"İran xalqı dəyişiklik, korrupsiyaya qarşı mübarizə, rifahın yaxşılaşdırılmasını tələb edir və bu tələb yeni hökumət tərəfindən yerinə yetiriləcək."
Bizim.Media xəbər verir ki, bunu yeni seçilən İran Prezidenti İbrahim Rəisi səsvermədən sonra ilk mətbuat konfransında deyib.
"İran xalqının mesajı dəyişiklikdir. İran xalqının mesajı ədalətə çatmaqla yanaşı korrupsiya, yoxsulluq və ayrı-seçkiliklə mübarizədir. Bu, yeni hökumətə yönlənən bir mesajdır", deyə Rəisi qeyd edib.
Onun sözlərinə görə, "hökumətin prioritetləri ticarət mühitini, insanların həyatını və hökumətdəki vəziyyəti yaxşılaşdırmaq, həmçinin inzibati sistemdə islahatlar və dəyişikliyə mane olan ənənəvi bürokratiyanın aradan qaldırılması olacaq”.
Nüvə razılaşması
Rəisi yeni İran hökumətinin müqavilədəki digər tərəflərin öz öhdəliklərini tam şəkildə yerinə yetirəcəyi təqdirdə nüvə anlaşmasını dəstəkləyəcəyini deyib.
"Bizim çağırışımız budur ki, razılaşma şərtlərinizi yerinə yetirməlisiniz, o zaman biz də öz şərtlərimizi yerinə yetirəcəyik. Bizim siyasətimiz nüvə anlaşması ilə başlamır və ya bitmir", deyə seçilmiş prezident əlavə edib.
Rəisiyə görə, "İran ölkənin maraqlarını təmin etmədikləri təqdirdə nüvə anlaşması mövzusunda danışıqlar aparmayacaq”.
Prezident vurğulayıb ki, İran ABŞ-ı Birgə Hərtərəfli Fəaliyyət Planı üzərindəki öhdəliklərinə qayıtmağa çağırır:
“Amerikalılar razılaşmaları pozdular və geri çəkildilər. Avropalılar da öhdəliklərini yerinə yetirmirlər. ABŞ öz öhdəliklərini yerinə yetirməli, avropalılar Amerikanın təzyiqinə tabe olmamalıdırlar”.
Rəisi qeyd edib ki, İranın raket proqramı beynəlxalq danışıqlarda müzakirə olunmamalıdır.
Vyanada, aprel ayından bəri İran ilə beynəlxalq "beşlik" (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) arasında İranın nüvə razılaşmasını orijinal şəkildə bərpa etmək məqsədi ilə üz-üzə danışıqlar aparılıb.
Üç iş qrupundakı mütəxəssislər Birgə Hərtərəfli Fəaliyyət Planının icrasını bərpa etmək üçün müqavilənin mətnini hazırlayırlar: ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi (ABŞ-ın yenidən razılaşmaya qayıtması) və İranın nüvə borclarını yerinə yetirməsi. Razılığa qatılan dövlətlərin nümayəndələri də 2018-ci ildə müqavilədən çıxan, lakin indi yenidən ona qayıtmağı düşünən ABŞ nümayəndə heyəti ilə ayrıca məsləhətləşmələr aparırlar. Vyanada Amerika emissarları ilə İran təmsilçiləri arasında birbaşa danışıqlar aparılmayıb.
Səudiyyə Ərəbistanı haqqında
Rəisiyə görə, Tehran ilə Riyad arasındakı dialoq və səfirliklərin qaytarılması üçün heç bir maneə yoxdur:
“Bizim prioritetimiz bütün ölkələrlə və xüsusilə qonşu dövlətlərlə münasibətlərdir”.
Rəisi vurğulayıb ki, Səudiyyə Ərəbistanı Yəmənin daxili işlərinə müdaxiləni ən qısa müddətdə dayandırmalı və bu ölkədəki müharibəyə son qoymalıdır.
İranlıların seçkilərdə iştirakı
Rəisi iranlıların prezident seçkilərindəki böyük iştirakları ilə dünyaya əhəmiyyətli bir mesaj verdiklərini deyib.
Xatırladaq ki, müasir İran tarixində on üçüncü prezident seçkiləri 18 iyunda keçirilib.
48.8 faiz seçicilərin iştirakı ilə baş tutan seçkilərdə Rəisi 17.9 milyon səs qazanıb (təxminən 62 faiz).
Bizim.Media