Trampın Ukraynadan tələb etdiyi nadir torpaq minerallarından harada İSTİFADƏ OLUNUR? – ARAŞDIRMA

Hazırda oxunan: Trampın Ukraynadan tələb etdiyi nadir torpaq minerallarından harada İSTİFADƏ OLUNUR? – ARAŞDIRMA

237993

Məlum olduğu kimi, ABŞ-da hakimiyyətə gəldikdən sonra Donald Tramp Ukrayna ilə nadir torpaq mineralları haqqında saziş imzalamaq istəyini açıq şəkildə ifadə edib. Nəzərdə tutulan sazişə əsasən, Ukrayna icarə haqları, faydalı qazıntılara lisenziyalar və infrastruktur obyektlərindən əldə olunan dividendlərin 50 faizini Ukrayna və ABŞ Bərpa Fonduna yönəldəcək. Üstəlik, Ukraynanın təbii sərvətlərinin ABŞ şirkətləri tərəfindən emalı da sazişdə öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gizli razılaşmanın detalları ÜZƏ ÇIXDI – Ukraynada sülh bu yolla təmin OLUNACAQ


Xatırladaq ki, fevralın 28-də sözügedən sazişin imzalanması nəzərdə tutulurdu. Lakin Trampla Zelenski arasında yaşanan mübahisədən sonra Ukrayna lideri sazişi imzalamadan Ağ Evi tərk etdi. Buna baxmayaraq, Zelenski martın 4-də nadir torpaq mineralları haqqında sazişi imzalamağa hazır olduğunu bəyan edib.

Bəs söhbət hansı sərvətlərdən gedir?

Zelenskinin ofisinin müşaviri Mixail Podolyak İtaliyanın “La Repubblica” açıqlamasında Vaşinqtonla danışıqlarda litium və titan yataqlarından söhbət getdiyini təsdiqləyib.

“Forbes” jurnalının Ukrayna bölməsi 2023-cü ildə ölkədəki nadir torpaq mineralları 15 trilyon dollar səviyyəsində dəyərləndirib. Bu məbləğin 2/3-dən çoxu Donbass və Dnepropetrovsk vilayətlərindəki nadir metal ehtiyatlarının payına düşür.

“Dixi Group” beyin mərkəzinin nadir yeraltı metallar barədə hazırladığı xəritədə Ukraynanın şərqində stronsium, mərkəzində sirkonium, qərbində skandium, şimalında berillium və cənubunda litium yataqları göstərilir. İlkin hesablamalara görə, Ukraynanın litium ehtiyatları 500 min ton təşkil edir.

Amerikanın “OilPrice” portalı isə Kiyevin dörd litium yatağından ikisinə nəzarəti itirdiyini bildirib. Ekspertlərin fikrincə, Rusiyanın nəzarətinə keçən Ukraynanın enerji, metal və mineral ehtiyatlarının dəyəri 12,4 trilyon dollar civarındadır.

Nadir torpaq elementlərinin istifadə olunduğu sahələr

Qeyd edək ki, nadir torpaq elementləri müasir texnologiya və sənayedə geniş istifadə olunan və oxşar kimyəvi xüsusiyyətlərə malik 17 elementə verilən addır. Onlardan smartfonların, kompüterlərin, tibbi cihazların və oxşar məhsulların istehsalında mühüm rol oynayırlar.

Bu cür elementlərdən - skandium, itrium, lantan, serium, praseodimium, neodim, prometium, samarium, europium, gadolinium, terbium, diprotium, holmium, ertium Ukraynada mövcuddur.

Skandiumdan batareya, yanacaq sistemləri, motor hissələrinin hazırlanmasında, o cümlədən silah sənayesində geniş istifadə olunur. Praseodimium isə aviasiya sənayesində, xüsusən təyyarə istehsalında mühüm əhəmiyyətə malikdir.

Ukraynadakı ən dəyərli maddələrdən biri olan lityumun istifadə arealı isə daha genişdir. Bu maddədən ‪batareya istehsalında, sürtkü və ərinti sərtləşdirici ‪maddələrin tərkibində, A vitamini sintezində, ‪nüvə stansiyalarında soyuducu mexanizmlərdə və ‪raket itələyici qüvvə təmin edilməsində istifadə edilir.

Titan maddəsi dözümlülüyünə görə kosmik sənayedə, reaktiv mühərriklərin hazırlanmasında əsas element hesab olunur.

Ukraynadakı digər nadir elementlərdən isı elektronika, nano-texnologiya, robot sənayesi, energetika, tibb, silah sənayesi, mikroçip istehsalı kimi onlarla sahədə istifadə olunur.

Həmin elementlər nə üçün vacibdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Ukraynada olan nadir zəngin təbii sərvətlər müasir nano texnologiyalar, elektromobillərdən tutmuş, perspektivdə tətbiq olunan ən müasir məhsullar üçün mühüm xammal bazasını təşkil edir:

“Zəngin təbii sərvətlərə malik ölkələr çoxdur, Əfqanıstanda da var. Ancaq Ukraynada onun hasilatını təşkil etmək daha rahatdır. Çünki bütün kommunikasiya və texnologiyaları tətbiq etmək imkanında olan bir ölkədir. Bu mənada Ukraynanın nadiq təbii sərvətlərindən istifadə ABŞ üçün strateji baxımdan vacibdir. Hazırda müasir nanotexnologiyaların istifadəsində həmin nadir təbii sərvətlərdən istifadə olunur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin