Xəbər verdiyimiz kimi, İranda keçirilən 13-cü prezident seçkilərinin nəticəsi məlum olub. Məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi İranda keçirilən 13-cü prezident seçkilərində ümumi səslərin 50%-dən çoxunu toplayaraq qalib gəlib.
Bizim.Media İranın yeni prezidenti ilə bağlı məlumatı diqqətinizə çatdırır:
MÖVZU İLƏ BAĞLI:
İbrahim Rəisi İranın prezidenti seçildi
İbrahim Rəisi 1960-cı il dekabrın 14-də Məşhədin Noqan məhəlləsində anadan olub. 5 yaşı olarkən atası Seyid Hacını itirən Rəisi uşaqlığını çətin şəraitdə keçirir. O, 15 yaşı olarkən Qum seminariyasına daxil olur. Rəisinin rəsmi tərcümeyi-halında onun beynəlxalq hüquq üzrə alimlik dərəcəsinin olduğu və Şəhid Morati Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru fəxri adını müdafiə etdiyi bildirilib.
1981-ci ildə Kərac şəhərinin prokuroru, sonradan Həmadan ostanının prokuroru olub. Paralel olaraq, onun universitet müəllimliyi də edib.
1985-ci ildə isə Tehran Baş prokurorunun köməkçisi təyin olunub. Rəisinin karyera yüksəlişi 3 il sonra ayətullah Ruhulla Xomeyninin diqqətini cəlb edir. İbrahim Rəisi xüsusi hüquq status alıb (məhkəmə təqibindən azad) və Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub.
Qeyd olunmalıdır ki, 1988-ci ilin iyulunda İranda solçu siyasi güclərə, o cümlədən İran Kommunist Partiyasının üzvlərinə qarşı repressiyalar təşkil olunur və həbsxanada saxlanılan 4482 məhbus 5 ay ərzində güllələnir. Buna etiraz edən ayətullah Hüseyn Əli Müntəziri həmin aksiyanın əsas təşkilatçıları olaraq 5 nəfərin, o cümlədən Rəisinin adını çəkir.
Rəisi Seyid Əli Xameneyi tərəfindən 1989-cu ildə Tehranın prokuroru təyin olunub. 1994-cü ildə vəzifəsini Məhəmməd Yezdiyə təhvil verən Rəisi 1994-2004-cü illər ərzində Ümumi Nəzarət Şurasının başçısı olub. Bundan sonra Ali Məhkəmə sədrinini müavini kimi 10 il fəaliyyət göstərən ayətullah 2014-2016-cı illərdə Baş prokuror səlahiyyətlərini icra edib.
İlk dəfə 2017-ci ilin fevralında Rəisinin prezidentliyə namizədliyi irəli sürülüb. Bu haqda təklifi “İslam İnqilabının Xalq Cəbhəsi” təşkilatı irəli sürmüşdü.
2017-ci il aprelin 14-də isə İbrahim Rəisi rəsmən prezidentliyə namizəd kimi qeydiyyatdan keçib. O, mühafizəkarların əsas namizədi sayılır və ölkənin ali dini lideri ayətullah Əli Xameneyi tərəfindən tam dəstəklənir.
İbrahim Rəisinin şəxsi həyatına gəlincə, o, Məşhədin ən nüfuzlu din xadimlərindən sayılan ayətullah Əhməd Ələmolhodanın qızı Cəmilə ilə evlidir. Cəmilə Alamolhoda Tehranın Şəhid Behəştu Uinversitetinin professorudur. Onların 2 qız övladı var.
Bizim.Media