Vahid Koreya dövlətinə doğru BİR ADDIM - Kim öz sonunu hazırlayır?

Hazırda oxunan: Vahid Koreya dövlətinə doğru BİR ADDIM - Kim öz sonunu hazırlayır?

30237

Koreya yarımadasının şimal və cənub hissələri arasında 70 ildən artıq müddətdir davam edən münaqişədə mühüm yenilik baş verib. Belə ki, Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasında əldə olunan razılaşmaya əsasən ölkələr arasında kommunikasiya əlaqələri aktivləşdiriləcək. Sözügedən addımın baş verməsi nəticəsində isə, iki ölkə arasında rabitə əlaqələri bərpa olunacaq.

Bu isə uzun illərdir özünü dünyadan təcrid etmiş KXDR üçün yeni mərhələnin başlanğıcı deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden: “Kim Çen İnlə müəyyən şərtlərlə görüşməyə hazıram”


Qeyd edək ki, yarımadanın şimal və cənub hissələri arasında 1950-ci ildə başlayan müharibə, 1953-cü ildə razılaşma ilə nəticələnmişdi. O dönəmdə SSRİ, Çin, ABŞ və NATO kimi güclərin də iştirak etdiyi savaşın ardından iki ölkə arasında bütün əlaqələr kəsilib. Şimal və cənub respublikaları arasında isə müharibənin üzərindən 70 ilə yaxın müddət keçsə belə hələ də sülh müqaviləsi imzalanmayıb.

Kommunizmin son işartıları

Təbii ki, vəziyyətin bu cür cərəyan etməsi gələcəkdə eyni xalqın iki dövləti arasında əməkdaşlığın digər sahələrinin də inkişafı ilə nəticələnəcək. Eyni zamanda hər iki ölkə rəsmilərinin də mövcud uğurlu tendensiyanın inkişafında maraqlı olduğunu qeyd etməkdə fayda var.

Hadisələrin nə cür inkişaf edəcəyini proqnozlaşdırmaq isə, Pxenyan lideri Kim Çen İnin dünyaya təqdim olunan şəxsi keyfiyyətləri səbəbindən o qədər də asan deyil. Lakin ümumi vəziyyəti nəzərə alaraq, bir sıra fikirlər irəli sürmək mümkündür.

İlk öncə xatırladaq ki, yarımadanın cənubundan şimalına doğru uzun müddətdir propaqanda xarakterli ismarışlar göndərilir. Sözügedən addımların atılması isə KXDR tərəfindən kəskin narazılıqla qarşılanırdı. Çünki özünü dünyaya qapadaraq aclıqla boğuşan xalqına absurd reallıq yaratmış kommunist hökumətin paxırları bu sayədə üzə çıxırdı.

Əsas maraq doğuran məqam da, şimal rəhbərliyinin qeyd olunan vəziyyətdən agah olmasına baxmayaraq, kommunikasiya xətlərinin bərpasına icazə verməsidir.

Görünür, şimaldakı republikanın daxili vəziyyəti heç də ürəkaçan deyil. Təsadüfi deyil ki, Kim Çen İn də son çıxışı zamanı ölkənin 1950-1953-cü illər müharibəsindən sonra ən çətin dönəmini yaşadığını etiraf edib. Görünən odur ki, Şimali Koreyada pandemiyadan sonra vəziyyət daha kritik hal alıb. Eyni zamanda Kimin özünün də durumu heç də yaxşı deyil. Belə ki, xeyli müddət özünü dünya ictimaiyyətindən gizlədən kommunist liderin 20 kiloqrama qədər arıqladığı müşahidə olunub. 

İndiki məqamda isə əlaqələrin bərpası Şimali Koreya vətəndaşlarının həqiqətləri daha aydın görməsinə səbəb olacaq. Belə olan halda, şimal xalqı cənublu soydaşlarının rifah halını dərk edərək dünyanın onlara təqdim olunandan nə qədər fərqli olduğunu görəcəklər. Bu isə diktatura rejiminin sonu deməkdir.

Totalitar rejimin bu gedişatı dərk edərək, yumşalmaya getməsinin əsas səbəbi isə, yəqin ki, sonunun yaxınlaşdığını anlaması olub.

Yəni rəsmi Pxenyan ölkəni daxili gərginliyə sürükləmək yerinə islahatlara getmək yolunu seçib. Kim Çen İnin 20 kiloqram arıqlaması da görünən qədərilə məhz ölkəsinin rifahı naminə göstərdiyi gərgin fəaliyyətin yox, sadəcə taxtını itirimək qorxusunun yaratdığı stresin nəticəsi imiş.

Vəziyyətin bu formada cərəyan etməsi isə, koreyalıların uzun illərdir xəyalında olduğu vahid Koreya dövlətinin yaranmasına gətirib çıxara bilər. Nəticə isə onu göstərir ki, Kubadakı gərgin vəziyyətdən sonra, KXDR-də də kommunist rejim yavaş-yavaş başa çatmaqdadır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin