“Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub və onların da hamısı uğursuz olub”.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
Onun sözlərinə görə, son üç il ərzində ölkədə dörd uğursuz çevriliş cəhdi olub və hər dörd halda xarici, o cümlədən ABŞ-dan maliyyə dəstəyi aşkar edilib. Donald Tramp administrasiyasının bu məsələni nəzərdən keçirməsi vacibdir:
”Biz bu məsələləri dəfələrlə gündəmə gətirmişik və Prezident Trampın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarını alqışlayırıq. Bu, sübut edir ki, Gürcüstana ayrılan bəzi vəsaitlər düzgün istiqamətdə istifadə olunmayıb və müəyyən dairələr tərəfindən ölkədə sabitliyi pozmaq üçün xərclənib”.
Baş nazir əlavə edib ki, Gürcüstanın milli maraqlarının qorunması üçün hər hansı xarici müdaxilənin mənbəyindən asılı olmayaraq qarşısı alınmalıdır.
“Gürcüstan öz suverenliyini qorumağa borcludur. İstər ABŞ, istərsə də digər ölkələrdən gələn vəsaitlər ölkəmizin daxili işlərinə müdaxilə üçün istifadə olunursa, buna qarşı sərt tədbirlər görülməlidir. Prezident Trampın qərarı göstərdi ki, ABŞ vəsaitlərinin bir qismi digər ölkələrin daxili işlərinə müdaxilə üçün yönəldilib. Biz dəfələrlə qeyd etmişik ki, Gürcüstanın maraqları hər şeydən önəmlidir və heç bir xarici güc bizim daxili işlərimizə təsir etməməlidir,” – deyə Baş nazir vurğulayıb.
Bizim.Media