investoruna çevrilmək istənilən ölkə üçün böyük qazanc mənbəyi deməkdir. Rəsmi Pekin də bu səbəbdən qonşuluğunda xəzinəni başqalarının ixtiyarına verməyə razı ola bilməz.
Dördüncüsü, regionun logistik əhəmiyyətini də unutmaq olmaz. Belə ki, rəsmi Pekinin “Böyük İpək Yolu” planının ən önəmli parçası məhz Əfqanıstandır. Pandemiyadan sonra Avropanın əsas istehsalçıs ına çevrilən Çin üçün yük daşımalarında ən əlverişli marşrutların başında sözügedən xəttin olduğu, yəqin ki, şübhəsizdir.
İllik 709 milyard dollar olan Çin-Avropa ticarət dövriyyəsinin daha da böyüməsi üçün, alternativ marşrutlara hava-su kimi ehtiyacı olan rəsmi Pekinin “Böyük İpək Yolu”nun mühüm parçası olan Əfqanıstanı diqqətdən kənarda saxlaması, təbii ki, mümkünsüz idi.
Şam yeməyinə az qalıb...
Çinin sadalanan səbəblərdən irəli gələn fəaliyyəti isə çoxşaxəlidir. Belə ki, bölgənin təkcə mis-molibden yataqlarına Çin şirkətləri tərəfindən ayrılan investisiyanın həcmi 3 milyard dollardır. Bundan əlavə, Əfqanıstanın təbii ehtiyatlarını araşdırmaq məqsədilə 100-ə yaxın Çin şirkətinin fəaliyyət göstərdiyi iddia olunur.
Eyni zamanda rəsmi Pekin Əfqanıstana əvvələr göz dikimiş böyük dövlətlərdən fərqli olaraq təkcə Əfqanıstan hökuməti ilə yox, Talibanla da uğurlu münasibətlər yaratmağı bacarıb. Çinin taliblərə silah və maddi yadımı da Qərb mətbuatında dəfələrlə vurğulanıb.
Bölgədə artan təsir imkanlarının isə rəsmi Pekini yaxın illərdə Əfqanıstanda əsas söz sahibinə çevrirəcəyi aşikar görünür. Nəticədə isə, İngiltərə, SSRİ və ABŞ-ın silah gücü ilə əldə edə bilmədiyi Əfqanıstan kimi xəzinəni Çin investisiyaları ilə ələ keçirəcək.
Qeyd edək ki, iyulun 28-də Taliban rəsmiləri ilə Çinin xarici işlər naziri Van İ arasında Pekində görüş keçirilib. Tərəflər arasında regiondakı mövcud vəziyyətin müzakirəsi ilə yanaşı, taliblər tərəfindən rəsmi Pekinə Əfqanıstanda digər ölkələrin varlığına imkan verilməyəcəyinin də vədi verilib.
Murad Əhmədov, Bizim.Media