Bu gün dünya iki qütbə bölündüyünü ELAN EDƏCƏK – Gözlər Cenevrədə 

Hazırda oxunan: Bu gün dünya iki qütbə bölündüyünü ELAN EDƏCƏK – Gözlər Cenevrədə 

25019

İyunun 16-da ABŞ prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş bütün dünyanın diqqət mərkəzindədir. Artıq həftələrdir maraqla gözlənilən görüşlə bağlı həm Ağ Evdən, həm də Kremldən çoxsaylı açıqlamalar mediyada işıq üzü görüb.

Hər zaman məsafəli olan ABŞ-Rusiya münasibətlərinin Co Baydenin prezidentliyə gəlməsindən sonra daha da gərginləşməsi heç kimə sirr deyil. Lakin normallaşma əldə olunmasa belə tərəflərin bir masaya oturmasının özü belə bir çox problemlərin həllində təməl rolunu oynaya bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Ukraynanın NATO-ya üzv olmasını əngəlləyə biləcəkmi? – BAYDENLƏ GÖRÜŞ GƏRGİN OLACAQ


Tərəflərin dünya ictimaiyyətinə çatdırdığı fikirlər iki dünya liderinin görüşünün hansı məcrada keçəcəyi və müzakirə olunacaq məsələlər haqda ilkin fikir yaratmaqda xeyli faydalı olub.

Ağ Ev: “Görüşün səmərəli keçməsini gözləyirik”

Ağ Evdən görüşlə bağlı gələn açıqlamalara nəzər salsaq, rəsmi Vaşinqtonun mövqeyində qəti olduğunu, lakin bəzi müsbət irəliləyişlərə nail olunacağına inamın da az olmadığını görmək mümkündür. 
 

Bayden: “Rusiya zərərli işlər görəcəyi təqdirdə, Vaşinqton sağlam və mənalı cavab verəcək. Avropa və başqa regionlarda demokratiyanın pozulmasına yönələn addımların qarşılığı olacağını ona bildirəcəm.”


Putini qatil adlandırmaqla Rusiyaya qarşı siyasətini hakimiyyətinin ilk günlərindən bəlli edən Baydenin açıqlamaları isə, əvvəlki qədər olmasa da, ABŞ rəhbərinin hələ də sərt anti-Putin fikirlərinin mövcud olduğunu göstərib.

Bununla belə, Baydenin Putinlə görüşdə bu cür sərt formada danışması inandırıcı görünmür. Çünki Soyuq Müharibə dönəmində belə iki supergücün liderləri arasında danışıqlar hər zaman qarşılıqlı hörmət ab-havasında keçib. Habelə Putinin öz şəxsiyyətini ölkəsinin maraqlarından daha yüksək tutması faktorunu nəzərə alsaq, Baydenin sərtliyinin yalnız ölkəsinin maraqlarında qəti olması formasında ortaya qoyacağını gözləmək olar.

Habelə Bayden görüşöncəsi açıqlamalarında ABŞ-ın Transatlantik İttifaqına bağlılığının “qaya kimi möhkəm” olduğunu bildirməsi, Avropada “Şimal Dəhlizi-2” layihəsinə qarşı rəsmi Vaşinqtonun öz nüfuzunu qorumaq üçün mühüm addımlar atacağının da ilkin “müjdə”sini verib.

Rusiyanın soyuqluğu

Vladimir Putin hər nə qədər “əməkdaşlıq ediləbiləcək məsələlər var” açıqlaması ilə görüşün daha mülayim keçəcəyi illuziyasını yaratsa da, sərt mövqeyini bildirməyi də unutmayıb. NATO-nun sözünü tutmamaqda ittiham edərək Şərqə doğru genişlənməsinə qarşı sərt fikirləri ilə Rusiyanın mövqeyində nə qədər qəti olduğu mesajını da verməkdən çəkinməyib.

Habelə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun “heç bir razılaşma planlaşdırılmır, lakin zirvə faydalı olacaq” açıqlaması görüş sonrası ciddi irəliləyişin əldə olunmayacağını bir daha sübut edib.

Həmçinin danışıqlarda müzakirə olunacaq məsələlərdən danışan Uşakovun sözlərinə görə Rusiya və ABŞ liderləri strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Ümumilikdə görüşdən əvvəl səsləndirilən fikirlər və mövcud situasiya Rusiyanın danışıqlarda daha maraqlı olması düşüncəsini yaratsa da, Qərbin düşücəsi heç də bu istiqamətdə deyil. Bir çox ABŞ mütəxəssisləri Rusiya ilə dialoqun həyati əhəmiyyətə malik olduğunu bildiriblər. Buna səbəb kimi isə mütəxəssislər Rusiyanın 2014-cü ildəki Krım “sürpriz”i kimi gözlənilməz addımlarını yalnız tərəflər arasında dialoqun mövcud olacağı təqdirdə əvvəlcədən proqzonlaşdırmağın mümkün olması ilə izah ediblər.

Gündəmdə Qarabağ da var

Prezidentin köməkçisi görüşöncəsi açıqlamasında bizim üçün maraqlı olan məqamlara da toxunub. Uşakov “Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər”- açıqlaması ilə Putin-Bayden qarşılaşmasını Azərbaycan üçün də əhəmiyyətli duruma gətirib.  
 

Qeyd edək ki, bir neçə gün öncə məhz Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əsir-xəritə mübadiləsində uğurlu nəticə qazanması müsbət tendensiya hesab olunsa da, Rusiyanın tərəflərarası danışıqların əsas təşkilatçısı olması səbəbindən bu anlaşma bəzi sualların da meydana gəlməsinə səbəb olub.


Putin və Baydenin Qarabağ haqqında müzakirəsinin də məhz vasitəçilik üzərinə olacağını proqnozlaşdırmaq mümkündür.

Ümumilikdə isə, liderlərin görüşünün uzun illərdir yüksəlib-alçalan xətlə davam edən ABŞ-Rusiya münasibətlərində yeni eranın başlanğıcı olacağı inandırıcı görünmür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin