Rusiya ilə İran xeyli müddətdir ki, bir-birilə strateji əməkdaşlıq sazişi imzalamağa çalışırlar.
Bu sazişdə daha sıx müdafiə əməkdaşlığı nəzərdə tutulur. Amma nədənsə sazişin imzalanması gecikir.
Tərəflər uzun müddətdir genişmiqyaslı əməkdaşlıq sazişinin imzalanmasına hazırlaşdıqlarını bəyan etsələr də, hələlik bu məsələdə əsaslı irəliləyiş gözə dəymir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bazar ertəsi bildirib ki, tərəflər sazişin imzalanması üçün tarix müəyyən etməyə çalışırlar və sazişin yanvar ayında keçiriləcək ikitərəfli görüşdə imzalanması gözlənilir.
Kreml sözçüsü Dmitri Peskov da strateji əməkdaşlıq müqaviləsinin imzalanması üçün İran prezidentinin Moskva səfərinin dəqiq tarixinin hələ təyin olunmadığını bəyan edib.
Tərəflər niyə yekun razılığa imza ata bilmir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Ukrayna müharibəsinin davam etdiyi dövrdə İranla Rusiya arasında hansısa strateji əməkdaşlıq sazişi imzalanmayacaq:
“Rusiya ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Bu iki ölkə özəlliklə Qərbin sanksiyaları fonunda bir çox sahələrdə əməkdaşlıq edir. Hansı ki, bu əməkdaşlığın da fərqli meyarları mövcuddur. Eyni zamanda, Moskva ilə Tehran arasında əməkdaşlığın perspektivləri də genişdir.
Bütün hallarda İranla Rusiya bir-birinə qarşı hansısa formada kəskin mövqe nümayiş etdirmir. Onların beynəlxalq münasibətlər sisteminə baxışlarda da müəyyən ortaqlıqlara malikdirlər.
Lakin konseptual fərqlərin olduğunu da unutmamalıyıq. Amma bu konseptual fərqlər hansısa formada ciddi fikir ayrılığı, fərqlər yaratmır”.
“Müharibə davam etdiyi müddətdə...”
Həmsöhbətimizin fikrincə, tərəflər indiki dövrdə aralarında imzalanacaq strateji əməkdaşlıq sazişinin dünyada İran və Rusiya ətrafındakı həlqəni daha da dərinləşdirə biləcəyindən narahatdırlar:
“Ona görə də Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə İranla Rusiya arasında hansısa strateji əməkdaşlıq sazişinin imzalanması ehtimalı zəifdir. Amma müxtəlif sahələr üzrə olan bu əməkdaşlıq formatının sonrakı mərhələdə daha da dərinləşəcəyini də müşahidə edə bilərik. Müharibənin davam etdiyi müddətdə isə tərəflər açıq şəkildə dünyaya meydan oxuyan strateji əməkdaşlıq müqaviləsini imzalamayacaqlar”.
Rüfət Sultan, Bizim.Media