“Bir iş adamı və dövlət xadimi kimi maliyyə məsələsi Tramp üçün əsas narahatlıq doğuran mövzulardan biridir. O başa düşür ki, Ukraynaya ayrılan böyük həcmdə vəsait, bəlkə də, ABŞ və onun xalqı üçün boş yerə xərclənib və təbii ki, bu vəsaitlərin hesabatını tələb edir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
Trampın ölkəsinin Ukraynaya ayırdığı vəsaitləri tələb etməsini, Rusiya-ABŞ arasındakı yaxınlığı şərh edən analitik bildirib ki, Amerika liderinin rəsmi Kiyevdən maliyyə hesabatı tələb etməsi olduqca normaldır.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna bölünmə təhlükəsi ilə ÜZ-ÜZƏ – “Bu ərazilər Rusiyanın nəzarətində qalacaq”
“Ukraynaya ayrılan vəsaitlərin bir hissəsi itib. Buna görə də Tramp indi bu xərclənən vəsaitlərin auditini aparmağı və pulların hara getdiyini anlamağı planlaşdırır. Ona vəsaitlərin oğurlanması xoş deyil, çünki Tramp hesab edir ki, bunu məhz Zelenski edib. Məhz buna görə Tramp və Zelenski bu mövzuda qarşıdurma yaşayacaqlar. Zelenski bir şey deyəcək, müəyyən məbləğlər göstərəcək və yardımları kiçildəcək, Tramp isə başqa məbləğlər göstərəcək və bəlkə də, onları şişirdəcək. Ancaq məhz bu audit vasitəsilə Tramp Zelenskiyə bu vəsaitlərin hara getdiyini sübut etməyə çalışacaq”, - deyə D.Qrevtsova bildirib.
Analitik Rusiya-ABŞ münasibətlərindəki yaxınlığa diqqət çəkərək əlavə edib ki, Qərb həqiqəti görür və lüzumsuz yerə maliyyə xərcləmək istəmir.
“Tramp səmimi şəkildə öz xalqı, amerikalılar üçün narahatdır. Rusiya ilə münasibətləri də onun üçün nə qədər faydalı olub-olmaması üzərində qurulacaq. Əgər Rusiya ilə əməkdaşlıq etmək Trampa sərf edəcəksə, o bunu edəcək, əgər sərf etməsə, əməkdaşlıq etməyəcək. O, burada Rusiya ilə yaxşı münasibətləri deyil, bütün əlaqələrin praqmatik xarakter daşımasını və ilk növbədə ABŞ xalqına fayda verməsini istəyir”.
Digər məsələ isə Çinlə bağlıdır. Rusiya ilə Çin yaxınlaşması Qərbi oyundankənar vəziyyətə salır:
“ABŞ xalqı üçün Rusiya ilə Çinin iqtisadi baxımdan yaxınlaşmaması faydalıdır. Tramp çox yaxşı başa düşür ki, tətbiq olunan sanksiyalar Rusiya və Çini birləşməyə məcbur edir və bu, onun üçün əlverişli deyil. Buna görə də o, praqmatik bir siyasətçi kimi müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıqdan mümkün qədər böyük iqtisadi qazanc əldə etmək üçün əlindən gələni edəcək. Göründüyü kimi, Trampın hazırda Rusiya ilə əməkdaşlıq etməməkdən daha çox əməkdaşlıq etməyə əsasları var. Buna görə də onun Rusiya ilə nisbətən müsbət münasibəti məhz praqmatik maraqlarına əsaslanır”, - deyə D.Qrevtsova əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Prezident Donald Tramp müharibə dönəmində ABŞ-ın Ukraynaya 350 milyard dollar həcmində yardım etdiyini açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin ABŞ-dan 100 milyard dollar həcmində yardım aldığını açıqlayıb.
Tehran Orucoğlu, Bizim.Media