ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Ağ Evdə baş tutan görüşdəki çəkişmə Ukraynaya baha başa gəlib.
Belə ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılmasına dair əmr imzalayıb. Bu barədə Ağ Ev məlumat yayıb.
“Prezident açıq şəkildə sülhü hədəflədiyini elan edib. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasını istəyirik. Biz yardımımızı dayandırırıq və onun həllə töhfə verməsini təmin etmək üçün nəzərdən keçiririk”, - deyə məlumatda bildirilib.
Yardımların yalnız Ukrayna rəhbərliyinin sülhə sadiqliyini nümayiş etdirdiyi təqdirdə bərpa olunacağı qeyd olunub:
“Hazırda Ukraynaya hələlik çatdırılmamış, bütün ABŞ hərbi texnikası, o cümlədən təyyarələrdə və gəmilərdə daşınmaqda olan və ya Polşada tranzit məntəqələrində gözləyən silahların tədarükü dayandırılacaq”.
ABŞ-ın hərbi yardımından məhrum olmasına rəğmən Ukrayna isə müharibəni davam etdirməkdə israrlı görünür. Halbuki, Amerika yardımlarından məhrum olduqdan sonra Ukraynanın müqavimət gücü xeyli dərəcədə zəifləyəcək. Hətta Avropa İttifaqı ölkələri Kiyevə hərbi yardımı davam etdirsələr belə, Vaşinqtonun dəstəyindən məhrum olan Kiyev daha əvvəlki tək savaşa bilməyəcək.
Bu isə o deməkdir ki, müharibənin davam etməsi fonunda Ukrayna daha bir çox əraziləri itirə bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu bildirir ki, ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq Ukraynaya baha başa gələcək:
“Ağ Ev adminstrasiyası xəbər verdi ki, ölkə Ukraynaya hərbi yardımları dayandırır. Tramp da Ukrayna sülh istəməyənə qədər yardımları dayandıracağını bildirib. Hesab edirəm ki, Vaşiqtonun bu addımı ciddi nəticələrə gətirib çıxaracaq. Tramp Av Evdəki görüş zamanı demişdi ki, ABŞ-ın yardımı olmasaydı, müharibə Rusiyanın xeyrinə iki həftəyə bitərdi. Həqiqətən də proseslərin başlanması və davam etməsində ABŞ-ın böyük rolu olub”.
Bu baxımdan həmsöhbətimiz hesab edir ki, Zelenskinin ABŞ-ın dəstəyi olmadan müharibəni davam etdirməkdə israrlı olması sadəcə olaraq kütləyə hesablanmış davranışdır:
“Avropa ölkələrinin Parisdə keçirdikləri son iki sammit nəticəsiz fiaskoya uğradı. London sammitində isə Britaniya baş naziri Starmer bildirib ki, ABŞ-ın Avropa və Ukraynanın təhlükəsizliyində rolu əvəzsizdir. Bu təxminən Çörçilin 1946-cı ildəki Fulton nitqinə bənzəyir. O da kommunist təhlükəsinə qarşı mübarizədə Avropanı ABŞ-ın rəhbərliyi altında birləşməyə çağırırdı. Starmer də dəfələrlə bildirdi ki, Vaşinqtonla hesablaşmaq lazımdır. O, həmçinin sülh planını hazırlayıb, ABŞ-a təqdim edəcəklərini də dedi. Avropa siyasi və iqtisadi cəhətdən ABŞ-dan çox asılıdır”.
Belə olan halda, ekspert zənn etmir ki, Avropa ABŞ-ın iradəsinə zidd davranış sərgiləsin:
“Avropada Ukrayna məsələsində mütəşəkkillik yoxdur, fikir ayrılığı var. Starmer onu da qeyd edib ki, gələcəkdə Ukraynaya dəstək və sülhməramlı missiyanı həyata keçirmək üçün könüllülər və yaxud arzulayanlar koalisiyası yaradılacaq. Bunun özü də qeyri-müəyyən yanaşmadır.
Hesab edirəm ki, Avropanın aparıcı dövlətləri irəli çıxıb Ukraynanın təhlükəsizliyilə bağlı məsuliyyəti öz üzərlərinə götürməyəcəklər. Tramp isə qəti mövqe bildirərək, bütün məsuliyyətin Zelenskinin üzərində olduğunu bildirib. O, baxımdan hesab edirəm ki, Kiyev ABŞ-ın diktəsini yerinə yetirməzsə, Ukrayna üçün çox ağır olacaq. Belədə, yeni-yeni əraziləri itirməli olacaqlar. Bu gün Rusiya üstün mövqedədir”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 05.03.2025
Zelenski üçün kritik İKİ HƏFTƏ – Ukrayna bu əraziləri də İTİRƏCƏK...
Hazırda oxunan: Zelenski üçün kritik İKİ HƏFTƏ – Ukrayna bu əraziləri də İTİRƏCƏK...
Hazırda oxunan: Zelenski üçün kritik İKİ HƏFTƏ – Ukrayna bu əraziləri də İTİRƏCƏK...
237648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.