İsrail-İran gərginliyi yenidən PİK HƏDDƏ – Dağıdıcı müharibə XƏBƏRDARLIĞI

Hazırda oxunan: İsrail-İran gərginliyi yenidən PİK HƏDDƏ – Dağıdıcı müharibə XƏBƏRDARLIĞI

267451

Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Araqçi İsraillə yeni qarşıdurma ehtimalı barədə xəbərdarlıq edib.

İsraillə qarşıdurmanın yenidən başlama ehtimalı ilə bağlı sualı cavablandıran nazir deyib ki, hər şey mümkündür. O, İranın hər cür ssenariyə hazır olduğunu da vurğulayıb.

“Əgər onlar bu ssenarini təkrar etmək istəsələr, biz hazırıq. 12 günlük müharibə göstərdi ki, hərbi seçim uğursuzluqla nəticələndi. Buna görə də onların yenidən belə addım atacağına şübhə edirəm. Amma bu baş verərsə, onlar oxşar, lakin daha sərt cavabla üzləşəcəklər”,—deyə o bildirib.
 

Qeyd edək ki, iyunun 13-də İsrail İrana qarşı “Yüksələn Şir” adlı hərbi əməliyyata başlayaraq, bu ölkənin bir sıra mühüm hərbi obyektlərinə zərbələr endirib, həmçinin bir çox yüksək çinli məmur və generalları sıradan çıxarıb. İran isə öz növbəsində “Doğru vəd-3” adlı cavab əməliyyatı ilə İsrailin “dəmir gümbəzi”nin müəyyən qədər sarsıdılmasına nail olub. İyunun 22-də ABŞ da münaqişəyə qoşularaq, İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana zərbələr endirib. 12 günlük toqquşmalar nəhayət iyunun 24-də son qoyulur.


Araqçinin bu istiqamətdə son açıqlaması isə qarşıdurmanın yenidən alovlana biləcəyini düşünməyə əsas verir. 

İran-İsrail müharibəsi yenidən alovlana bilər?

Mövzu  ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli növbəti müharibə ehtimalını istisna etmədi:

“İranla İsrail arasında müharibənin yenidən alovlanmasını istisna etmək olmaz. Qəzzada İsrail tərəfindən yeni əməliyyatların baş vermə ehtimalı çox böyükdür. Digər tərəfdən, gözlənildiyi kimi Livan hökuməti də “Hizbullah”ın tərksilahı ilə bağlı qərar verib. Proses proksilərin İsrailə qarşı yeni müharibəyə başlamalarına doğru aparır. Bu fonda da İranın proksi qüvvələri müdafiə edəcəyi gözlənilir. Ona görə də İsrail-İran qarşıdurmasının bu dəfə əvvəlkindən daha təhlükəli səviyyədə yenidən alovlanması ehtimalı da gözləniləndir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin