Almaniya köhnə günlərinə QAYIDIR – III Dünya Müharibəsini də onlar BAŞLADACAQ?

Hazırda oxunan: Almaniya köhnə günlərinə QAYIDIR – III Dünya Müharibəsini də onlar BAŞLADACAQ?

240100

Almaniya 2-ci Dünya Müharibəsindən bəri hərbi müstəvidə ən böyük addımı atdı. Belə ki, Almaniyanın yeni seçilmiş kansleri Fridrix Merts müdafə xərclərini məhdudlaşdıran limitlərin ləğvi ilə bağlı təşəbbüs irəli sürüb. Bundestaqın 734 deputatından 520 nəfər təklifin lehinə səs verib.

Bundan əlavə, Merts Almaniyanın müdafiə xərclərinin artırılması üçün 500 milyard avroluq infrastruktur fondu yaratmaq niyyətindədir.

Bununla Almaniyanın hərbi xərci Çin və Rusiyanın birlikdə götürülən hərbi xərcindən də çox olacaq.

Bu addımlar nəyin göstəricisidir? Almaniya müharibəyə hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılov düşünür ki, Almaniyanın bu addımı heç də hansısa gözlənilən müharibə ehtimalları ilə bağlı deyil, sadəcə olaraq, çağdaş ümumi siyasi mənzərənin bir göstəricisidir:

“Ümumiyyətlə, son dövrlər Avropa İttifaqı daxilində ciddi narahatlıqlar mövcuddur. Hansı ki, bu narahatlıq özünü Almaniyada da göstərir. Dəyişən dünyanın yenidən formalaşdırılması, siyasi konfiqurasiyaların tamamilə fərqli və başqa məcrada yenidən inşa edilməsi Avropa daxilində də təkcə siyasi anlamda deyil, hərbi baxımdan da yeni addımların atılmasını labüd edir”.

Ekspert qeyd edir ki, özəlliklə Donald Trampın Prezident seçilməsindən sonra ABŞ-la Rusiya arasında razılaşmaların, Pekinlə Vaşinqton arasında soyuq müharibə ehtimallarının dərin əməkdaşlıq formatına keçməsilə bağlı ciddi gözlənti və proqnozlar Avropa ölkələri daxilində də yenidən təmərküzləşməyə rəvac verib:

“Amerika-Avropa siyasi ittifaqı artıq öz məcrasını itirib. Bunu nəzərə alan Almaniya da digər Avropa ölkələri kimi hərbi xərclərini daha çox artırır. Çünki Berlinin Aİ və NATO-ya inamı o qədər də güclü deyil. Aİ daxilində həm də ciddi siyasi konfliktlər hökm sürür. Aİ ilə ABŞ arasındakı siyasi konfrantasiya da dərinləşir. Bütün bunların fonunda Berlin də hərbiləşməyə getməyə məcbur olur. Bu isə Almaniyanın hansısa gözlənilən müharibə ehtimalları ilə bağlı deyil. Sadəcə olaraq, artıq dünyada hər bir ölkənin yeni baxışlarını özündə ehtiva edən çağdaş ümumi siyasi mənzərənin bir göstəricisidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin