Üç Avropa nəhəngi HAZIRLIQLARA BAŞLADI – Köhnə qitə böyük müharibənin ASTANASINDA

Hazırda oxunan: Üç Avropa nəhəngi HAZIRLIQLARA BAŞLADI – Köhnə qitə böyük müharibənin ASTANASINDA

268527

Ukrayna müharibəsinin öz həllini tapmaması fonunda artıq Avropa ölkələri hərbi hazırlıqlarını artırmağa başlayıblar. Böyük Britaniya, Almaniya və Fransa kimi Avropanın aparıcı ölkələri həm öz hərbi potensiallarını genişləndirir, həm də Ukraynaya dəstəyi artırmaq barədə düşünürlər.

Bütün bunlar Tramp administrasiyasının Ukraynaya hərbi dəstək verməyi Avropanın boynuna atması fonunda daha intensiv xarakter almağa başlayıb.

Almaniya və Fransanın savaş hazırlığı

Son məlumatlara görə, Almaniyanın NATO-nun əsas logistika mərkəzi kimi roluna xüsusi diqqət yetirilir. Belə ki, Almaniyanın Mərkəzi Limanlar İttifaqı (ZDS) Almaniya Müdafiə Naziri Boris Pistoriusdan mümkün müharibəyə hazırlıq üçün müdafiə büdcəsindən 3 milyard avroya qədər vəsait ayrılmasını xahiş edib.

İttifaqın məktubunda qeyd olunur ki, limanlar hərbi ssenarilər üçün loqistika mərkəzi rolunu oynayır və müharibə vəziyyətində “ilk hücum xətti” kimi fəaliyyət göstərir.

Anoloji addımlar Fransa tərəfindən də atılmağa başlanılıb.

Məlumata görə, Fransa Səhiyyə Nazirliyi ölkədəki xəstəxanalara 2026-cı ilin mart ayına qədər müharibə şəraitinə hazır olmaları barədə göstəriş verib. Üstəlik, mülki və hərbi səhiyyə xidmətlərinin uyğunlaşdırılmasının zəruriliyi vurğulanıb.
 

Fransa mətbuatının yazdığına görə, bu qərar genişmiqyaslı hərbi qarşıdurma ehtimalı nəzərə alınaraq qəbul olunub. Nazirlik mümkün münaqişə zamanı çoxlu sayda yaralı hərbçinin Fransaya gətirilə biləcəyini nəzərə alır. Buna görə də səhiyyə sisteminin hərbi xəstələrin qəbuluna uyğunlaşdırılması tələb olunur.


NATO baş katibi Mark Rutte isə daha əvvəl Çinin Tayvana qarşı mümkün addımlarının, Rusiyanın isə eyni vaxtda NATO torpaqlarına yönələcək hücumlarının dünya miqyasında genişmiqyaslı münaqişə riskini artırdığını deyib. Bu əsasda da o, Qərb ölkələrini müdafiə xərclərini artırmağa səsləyib.

Müharibə Avropa İttifaqına da sıçrayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Rusiya kimi təcavüzkarı cilovlamaq üçün Avropa müharibəyə hazırlaşmağa məhkumdur:

“Avropa ölkələrinin liderləri görür ki, Rusiyanın aqressiyası nəinki azalmır, əksinə, Ukraynada uğur qazansalar, Kremlin iştahası daha da artacaq. Ona görə də Avropa ölkələri Rusiyanı təcavüzkar niyyətindən məhrum etmək üçün müharibəyə hazırlaşmağa məhkumdurlar. Bu məsələ çoxdan müzakirə olunur. Məqsəd də Ukraynanı gücləndirmək və ona hərbi yardımı real qüvvə şəklində göstərməkdir”.

Rusiyanın resursları tükənməkdədir.

Ekspertin fikrincə, müharibənin daha geniş masştaba yayılması ehtimalı böyükdür:

“Almaniya, Böyük Britaniya, Fransa da anlayır ki, Rusiyanın resursları, müharibə potensialı tükənməkdədir. Belədə başa düşürlər ki, Ukraynaya hərbi və digər baxımdan daha ciddi dəstək versələr, Rusiyanı çökdürəcəklər. Ona görə Avropanın aparıcı ölkələri də müharibə hazırlıqlarına başlayırlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin