Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Rusiyaya verdiyi 2 həftəlik möhlətin bitməsindən sonra ABŞ Prezidenti Donald Tramp ilk dəfə dünən Ukrayna məsələsinə toxunaraq müəyyən bəynatlarla çıxış edib.
Bəyanatında Tramp Putindən çox məyus olduğunu söyləyib. O, bildirib ki, Alyaskadakı sammitdən gözləntiləri özünü doğrultmasa, Vaşinqton özünün Rusiyaya münasibətdə mövqeyinə yenidən baxa bilər.
“Mənim Alyaskada Putinlə çox yaxşı görüşüm oldu. Görək o, nəyəsə gətirib çıxaracaqmı. Əks halda, fərqli mövqe tutacağıq”.
Amma Tramp fərqli mövqenin nədən ibarət olacağını açıqlamayıb.
Görəsən, bu fonda Tramp nəhayət Rusiyaya qarşı qəti addımlar atacaqmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Rusiya Ukrayna müharibəsi artıq bütün çərçivələri, bütün qırmızı xətləri keçərək, böyük humanitar böhrana səbəb olub:
“Bu durum dünyanı iki yerə bölüb. Belə vəziyyətdə problemin təcili şəkildə həll olunmasına ehtiyac var. Burada bir xalqın torpaqlarının işğal olunmasından, onun genetik resurslarının dağıdılmasından söhbət gedir. Ona görə də şərtlər nə qədər ağır olsa da, sülhə ehtiyac var”.
Deputatın fikrincə, Alyaskada baş tutan görüşdən sonra sülhün əldə edilməsi istiqamətində real addımların atılacağına olan ümidlər puç olmağa başlayıb:
Daha sərt və cəzalandırıcı vasitələr axtarılmalıdır.
“Rusiya müharibəni dayandırmır. Belə olan halda əlbəttə ki, ABŞ-ın başqa vasitələrə əl atmasına ehtiyac var. Ərazi güzəştindən tutmuş, hər cür digər güzəştlərə baxmayaraq, Moskva müharibəni davam etdirməkdə maraqlı olduğunu göstərməkdə davam edir.
Yumşaq, təşviqedici vasitələr müharibəni dayandırmırsa, fərqli, daha sərt və cəzalandırıcı vasitələri axtarmaq lazımdır. Dünya bunun axtarışındadır. Belə çıxır ki, artıq ABŞ Prezidenti Tramp da məhz bu istiqamətdə axtarışlara başlamalıdır.
Amma bu addımların özünün nə qədər effektiv olacağı da başqa bir sualdır.
Lakin bütün hallarda Vaşinqtonun mövqeyində əks istiqamətdə ciddi dəyişiklik olarsa, müxtəlif cəza və ya sərt tədbirlərin həyata keçirilməsilə bağlı qərarlar verilərsə, bəlkə də Rusiyanı dayandırmaq olar”.
Trampın son açıqlamasına gəldikdə, həmsöhbətimiz düşünür ki, səsləndirilən bu fikirlər hələlik onun tam qənaəti deyil:
“Görünür, bir qədər də gözləməli olacağıq ki, səsləndirilən bu fikirlərdən sonra real addımların atılması mərhələsi gəlib çatsın”.
Rüfət Sultan, Bizim.Media