Ukrayna müharibəsində atəşkəs məsələsinin əsas gündəm olmasına rəğmən, son günlər müharibənin daha da qızışdığının şahidi oluruq. Belə ki, martın əvvəlində Səudiyyə Ərəbistanında olan ABŞ Ukrayna danışıqlarında Kiyevin 30 günlük atəşkəsə razı olmasına, ardınca Trampla Putinin telefon danışığı fonunda Rusiya liderinin 30 gün müddətinə enerji infrastrukturlarına zərbə vurmağı dayandıracağı barədə verdiyi vədə rəğmən, hər iki tərəfin daha amansızlıqla döyüşləri davam etdirdiklərini müşahidə etməkdəyik.
Tərəflər açıq şəkildə bir-birinin yaşayış məntəqələrini də hədəf alırlar.
Hətta liderlərin telefon danışığından sonra Rusiya Ukraynanın enerji və nəqliyyat infrastrukturuna 150 dronla hücum edib. Rusiya Odessa şəhərinə güclü zərbə endirib. Ukrayna da öz növbəsində Rusiya ərazisindəki bir sıra enerji infrastrukturuna zərbələr endirib. Hətta Ukrayna ordusunun Rusiyanın Belqorod vilayəti istiqamətində bir qədər irəlilədiyi barədə məlumatlar da var.
Yəni prosesin gedişi onu deməyə əsas verir ki, tərəflər sözdə 30 günlük atəşə ümumən razılıq versələr də, əməldə müharibənin miqyasının daha da genişləndiyi hiss olunur.
Sülh planı iflasa uğradı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, toqquşmaların intensivləşməsi gözləniləndir və belə vəziyyət sülh planını heç də puça uğratmır:
“Atəşkəs razılığına baxmayaraq, ona əməl edilməyəcəyi ümumiyyətlə gözlənilən idi. Rusiya ilə Ukrayna nümayəndələri arasında müxtəlif platformalarda görüşlərin keçirilməsi yaxınlaşdıqca toqquşma ehtimalları daha da böyüyür. Çünki hər bir tərəf aktiv döyüş əməliyyatlarının arxa plana keçəcəyini gördüyü üçün bəri başdan əllərini möhkəmləndirməyə çalışırlar. Bunun üçün də cəbhədə daha çox üstünlük əldə etməyə cəhdlər edirlər”.
Bu mənada həmsöhbətimiz düşünür ki, Kursk ətrafı və başqa yerlərdə hazırda gedən aktiv döyüş əməliyyatları sülh planını puça uğratmır:
“Əksinə, danışıqlar mərhələsinin hər bir epizodu üçün bu şəkildə qarşılıqlı toqquşmaların olması həm Kiyev, həm də Moskvanın öz tələblərini daha çox müdafiə etmələrinə zəmin yaradır. İstənilən halda indiki məqamda bu tip toqquşmalar bölgə ilə bağlı proseslərə beynəlxalq ictimaiyyəti daha çox cəlb etməyə sövq edir”.
Digər tərəfdən, ekspertə görə, atəşkəs məsələsi gündəmdə olan dövrdə döyüşlərin aktivləşməsi hər iki tərəfə yeni tələblər irəli sürmək üçün bir zəmin hazırlayır:
“Hər iki dövlət dünya ictimaiyyətinin marağının bu istiqamətdə qalmasını istəyir. Belədə həmçinin danışıqlar mərhələsinin gücləndirilməsi üçün daha çox təşviqlərin ortaya çıxmasına zəmin yaratmağa çalışırlar”.
Politoloq Abutalıb Səmədov hesab edir ki, Trampın sülh planı hələlik pozulmayıb:
“Tramp Ukraynada sülhü təmin etmək üçün bütün addımları atmaq əzmindədir. Ukrayna çıxılmaz vəziyyətdə olduğundan atəşkəsə getmək məcburiyyətində qaldı. Rusiya atəşkəsə razılıq versə də bunun üçün bir neçə məsələnin həll olmasını vacib bildi. Son nəticədə yalnız enerji obyektlərinin vurulmaması barədə razılıq əldə olundu”.
A.Səmədovun fikrincə, indiki məqamda Rusiyanın əsas məqsədi atəşkəsdən sonra başlayacaq sülh danışıqlarında maksimum əlverişli mövqe əldə etməkdən ibarətdir:
“Kurskda Ukraynanın əlində kiçik bir hissə qalıb. Yaxın 15-20 gündə Rusiya atəşkəsə razılıq verməni uzadıb, bu müddətdə əlavə ərazilər işğal edib, daha əlverişli şərtlərlə sülhə nail olmaq istəyir. Tramp da bu məsələdə Putinlə qarşıdurmaya getmir. Anlayır ki, Putinlə qarşıdurma onun planlarını poza bilər. Putin də Trampın ondan üz döndərməsini istəmir. Bu səbəbdən “yox” demir, ancaq çalışır ki, sülh danışıqlarına daha əlverişli şərtlərlə başlasın”.
Politoloq hesab edir ki, yaxın günlərdə bu istiqamətdə müəyyən irəliləyiş və atəşkəsə nail olmaq mümkün olacaq:
“Bu müddət ərzində Rusiya müəyyən əraziləri işğal edə bilsə, danışıqlara daha əlverişli şərtlərlə başlayacaq. Bunun əksi olduqda isə artıq atəşi davam etdirməyin əhəmiyyətinin olmadığını dərk edəcək. Yəni Trampın sülh planı hələ ki, pozulmayıb. Güman ki, Tramp bu ilin sonuna qədər sülh olanını reallaşdıracaq”.
Rüfət Sultan, Bizim.Media