Kubada “SİQAR MÖVSÜMÜ” - ABŞ Havananı niyə havalandırdı?

Hazırda oxunan: Kubada “SİQAR MÖVSÜMÜ” - ABŞ Havananı niyə havalandırdı?

28428

Dünya kommunizm sisteminin son qalalarından biri olan Kubada hökumət əleyhinə etirazlar baş qaldırıb. Təşkil olunan nümayişlərə əhali tərəfindən güclü dəstəyin olduğu da diqqətdən yayınmayıb. Ölkədəki etirazlara görə isə Kuba hökuməti ABŞ-ı günahlandırıb.

Rəsmi Havananın bu cür açıqlama ilə çıxış etməsi isə, təbii ki, gözlənilən idi. Uzun illərdir ki, Kubada əsas düşmən kimi hər zaman Birləşmiş Ştatlar hədəf göstərilib. İndiki durumda da eyni tendensiyanın görüldüyü müşahidə edilir. Lakin etirazların arxasında Ağ Evin dayanması ittihamlarının doğruluq payı heç də az deyil. Belə ki, son dönəmlərdə daha aqressiv xarici siyasət yürüdən rəsmi Vaşinqtonun qonşuluğundakı əsas problemi olaraq gördüyü Kubanı diqqətdən kənar saxlaması isə heç də inandırıcı olmazdı. ABŞ-ın Dövlət katibi Blinken açıq şəkildə etiraf etdi ki, onlar Kuba müxalifətinin yeni alovlanan mübarizəsini dəstəkləyirlər.

Bəs, ABŞ Kubanı qarışdırmaqla nəyə nail olmağı hədəfləyir?
 

MÖVZU İLƏ BAĞLI:

Kubada 30 ildən sonra etiraz aksiyası keçirilir - FOTO


Təbii ki, tarixə nəzər saldıqda Kubanın əsas müttəfiqinin ideoloji ortağı olan SSRİ olduğunu görmək mümkündür. Kommunist rejimin ada ölkəsində bu qədər uzun müddət ayaqda qalmasında da əsas faktor məhz Sovet hökumətinin yardımları idi. SSRİ üçün Kubanın əhəmiyyətini göstərmək üçün isə Soyuq Müharibə dövründə, yəni 1962-ci ildə baş verən “Körfəz böhranı” məsələsini xatırlatmaq kifayətdir. Belə ki, o dönəmdə rəsmi Moskva Kubaya nüvə silahı yerləşdirməklə, ABŞ-a bəlkə də tarxinin ən böyük təhdidini yaratmağı bacarmışdı.

Lakin Rusiya hökuməti sosialist rejimin süqutundan sonra da Havana hökuməti ilə əməkdaşlığını davam etdirib.

Belə ki, Kubanın əsas iqtisadi tərəfdaşı məhz Rusiyadır və kommunist hökumət SSRİ-nin süqutundan sonra hakimiyyətini davam etdirə bilməsini Moskvaya borcludur. Kubanın ən böyük ticarət tərəfdaşı da təasdüfi deyil ki, elə Rusiyanın özüdür. Eyni zamanda gələcək üçün Kremlin Kubaya böyük investisiya layihələri də nəzərdə tutulub. Təkcə ölkənin dəmiryolları sisteminin təkmilləşdirilməsi üçün Kubaya 1,5 milyar ABŞ dolları həcmində yatırımın edilməsi ilə bağlı razılaşma əldə olunub.

Bütün bu sadalanan faktlar isə ABŞ-ın Kuba hökumətinə qarşı atdığı addımların məhz rəsmi Moskvaya yönəldiyini iddia etməyə əsas verir.

Xüsusilə də, son dönəmlərdə ABŞ və Rusiya arasında artan gərginliyin fonunda Kuba yenidən “Soyuq Savaş”ın əsas mübarizə meydanlarından birinə çevrilib. Havana hökumətini hədəf alan rəsmi Vaşinqtonun niyyəti məhz Rusiyanın Latın Amerikasında nüfuzunu zəiflətməkdən ibarətdir.

Kuba isə ABŞ-ın sözügedən siyasətində ilk mərhələ deyil. Bundan əvvəl digər sosialist ölkəsi olan Venesuallada da oxşar etirazlar və hökumətin Ağ Evə qarşı ittihamları mövcud idi. Lakin ABŞ-ın Kuba ilə bağlı birdən-birə bu qədər radikal qərar qəbul etməsi gözlənilən deyildi. Çünki son illərdə rəsmi Havanada Vaşinqtona qarşı yumşalan ab-hava nəzərə çapmaqda idi.

Deməli, Rusiyaya mümkün qədər tez zərbə vurmaq niyyəti ABŞ-ı Kubanı qarışdırmağa vadar edib. 

Kommunist hökumətin isə Kreml üçün əhəmiyyəti xeyli böyükdür. Belə ki, rəsmi Moskva üçün hələ də dünyada hegemon dövlət olduğunu sübuta yetirmək üçün vacib amillərdən biri məhz, xarici ölkələrdə söz sahibi olmasıdır. Belə ərazilərdən biri olan Kubada hakimiyyətin əl dəyişdirməsi, Rusiyanın böyüklük iddiasına ağır zərbə olacaq. Eyni zamanda, Kubada hökumət böhranı Rusiya üçün ciddi iqtisadi itkilərə də səbəb ola bilər.

Belə ki, ABŞ-ın hədəflədiyi formada hakimiyyətin qurulması Rusiya investisiyalarının “batması” ilə nəticələnəcək.

Ümumilikdə isə, hazırki situasiya 21-ci əsrin Soyuq Savaşında daha radikal addımların atılacağının hələ ilk siqnallarıdır.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin