“ABŞ prezidenti Donald Trampın hökumətin işi ilə bağlı ilk fərmanları “xaosa səbəb olub”. Bir sıra nazirlik və idarələrin işi qismən iflic vəziyyətinə düşüb”.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, yeni prezidentin vəzifəyə başlamasından sonrakı dövr adətən “müəyyən pozulmalar” ilə xarakterizə olunur. Lakin bu dəfə əvvəlki və yeni administrasiyaların gündəmlərindəki böyük fərqlər səbəbindən xaos həddindən artıq böyükdür. Hökumətin yenidən qurulması ilə əlaqədar olaraq, hətta adi əməliyyatların həyata keçirilməsi də ləngiyir.
Nəşr yazır ki, səhiyyə və digər sosial məsələlərlə məşğul olan xidmətlər, məmurların ezamiyyətlərinin ləğvi də daxil olmaqla, növbəti sərəncamlara qədər bütün xarici əlaqələri dayandırmağa məcbur olublar. Yeni işçilərin işə götürülməsinə müvəqqəti qadağa ABŞ Veteranlarla İş Departamentinin, Milli Park Xidmətinin və digər federal qurumların işini xeyli çətinləşdirib. Nəqliyyat Departamenti yol layihələri üçün kompüter sistemini müvəqqəti dayandırmalı olub.
“WSJ” qeyd edir ki, başqa bir problem Baydenin prezidentliyi dövründə proseduru təsdiqlənmiş müxtəlif hökumət orqanları arasında vəsaitlərin bölüşdürülməsi ilə bağlı qarışıqlıqdır. Bu səbəbdən ayrı-ayrı qurumlar bəzi funksiyalarının icrasını qismən dayandırıblar.
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra sabiq prezident Co Baydenin 78 fərmanını ləğv edib.
Bizim.Media