Xəbər verdiyimiz kimi amerikalı sabiq senator Bob Menendesə hökm oxunub. Korrupsiya və rüşvətxorluqda ittiham olunan sabiq senatora 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Beləcə, Ermənistan və erməni diasporu daha bir dayağını itirib.
Nəzərə alaq ki, Demokratlar Partiyasını təmsil edən Menendes 30 ilə yaxın ABŞ Konqresinin üzvü olub. Bu müddətdə o hər zaman erməni diasporunun sevimlisi kimi ad qazanıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənipərəst Menendes 11 il azadlıqdan MƏHRUM EDİLDİ
Gördüyü səxavətdən ağlını itirən senator sonda ermənilərin girovuna çevrilib. O hətta erməni qadınla ailə həyatı da qurub. Nadin Arslanyanla evlənən bu qoca sonda onun təkidi ilə çoxsaylı cinayətlərə qurşanıb. Nəticədə 71 yaşlı Bob ömrünün qalan hissəsini barmaqlıqlar arasında keçirmək məcburiyyətində qalıb.
Nəzərə alaq ki, prokuror ona 20 il cəza istəmişdi. Lakin Federal məhkəmə 11 illik cəza ilə kifayətlənib. Hökmü ABŞ-ın Manhetten dairə hakimi Sidni Ştayn elan edib. Hökmdən əvvəl keçmiş senator ağlayaraq ailəsindən başqa onun üçün dəyərli olan hər şeyi itirdiyini bildirib.
Menendes nədə ittiham olunur?
Keçmiş senator Misirin hərbi maraqlarını önə çıxarmaq, cinayət təqiblərinə müdaxilə etmək və Qətər rəsmilərinin investisiyalarının təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlərindən sui-istifadə etməyə çalışmaqda ittiham edilir. İttiham aktına əsasən, Menendes və erməniəsilli həyat yoldaşı Nadin Menendes bunun müqabilində qızıl külçələr, yüzminlərlə dollar nağd pul, avtomobil və digər formada rüşvət alıb.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendes Senatda fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senator olub. Bu, Menendesin Senatın üzvü olduğu müddətdə onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib.
Bununla belə ikinci istintaqdan yayına bilməyib. Hətta istintaqdan və diqqətdən yayınmaq üçün 2024-cü ilin yayında o Senatdan istefa verib. Bu istefa isə erməniləri yasa qərq edib.
Erməni vəkili - Menendes
Menendes Nyu-Cersi ştatının senatorundan daha çox ermənilərin vəkili kimi tanınıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu müddətdə Bob qatı ermənipərəst mövqe nümayiş etdirib. Təsadüfi deyil ki, hər ilin aprel ayının əvvəllərində Menendes xüsusilə fəallaşıb. O, saxta “erməni soyqırımı”nın ABŞ-da rəsmən tanınması üçün hər ilin aprel ayında dəridən qabıqdan çıxıb.
Menendes senator kimi heç vaxt Azərbaycana qarşı adekvat mövqe sərgiləməyib. ABŞ-da Azərbaycan əleyhinə atılan bütün addımlarda bu və digər şəkildə onun əli olub.
44 günlük müharibədən sonra isə Menendes xüsusilə fəallaşıb. O, Azərbaycanın Cənubi Qafqazda diqtə etdiyi reallıqla qətiyyən barışmayıb. Fürsət düşdükcə Azərbaycan əleyhinə kampaniyalar aparıb. Təbii ki, son 5 ildə Ağ Evin demokratlar tərəfindən idarə edilməsi Menendesə Azərbaycana qarşı çirkin kampaniya aparmaqda əlavə imkanlar verib.
Sonuncu dəfə demokrat Robert Menendes Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən narahatlığını bildirib. Ona görə də ABŞ Senatında çıxışı zamanı o Azərbaycana hərbi yardımı azaltmaq üçün çağırış edib.
Lakin nə 30 illik senatorluq təcrübəsi, nə də ki, ermənilərin güclü maliyyə dəstəyi onu layiq olduğu cəzadan xilas edə bilmədi. Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan senator 23 iyul 2024-cü ildə istefa vermək məcburiyyətində qaldı.
Halbuki, Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi. Amma bütün təşəbbüslərinə rəğmən Menendes əvvəlcə istefa verdi, sonra isə dəmir barmaqlıqlar arasında yollandı.
Menendesin həbsində erməni izi
Məlumdur ki, ABŞ-da çox böyük səlahiyyətlərə sahib Bob Menendes dünya ermənilərinin ən qatı müdafiəçisi kimi tanınırdı. Bu təkcə onun sonuncu həyat yoldaşı erməni əsilli Nadin Arslanyana olan sevgisindən qaynaqlanmır.
Bu “sevgi” həm də erməni lobiçiliyi hesabına Bobun qazandığı milyonlarla bağlıdır. Elə Menendesin də sonunu gətirən ermənilərə, onların verdiyi milyonlara və qiymətli hədiyyələr oldu.
