Ərdoğan-Bayden görüşündə nə müzakirə olunacaq? – SƏRT SUALLAR 

Hazırda oxunan: Ərdoğan-Bayden görüşündə nə müzakirə olunacaq? – SƏRT SUALLAR 

23505

İyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında NATO-nun zirvə konfransı çərçivəsində görüş keçiriləcək. 

Son illərdə iki ölkə arasında soyuqlaşan münasibətlər Baydenin aprelin 24-də 1915-ci il hadisələrindən danışarkən “erməni soyqırımı” ifadəsini işlətməsi ilə daha da pisləşib. Mövcud situasiya fonunda liderlərin görüşünün Türkiyə-ABŞ əlaqələrinin yeni seyrini müəyyənləşdirəcəyi gözlənilir.

Liderlərin görüşündə əsas müzakirə mövzularından biri “S-400” böhranı olacaq.

NATO-nun iki ən güclü nümayəndəsi arasında uçurum yaradan ən önəmli problem Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemlərini idxal etməsi olub. ABŞ-ın qəzəbinə səbəb olan bu hadisə, Türkiyəyə qarşı sanksiyaları da özü ilə birlikdə gətirib.

Türkiyənin ABŞ-a qarşı mövqeyini daha da kəskinləşdirən digər məsələ isə, rəsmi Vaşinqtonun Suriyada kürd terrorçularını dəstəkləməsi olub. İŞİD-ə qarşı mübarizədə fəal şəkildə istifadə olunan və Ağ Evin açıq dəstəyi ilə Türkiyə sərhədlərində müstəqil siyasət yürüdən YPG qüvvələrinin yavaş-yavaş müstəqil dövlətə çevrilməsi rəsmi Ankaranın haqlı narazılığına səbəb olub. Qonşuluğunda düşmən qüvvənin böyüməsinə qarşı çıxan Ərdoğanın Baydenlə görüşdə bu problemi qabardacağı güman olunur.

“S-400” və Suriya böhranından əlavə tərəflər arasında mövcud olan daha xırda problemlərin gündəmə gətiriləcəyi gözlənilmir.

Ümumilikdə, Baydenin hakimiyyətə gəlişindən sonra Vaşinqton və Ankara arasındakı diplomatiya trafikinin sıxlılğı diqqət çəkməkdədir. İki ölkə rəsmilərinin açıqlamarı tərəflərin mövqelərini açıq şəkildə ortaya qoymaqla görüşün mümkün ssenarisi haqqında fikir bildirməyə imkan yaradır. 

Türkiyənin Suriya krizisində qərarlı mövqeyindən geri addım atması inandırıcı görünmür. Çünki qonşuluğunda terrorçu təsisatın yaranması, Türkiyədə vaxtaşırı qabaran PKK probleminin də böyüməsi ilə nəticələnə bilər.

ABŞ tərəfi mövcud status-kvonun qorunmasında maraqlı olduğu halda Türkiyə problemlərin həllinə daha çox meyilli görünür. Rəsmi Vaşinqtonun mövqeyində qəti olması da müşahidə edilir. Türkiyənin “S-400”-ləri aktivləşdirməsinin qarşısını almaq üçün Baydenin bir sıra məsələlərdə güzəştə getməsi mümkündür.

Tərəflərin ortaq nöqtəyə gələ biləcəyi problemlər isə Liviya və Əfqanıstan ola bilər.

Sadalanan məsələlərdə hər iki ölkənin oxşar maraqlarının olması əməkdaşlığa uyğun zəmin yaradır. Liviyada Türkiyənin varlığı, geosiyasi cəhətdən ABŞ üçün xoş olmasa da, Rusiya dəstəkli qüvvələrə qarşı ortaq düşmənçilik razılaşmanı reallaşdıra biləcək əsas faktor ola bilər. 

Əfqanıstanda Türkiyənin varlığının isə ABŞ üçün çox mühüm əhəmiyyəti var. Çinin sözügedən bölgədə güclənməsinin Ağ Ev üçün qəbuledilməz olduğunu nəzərə alsaq, rəsmi Ankaranın sülhyaratma fəaliyyətində aktiv iştirakına Baydenin dəstək verəcəyini proqnozlaşdırmaq olar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin