Dünyanın sağalmayan yarası olan Əfqanıstanda qan durmaq bilmir. Hələ eradan əvvəl 4-cü əsrdə antik dünyanın ən böyük fatehi Makedoniyalı İsgəndərin belə illərini həba etdiyi bu ölkədə savaşlar heç vaxt səngiməyib. Son yüzillik tarixə baxdıqda isə Əfqanıstanın böyük güclərin poliqonuna çevrildiyini görmək mümkündür.
Əvvəlcə dönəmin ən böyük imperiyası olan İngiltərə, daha sonra iki dünya liderindən biri olan SSRİ, 21-ci əsrdə isə ABŞ bu coğrafiyada uğursuzluğa düçar oldu. Özü də tək yox, NATO ilə birlikdə.
Bu qədər ötür-ötürdən sonra isə estafet məhz Türkiyəyə verildi. Ağ Evin Əfqanıstandan baş götürüb qaçmaq qərarının ardından isə ölkənin qarışması üçün xarici qüvvələrin mövcudluğunun da şərt olmadığı sübuta yetirildi. Belə ki, bu və ya digər formada müəyyən qədər də olsa bərpa olunan sabitlik Talibanın hərəkətlənməsi ilə bir neçə həftə içərisində tamamilə yerləyeksan olub.
MÖVZU İLƏ BAĞLI:
"Taliban" təkcə bu ərazidə yüzdən çox dinc sakini qətlə yetirib
Ağ Evin qara üzü
Təbii ki, görünən qədərilə ABŞ-ın geri çəkilməsində əsas səbəb kimi, Əfqanıstanda qoşun saxlamağın maddi olaraq Ağ Evə böyük zərər vurması və qarşılığında heç bir fayda verməməsi göstərilir. Lakin bu arqument o qədər də doğru deyil. Çünki Vaşinqton nə qədər inkar etsə belə dünyanın ən böyük narkotik tarlası olan Əfqanıstandan sözügedən ticarətdən milyarlarla dollar əldə edib. Belə olan halda isə, səbəbin daha fərqli olduğunu iddia etmək olar.
Bilindiyi kimi, Co Baydenin hakimiyyətə gəlməsindən sonra Ağ Ev əsas rəqibləri olan Çin, Rusiya və İrana qarşı qara üzünü göstərməyə başlayıb. Təsadüfi deyil ki, Əfqanıstan da, məhz adıçəkilən ölkələrin arasında yerləşir(Rusiya ilə birbaşa olmasa da KTMT-dən müttəfiqləri ilə).
Digər önəmli məqam isə, ABŞ-ın çəkilməsinin ardından Əfqanıstanın dərin xaosa sürüklənəcəyidir. Bütün bunların baş verməsi isə, təbii ki, Çin başda olmaqla İran və Rusiyaya da təsirsiz ötüşməyəcək. Lakin görünən qədərilə Vaşinqtonun əsas hədəfi rəsmi Pekindir. Belə ki, Çinin həm Talibanla, həm də Əfqanıstan hökuməti ilə paralel olaraq əlaqələri var. Amma Talibanla rəsmi Kabilin üz-üzə gəlməsi durumunda Çin seçim etməyə məcbur qalacaq.
Rəsmi Pekinin isə qalib tərəfi seçsə belə zərəri faydasından daha çox olacaq. Eyni zamanda uzun müddət dinməsi inandırıcı olmayan qeyri-stabil vəziyyət Çinə böyük iqtisadi zərbə vuracaq. Belə ki, rəsmi Pekinin əsas gəlir mənbəyi olan Avropa ilə ticarət üçün vacib olan marşrutların ən önəmli parçalarından biri məhz Əfqanıstandır.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda bəzi ərazilər Talibandan azad olunub
Bu ölkədə tüfəng boyu böyüdün, döyüşçüsən...
Bütün bu getgəllər fonunda isə əsas zərərçəkmiş yenə də Əfqan xalqı olacaq. Hər nə qədər ABŞ-ın rəqiblərinə vurulacaq ziyandan söz etsək də, istənilən halda savaş Əfqanıstanda gedir və heç kəsin zərəri yerli əhali qədər böyük ola bilməz.
Xalqını krallar kimi yaşatmağa yetəcək qədər sərvətləri olmasına rəğmən dünyanın ən kasıb ölkələrindən biri olan Əfqanıstanın vəziyyəti isə gün keçdikcə daha da ağırlaşmaqdadır. Talibanın nəzarətində olan bölgələrdə ən xırda “qanun pozuntusu” səbəbindən edam olunan insanlar, əlinə kitab əvəzinə silah alan azyaşlılar, hər gün onlarla dinc sakinin ölümünə səbəb olan terror hücumları və sonu görünməyən xaos fonunda ölkənin gələcəyi heç də işıqlı deyil.
Mübariz Əfqan xalqının xarici işğalçılara qarşı birləşməsinə mane olmaq və reallıqlara qarşı gözlərinin yumulması üçün seçilən vasitə isə daha iyrəncdir.
Ölkəni narkotik plantasiyasına çevirməklə milyardlar qazanan Qərb, xalqın səsini kəsmək üçün “ağ ölüm”ü yerli əhaliyə peşkəş çəkir.
Elə Əfqanıstanın durumu da xalqının xeyli hissəsinin olduğu kimi narkotik aludəçisini xatırladır. Artıq əfqanlar bölgəyə həqiqətən də sülhü özünə əsas məram seçmiş türk hərbçilərinin belə gəlməsini aqressivliklə qarşılayırlar. Eynən ona yardım etmək istəyənləri düşmən olaraq görən narkomanlar kimi.
Min illərdir qan olmadan yaşaya bilməyən əfqanların savaşa olan asılılıqlarından hələ yaxın müddətdə qurtulmaları isə mümkün görünmür.
Murad Əhmədov, Bizim.Media