Bildiyimiz kimi ABŞ qanunvericiliyində lobbiçiliyə qanunla icazə verilir. Və bu “lobbiçilik” qarşılığında həmin şəxs istədiyi qədər “qonorar” ala bilər. Necə ki, Menendes uzun illər “lobbiçilik” fəaliyyətinə görə ermənilərdən külli miqdarda sərvət qoparıb.
Arslanyanla evlilik Menendesə çoxlu pul və bəla gətirdi
Arslanyanla evlənənə qədər də Menendes onunla bir çox “biznes layihələri”nə imza atıb. Amma bu “layihə”lərin bəzilərinin sonradan üstü açılıb. Məsələn, 71 yaşlı Menendes 2015-ci ildə Ədliyyə Departamentinin İctimai Dürüstlük Şöbəsinin prokurorları tərəfindən “Palm Beach” oftalmoloqu və siyasi xeyriyyəçi doktor Salomon Melqendən külli miqdarda rüşvət almaqda ittiham olunub.
İttiham aktında qeyd edilir ki, senator Arslanyanla birlikdə ötən illərdə dörd qitəni ziyarət ediblər. Elə evlilik təklifi də həmin səfərlər zamanı gəlib.
Maraqlıdır ki, hələ 2014-cü ildə Menendes Arslanyanla nikahdankənar yaşadığı Bergen qraflığındakı evində aylıq 1,897 dollar ipotekanı ödəməkdə çətinlik çəkdikdiyi üçün xərclərini idarə etmək məqsədilə federal proqrama daxil olub. Lakin 2019-cu ilin ortalarına qədər o, ödənişləri edə bilməyib və ipoteka şirkəti onun evinə girov qoymağa başlayıb.
Qəribəsi odur ki, bu ərəfədə Arslanyan böyük nizamnamə kapitalına malik konsaltinq şirkətini - Strategic International Business Consultants MMC-ni qurub. Şirkətin onlayn izi yoxdur və müştərilərinin kim olduğu bəlli deyil. Şirkət uzun müddət Menendesin dostu Donald Skarinçi tərəfindən idarə edilib.
Həbsə aparan yol
Qanunla senator olaraq Menendes özünün və ya arvadının 1000 dollardan çox dəyərində olan əmlakın dəyərini və onların mənşəyini bəyan etməliydi. Evliliklərinin ilk ilində-2020-ci ildə o, maksimum dəyəri 117.000 dollar olan yoxlama və əmanət hesablarının olduğunu bildirib.
Lakin 16 mart 2022-ci ildə Menendes 2020-ci il açıqlamasına düzəliş edərək Arslanyanın 250.000 dollara qədər qızıl külçəsi olduğunu göstərib. Ancaq 2023-cü ilin iyununda məlum olub ki, cütlük ümumi dəyəri 400 min dollara çatan qızıl satışa çıxarıblar. Nadin Arslanyan külçələri 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb.
Məhz bundan sonra ABŞ-ın ermənipərəst senatoru Bob Menendes və onun erməni əsilli arvadı Nadin Arslanyan haqqında Federal Prokurorluq araşdırmalara başlayıb. Nəticədə məlum olub ki, Nadin Arslanyanın Nyu Cersi ştatından seçilmiş senator ərindən yardım istəyən şəxslərdən bir qayda olaraq müxtəlif bahalı hədiyyələr və rüşvət alıb.
Vəkildən gecikmiş etiraf
Maraqlıdır ki, istintaqın gedişatında Menendesin vəkili bütün günahları onun arvadının üzərinə atıb. Vəkil iddia edib ki, Bob Menendes evində gizlədilən qızıl külçələr haqqında heç nə bilməyib. O, məhkəmədə bu iddia üzərində israr edərək, siyasətçinin həyat yoldaşını müvəkkilinin xəbəri olmadan birlikdə yaşadıqları evlərində “var-dövləti gizlətməkdə” ittiham edib.
Vəkili Manhetten Federal Məhkəməsində çıxışı zamanı bildirib ki, Menendesin arvadı Nadin Arslanyan ərinə tələ qurub:
“Qızıl külçələr haradan tapıldı? Qızıl külçələr kilidli şkafda tapıldı. Bu, Nadinnin şkafıdır”, - deyə Menendesin vəkili Avi Vaysman qeyd edib.
O, şkafın fotolarını nümayiş etdirib və şkafın Nadinnin paltarları ilə dolu olduğunu söyləyib.
Maraqlıdır ki, Nadin Arslanyan sevimli əri Bob Menedesin məhkəməsinə gəlməyib. Baxmayaraq ki, bu məsələ ilə bağlı Arslanyana qarşı ayrıca istintaq aparılır. Bununla belə dar gündə Arslanyanın onu tək qoyması Menendesə çox ağır gəlib.
“Ermənilərin dostluğu çayı keçənə kimidir”.
Azərbaycan xalqı bunu yaxşı bilir. Menendes isə həbsdə yatdığı müddətdə yəqin ki bu reallığı dərk edəcək.
İstənilən halda Menendesin başına gələnlər bütün ermənipərəst siyasətçilərə dərs olmalıdır. Onlar da anlamalıdır ki, “erməni ipi ilə quyuya enən”lərin sonu elə Menendes kimi olacaq...
Surxay Atakişiyev, Bizim.Media