100 qətldə əli olan Siciliya mafiyasının patronu həbsxanadan buraxıldı - VİDEO

Hazırda oxunan: 100 qətldə əli olan Siciliya mafiyasının patronu həbsxanadan buraxıldı - VİDEO

23346

İtaliyada 25 illik həbsdən sonra Siciliyanın "Koza Nostra" mafiyasının başçısı, yüzdən çox insanın qətlində iştirak etdiyini etiraf edən "Baş kəsən" ləqəbli Covanni Bruska şərti olaraq azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “bbc.com” saytı yayıb.

Mənbə yazır ki, Bruskanın cinayət siyahısında hakim Covanni Falkonun arvadı və üç mühafizəçisi ilə birlikdə öldürülməsi, mafiozlardan birinin 11 yaşlı oğlunun işgəncə ilə qətlə yetirilməsi var.

Bruska 1996-cı ildə tutulub və daha sonra müxtəlif cinayətlərin birləşməsi ilə ömürlük həbs cəzasına məhkum edilib. İndi dörd illik sınaq müddəti ilə vaxtından əvvəl sərbəst buraxılıb. Bu da ictimaiyyəti və siyasətçiləri qəzəbləndirib.

90-cı illərdə istintaq və məhkəmələr zamanı Bruska sövdələşməyə ümid edərək mafiya məsələləri, o cümlədən iştirak etdiyi yüzdən çox cinayət barədə danışmağa başlayıb.

Covanni Bruska kimdir?

İndi 64 yaşında olan Bruska Siciliya mafiyası olan “Koza Nostra”da əsas şəxs olub. 1992-ci ildə Palermo yaxınlığında mafiya ilə mübarizə aparan hakim Covanni Falkonun avtomobilini yola qoyulan yarım ton partlayıcı maddə ilə şəxsən özü partladıb.

Falkonla birlikdə həyat yoldaşı və üç mühafizəçisi öldürülüb. İki ay sonra mafiozlar Falkonun həmkarı Paolo Borsellinonu qətlə yetirib. Bu cinayətlər İtaliyanı sarsıdıb və nəticədə yeni sərt anti-mafiya qanunları qəbul edilib.

Bruska tərəfindən edilən başqa bir dəhşətli cinayət bir mafiozun 11 yaşlı oğlu Cuseppe Di Matteonun öldürülməsidir. Uşağa işgəncə verilib, boğulub və sonra isə cəsədi turşuda yandırılıb.

1996-cı ildə həbs olunduqdan sonra Bruska dövlət ittihamına şahid statusu alıb və müstəntiqlərə quldurların tapılmasında kömək edib.

Cəmiyyət qəzəblidir

Covanni Bruskanın erkən buraxılması bir çox italiyalını qəzəbləndirib. "Dövlət bizə qarşıdır. İyirmi doqquz il keçdi və biz hələ də bütün həqiqəti bilmirik. Və ailəmi məhv edən Covanni Bruska azadlıqdadır". Hakimin mühafizəçilərindən biri mediaya danışıb.

Covanni Falkonun bacısı Mariya jurnalistlərə açıqlamasında Bruskanın sərbəst buraxılmasından kədərləndiyini deyib. Bruskanın azad edilməsi qərarı bəzi İtaliya siyasətçiləri tərəfindən də qınanıb.

"İtaliya bu cür “ədalətə” layiq deyil”. Sağ populist Liga partiyasının lideri Matteo Salvini qeyd edib.

"Bu, qarın nahiyəsinə vurulan bir zərbədir". Sol mərkəzçi Demokrat Partiyasının lideri Enriko Letta isə belə deyib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin