Fransa həmişə olduğu kimi yenə də ikiüzlü siyasət yürütməkdə davam edir. Paris bir tərəfdən, Ukraynaya hücuma görə Rusiyaya sanksiyaların tətbiqində aktivlik nümayiş etdirir, hətta Ukraynaya Qərbin qoşun göndərilməsi vacibliyindən danışır, digər tərəfdən isə Rusiya ilə öz ticari əlaqələrini azaltmaq əvəzinə, daha da genişləndirir.
Belə ki, Avropa İttifaqında (Aİ) rus qazının ən böyük alıcısı Fransa olub. Ondan sonrakı yerləri isə Macarıstan və İspaniya tutur. Bu üç ölkə bloka daxil olan bütün Rusiya qazı həcmlərinin 50 faizdən çoxunu əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Makronu gözləyən RƏZİL SONLUQ – Fransa xalqı onu vaxtından əvvəl YOLA SALACAQ?
Belə ki, bu ilin ilk 8 ayında Rusiya Federasiyası Aİ ölkələrinə 9 milyard avro dəyərində təbii qaz ixrac edib ki, bunun da 30 faizi Fransaya çatdırılıb.
Bununla yanaşı, oktyabr ayında Avropa İttifaqı (Aİ) 2023-cü ilin noyabr ayından bu yana maksimum məbləğə, yəni 701,5 milyon avroya Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alıb ki, bu məbləğin yarıdan çoxunu Fransa ödəyib.
Bu faktlar Fransanın növbəti ikiüzlülüyünün göstəricisidir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Makron Fransasının xarici siyasəti bu ölkənin beynəlxalq münasibətlərdə nüfuzunu daim aşağı salır, onu etibarsızlaşdırır və ikili standartlar siyasətinin etalonuna çevirir:
“Bir tərəfdən, Makron Ukraynada müharibənin başa çatmaması, onun daha da uzanması üçün əlindən gələni edir, Kiyevi silahlandırır. Başqa bir tərəfdən isə Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi, Rusiyaya qarşı sanksiyalara qoşulsa da, bu ölkədən ən çox maye qaz almaqda davam edir. Bu əsl ikiüzlülükdür. Makronsayağı ikiüzlülükdür. Bir tərəfdən, Rusiya qazı almaqla onun iqtisadi inkişafına töhfə verir, onun hərbi-siyasi baxımdan güclənməsinə xidmət edir, digər tərəfdən də guya Ukraynanın ərazi bütövlüyünü müdafiə etməklə beynəlxalq hüquqa hörmət göstərmiş olur”.
Deputat qeyd edir ki, bu vaxta qədər beynəlxalq münasibətlər sistemində heç bir milli aktor Makron Fransası kimi bu qədər açıq şəkildə ikiüzlü davranmayıb:
“Bütün dünya və Fransa vətəndaşları da bunu görür. Nəticə etibarı ilə makronizm Fransanı həm beynəlxalq münasibətlər sistemində nüfuzdan salır, həm də hökumət böhranına gətirib çıxarır. Son bir neçə ayda Makron ölkə daxilində ikinci hökumətin formalaşmasına cəhd göstərsə də, onun ikiüzlü yanaşması daxili siyasətdə də rəğbətlə qarşılanmır. Beləliklə, Fransanın daxili və xarici siyasətində makronizmin həyata keçirilməsi ikiüzlülüklə assosiasiya olunur. Bu da nəticədə bir ölkənin etibarsızlaşdırılmasına, nüfuzdan düşməsinə xidmət edir”.
Rüfət Sultan, Bizim.Media