Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Mel Gibson Cənubi Kaliforniyada dağıdıcı meşə yanğınları nəticəsində əmlakını itirən məşhurlar sırasındadır.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, aktyorun 14 milyon dollarlıq dəbdəbəli malikanəsi Malibuda yerləşirdi.
Aktyor və rejissor "Fox"a verdiyi müsahibədə ailə fotoalbomlarından tutmuş 17-ci əsrə aid qiymətsiz antikvar kitablara qədər 15 il ərzində dəyər verdiyi hər şeyi yanğında itirdiyini bildirib.
Xoşbəxtlikdən Melin özünə və yaxınlarına zərər dəyməyib. Yanğın zamanı Gibson Texas ştatında olub, lakin onun oğlu Milo, könüllü yanğınsöndürmə briqadasının üzvü, fəlakət yerində olub və zəruri əşyaları götürməyi bacarıb.
“Oğlum pasportları və bir neçə vacib sənədi götürüb aparmağı bacardı... Bu, faciədir, çox üzücüdür. Amma mən qonşularıma baxıram və özümdən çox onlar üçün narahatam” deyə Gibson söyləyib.
Aktyor əlavə edib ki, yanğın zamanı orada olmadığı üçün özünü şanslı hesab edir:
“Mən qəribə bir kədər içindəyəm. Eyni zamanda da düşünürəm ki, həyatda nə qədər şanslıyam... Bunlar sadəcə əşyalardır, onlar əvəz oluna da, əvəz olunmaya da bilər, amma əsas odur ki, biz hələ də buradayıq".
Bizim.Media