Rusiya dekabrın 25-də Qroznı şəhəri səmasında AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarənin vurulmasına münasibətdə hələ də yalan, uydurmalarla dolu məlumatları gündəmə gətirməkdə davam edir. Bu da onu göstərir ki, Moskva həmin olayla bağlı həqiqətlərin üzə çıxmasında maraqlı deyil. Ona görə də hədə-qorxu gəlmək, yalan məlumatları gündəmə atmaqla çalışır ki, baş verən hadisə ilə bağlı real mənzərə üzə çıxmasın.
MÖVZU İLƏ BAĞLI:
Yalanlar SİLSİLƏSİ – Rusiya təyyarəmizin vurulması ilə bağlı uydurmalara nə vaxt “STOP” DEYƏCƏK?
İlkin araşdırmalar göstərir ki, təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. Rusiya mətbuatı isə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatları təhrif etməklə məşğuldur. “Ekspert”lərin dili ilə gah təyyarədə “qaz balonunun partlaması”, gah da “quşlarla toqquşma” versiyalarını gündəmə atmaqda davam edirlər. İndi də Azərbaycanı hədəf almaq yolunu tutublar.
Onlar Azərbaycanın ünvanına təhqirlər səsləndirərək, haqlı tələblərimizə qarşı düşmən mövqeyi sərgiləyirlər. Bunun üçün yeni uydurma versiyalar önə sürərək, qəhrəman pilotlarımızın təhrif olunmuş səs yazısını yayımlamaqla, günahı onların üzərinə atmaqdan belə çəkinmirlər.
Məqsədləri izi azdırmaq, məsələni əsas mətləbdən yayındırmağa çalışmaqdır. Hətta utanmadan bu məsələdə Azərbaycanı günahkar çıxarmağa da cəhd edirlər.
Görəsən, Rusiya təyyarə qəzası ilə bağlı yalan versiyalarından niyə əl çəkmir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Rusiyanın bu istiqamətdə yalan versiyalardan əl çəkməməsi onun öz xislətindən irəli gəlir:
“Rusiya öz xislətindən əl çəkə bilmir. Bu onun siyasətində hər zaman öz əksini tapır. Rusiya bu gün Ukraynada törətdiyi cinayətlərin eyni silsiləsini Azərbaycanın mülki təyayrəsinə qarşı törədir. Rusiya hər zaman öz təbiətinə uyğun hərəkət edir. Uşaqları, qadınları qətlə yetirmək də onların təbiətinə uyğundur”.
Azərbaycanın haqlı tələbləri
Sözügedən mövzuda Azərbaycanın əsas tələbi beynəlxalq təcrübəyə uyğun olaraq, Rusiyanın üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməsidir.
Ölkəmizin tələblərini isə Prezident İlham Əliyev dekabrın 29-da “Azərbaycan Televiziyası”na müsahibəsində açıq şəkildə ifadə edib:
“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir.
Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”.
Rusiyanın haqlı tələblərimizə uyğun davranmaq, yoxsa yalanlar uydurmağa davam etmək yolunu seçəcəyini isə zaman göstərəcək.
Rüfət Sultan, Bizim.Media