Xaosun hakim olduğu dünya SİYASƏTİ – Sağ qalmaq üçün YEGANƏ YOL – TƏHLİL

Hazırda oxunan: Xaosun hakim olduğu dünya SİYASƏTİ – Sağ qalmaq üçün YEGANƏ YOL – TƏHLİL

237484

Son günlərdə dünya siyasi arenasında analoqu görünməyən hadisələr baş verir. Xüsusilə də, Ukrayna müharibəsi ətrafında yaşananlar bütün proqnozları alt-üst edib.

Ən yaxın müttəfiqin düşmənə çevrilməsi

Trampın 2-ci dəfə ABŞ Prezidenti seçilməsindən sonra Ağ Evin Kiyevlə əlaqələrində radikal dəyişikliklər başladı. Tərəflər arasında münasibətlərdə gərginlik yüksəldi. İş o həddə çatdı ki, Tramp açıq şəkildə Zelenskini diktator adlandırdı. Ancaq bu açıqlamadan 2 gün keçməmiş Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamaq üçün ABŞ-a yola düşəndə vəziyyət yenidən dəyişdi. Belə ki, Donald Tramp Zelenskini 2 gün əvvəl diktator adlandırdığını belə təkzib etdi.

Məsələ bununla da bitmədi...

Ağ Evdə Tramp və Zelenski arasında baş tutan görüş sözün həqiqi mənasında bütün dünyanı şoka saldı. Əvvəla ona görə ki, bütün diplomatik etiket qaydaları bir kənara atıldı, bağlı qapılar arxasında aparılmasına alışdığımız danışıqlar canlı yayımda bütün dünyaya nümayiş etdirildi. Təbii ki, baş verənlər siyasi dialoqdan çox, söz savaşını xatırladırdı. Tərəflər bir-birilərinin ünvanına açıq şəkildə təhdid və ittihamlar səsləndirdilər.

Sonda isə imzalanması nəzərdə tutulan saziş də yaddan çıxdı və Zelenski tələm-tələsik Ağ Evi tərk edib Böyük Britaniyaya üz tutdu. Yəni bir neçə günün içərisində köhnə müttəfiqlər siyasi rəqiblərə çevrildilər.

Avropa cəngəlliyi

Xatırlayırsınızsa, bir müddət əvvəl Cozef Borrell Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi təsvir etmişdi. Ancaq son günlər Avropa siyasi arenasında baş verənlər tamamilə əksini göstərir. Artıq Avropanın özü cəngəlliyi xatırladır.

Tramp administrasiyasının ABŞ-ın xarici siyasətini 180 dərəcə dəyişməsi Avropada xaosun yaranmasına səbəb olub. Köhnə qitə Ağ Evin dəyişən siyasəti fonunda sözü bir araya qoyub, yekun qərara gələ bilmir. Ələxüsus da ona görə ki, dünənə qədər Aİ-nin təhlükəsizliyinin açarı ABŞ-ın əlində idi. Bu gün isə ABŞ-ın həmin açarları özünə qaytarması Avropanı bağlı qapılar arxasında qoyub.

İş o yerə gəlib çatıb ki, dünənə qədər NATO-nun 2 faizlik hərbi xərc kvotasını belə ödəməyən ölkələr bir neçə günün içində hərbi sahəyə milyardlar ayırmağı müzakirə edirlər. Çünki dünənə qədər köhnə qitənin başbilənləri öz güclərinə, müstəqil siyasətlərinə deyil, ABŞ-ın himayəsinə arxalanırdılar.

Azərbaycan modeli

Göründüyü kimi, müstəqil siyasət aparmaq yerinə ABŞ-ın peyki olmağı seçən ölkələr indi çətin duruma düşüblər. Ancaq onlar vaxtında öz müstəqil siyasətlərini formalaşdırmaq, təhlükəsizliklərinə diqqət ayırmaq yolunu seçsəydilər, indi bu cür anarxiya ilə üz-üzə qalmazdılar.

Baş verənlər kontekstində, Azərbaycanın xarici siyasətdə ən doğru yolu seçdiyi bir daha sübut olunur. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz son bir neçə il ərzində tarixi uğurlara imza atıb. Məhz müzəffər Ali Baş Komandanın ən doğru zamanlarda ən dəqiq qərarları verməsi nəticəsində bu gün ərazi bütövlüyümüz bərpa olunub, güclü Azərbaycan fenomeni formalaşıb.

Əvvəllər Qarabağ məsələsindən Azərbaycana qarşı istifadə edən böyük güclərin də əlində ölkəmizə qarşı hər hansı ciddi təsir “rıçak”ı qalmayıb.

Qlobal xaosda sağ qalmağın yeganə metodu

“Cəngəllik qanunları” dedikdə ilk növbədə ağılagələn “güclü zəifi yeyir” reallığıdır. Ona görə də mövcudluğunu qorumaq üçün güclü olmaq lazımdır. Siyasi arenada güclü olmaq istəyən dövlətlər üçün isə ən effektiv yol dövlət-xalq həmrəyliyinin möhkəmləndirilməsidir. Çünki dövlət xalqla bir olduqdan xarici təzyiqlərə sinə gərmək xeyli asanlaşır.

Ancaq bu birlik olmadıqda, hazırda Avropada yaşanan hadisələrin baş verməsi qaçılmaz olur. Necə ki, indi Aİ-də xalqın heç olmasa, 40 faizinin belə etimad göstərdiyi lider tapmaq müşkülə çevrilib. Belə olan halda isə nə dövlət-xalq birliyindən, nə müstəqil siyasətdən, nə də təhlükəsizlikdən söhbət gedə bilər.

Nəticə olaraq deyə bilərik ki, Azərbaycan “cəngəllik qanunları”nın hökm sürdüyü hazırki beynəlxalq münasibətlər fonunda daim güclü olmalıdır. Bunun üçün isə xalq-dövlət birliyini ön planda tutmaq ən vacib şərtdir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin