Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini Vaşinqton razılaşmaları sürətləndirdi.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çindən qayıdarkən təyyarədə öz jurnalist heyətinə açıqlamasında bildirib.
“Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalar, şübhəsiz ki, münasibətlərin normallaşması prosesini sürətləndirdi.
Azərbaycan və Ermənistan sülh yolunda qarşıdakı maneələri böyük ölçüdə dəf edib və son mərhələyə çatıb. Mən Azərbaycan Prezidenti İlham Əliyevlə, daha sonra isə Ermənistanın Baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar apardım.
Hər iki görüşdə gördüm ki, həm Əliyev, həm də Paşinyan eyni mövqedədir… Sərhəd-keçid məntəqələrinin açılması, nəqliyyat marşrutlarının işə düşməsi və ticarətin canlanması ilə region ciddi müsbət impulslar qazanacaq. Regiondakı digər ölkələr də əməkdaşlığın yeni imkanlarından faydalana biləcək. Əminəm ki, gələcəkdə həm Rusiya, həm də İran narahatlıqlarının əsassız olduğunu anlayacaq” – Ərdoğan bildirib.
Zəngəzur dəhlizi məsələsinə gəlincə, Türkiyə lideri əlavə edib:
“Bu mövzuda heç bir problem və ya fikir ayrılığı yoxdur. Zəngəzur dəhlizinin açılması ilə regionumuzda sülh və sabitlik bərqərar olacaq, quru və dəmir yolu marşrutları fəaliyyət göstərəcək, sərhəd-keçid məntəqələri açılacaq. Bu, ilk növbədə ticarət olmaqla, bir çox sahələrə müsbət təsir göstərəcək”.
Bizim.Media