ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərindən Missuriyə uçan “Learjet 55” təyyarəsi yaşayış binalarının üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “CBS” telekanalı məlumat yayıb.
Bildirilib ki, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb və yanğın başlayıb.
Nəticədə bir neçə ev və avtomobilə ziyan dəyib. ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.
Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların iki həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Sərnişinlərdən heç biri sağ qalmayıb. Hələlik ölən və yaralıların dəqiq sayı açıqlanmayıb.
Xatırladaq ki, bir neçə gün öncə “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.
Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb.
Amerika Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.
Bizim.Media