Yaponiyanın İvate prefekturasında təxminən bir həftədir davam edən meşə yanğınları 2,6 min hektara yaxın əraziyə yayılıb.
Bizim.Media NHK telekanalına istinadla xəbər verir ki, meşə yanğınları səbəbindən indiyədək təhlükəli ərazilərdə yaşayan 1,2 mindən çox insan təxliyə olunub.
Hakimiyyət orqanları alovla mübarizəyə 2 minə yaxın yanğınsöndürən və hərbçinin, həmçinin orduya məxsus helikopterlərin cəlb edildiyini bildirib.
Ölkədə 1980-ci illərdən bəri ən böyük yanğın adlandırılan təbii fəlakət 35 min insanın yaşadığı Ofunato yaşayış məntəqəsinin təxminən səkkiz faizini məhv edib, yüzə yaxın ev külə dönüb. Ötən həftə Ofunatoda bir nəfərin cəsədi tapılsa da, onun ölümünə yanğının səbəb olub-olmadığı hələ məlum deyil.
Sinoptiklər bu gecə və çərşənbə günü səhər saatlarında bölgəyə qar yağacağını proqnozlaşdırırlar ki, bu da yanğınla mübarizəyə kömək edə bilər.
Bizim.Media