Tarix dərsi: Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi? - Fərid Şahbazlı yazır

Hazırda oxunan: Tarix dərsi: Bəşər Əsəd rejiminin çöküşü Suriyanın qurtuluşu ola bilərmi? - Fərid Şahbazlı yazır

224927

Çox qısa – iki həftədən də az bir müddətdə çürük Suriya rejimi çökdü.

Suriya xalqı Bəşər Əsəd və atası Hafiz Əsədin təqribən yarım əsrlik dövrünü tarixin xarabalaqlarına gömdü. Əsədin tərəfdarları – İran, Rusiya, “Hizbullah” zəiflədiyindən ona dəstək verə bilmədilər. Və o, arxasında çox ağır bir sosial, iqtisadi, mənəvi miras buraxaraq Rusiyaya qaçdı…

Bəşər Əsəd 2000-ci ildən Suriyanı idarə edirdi. O, 2011-ci ildə ölkədəki dinc etirazları vəhşicəsinə yatıraraq, yarım milyondan çox insanın ölümünə və 12 milyon insanın evlərini tərk etməsinə səbəb olan dağıdıcı vətəndaş müharibəsinə səbəb olmuşdu. Ümumiyyətlə “kiçik Əsəd” də atası kimi xalqına qarşı həddindən artıq qəddar və repressiv idi. Bu səbəbdən Suriya xalqı onilliklərdən bəri qorxu və panika içində yaşayıb.



Türklərə, azərbaycanlılara patoloji nifrəti olan Bəşər Əsədin ermənilərə həmişə xüsusi simpatiyası olub. Əsəd rejimi ikinci Qarabağ müharibəsində məhz Ermənistanı dəstəkləyib.

2020-ci ildə onun dirijor çubuğu ilə idarə olunan Suriya parlamenti erməni soyqırımını tanıyan qətnamə qəbul edib.

“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı dəstəkləyirik” – bu sözləri Bəşər Əsəd ötən ilin noyabrında Ermənistan parlamentinin vitse-spikeri Hakop Arşakyanla görüşündə demişdi. Buna görə də onun rejiminin süqutu erməniləri də əməlli-başlı təşvişə salıb. Çünki İrəvan rejiminin əsas havadarlarından biri də tarixin zibilliyinə atıldı.

Bu da son deyil. Terrorçu Nubar Ozanyanın adı çökmüş Əsəd rejiminə çox doğmadır. Ozanyan Türkiyənin Marksist-Leninist Kommunist Partiyasının (Türkiyə Komünist Partisi) döyüşçü qanadı olan Türkiyənin Fəhlə və Kəndli Azadlıq Ordusunun (Türkiyə İşçi Köylü Kurtuluş Ordusu, qısaldılmış adı TİKKO) komandirlərindən biri olub. O, 1988-1990-cı illərdə Fələstində, 1992-ci ildə Qarabağda, 2014-cü ildə İraq Kürdüstanında, 2015-ci ilin iyulundan Suriyanın şimal-şərqində tərkibində ABŞ tərəfindən Türkiyə əleyhinə yaradılmış terrorçu YPG sıralarında döyüşlərdə iştirak edib. 2017-ci il avqustun 14-də isə “İslam Dövləti”nə (İŞİD) qarşı döyüşlərdə öldürülüb.

Hazırda Suriyada bu terrorçunun adını daşıyan “Nubar Ozanyan batalyonu” adlı erməni silahlı birləşməsi fəaliyyət göstərir. Son illərdə bu batalyon Əsəd rejiminə bağlı hərbi qruplaşmalara qarşı mübarizə aparan Türkiyəyə və türklərə qarşı terror aktlarında iştirak edirdi. Bu da Suriyadakı erməni diasporunun və Suriya hakimiyyətinin maraqlarına uyğun idi.



Ermənistandakı Paşinyan rejimi Əsəd rejimi ilə əməlli başlı tandem təşkil edib. Paşinyan 2019-cu ildə Suriyaya mina təmizləmə adı ilə 83 nəfərlik kontingent göndərmişdi. Əslində isə bu dəstə Əsəd rejiminə dəstək üçün getmişdi.

İkinci Qarabağ savaşı zamanı da erməni silahlı birləşmələrinin tərkibində Livandan, Suriyadan göndərilən terrorçular vuruşurdu və həmin terrorçular Qarabağa özbaşına gəlməmişdilər. Onları Bəşər Əsəd göndərmişdi…


Bundan əlavə, Bəşər Əsədin Suriyası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həmişə Azərbaycanın maraqlarına qarşı çıxış etməklə, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb və ya qəbul olunan sənədlərə qoşulmayıb.


Yeri gəlmişkən, Qarabağda separatçılıq hərəkatını başladan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da Suriya əsillidir.


“Caliber.Az”ın yazdığı kimi, onun atası Akop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının yaradıcılarından biri olub. Suriyada ənənəvi erməni terror qruplaşmalarının yerli qurumları – “Daşnaksütyun” və “Hınçak” Bəşər Əsəd rejimində çox rahat və çox komfort fəaliyyət göstəriblər. Halbuki, onların üzvləri zaman-zaman türk diplomatlarına qarşı Avropanın müxtəlif şəhərlərində terror aktları törədiblər.

Bir sözlə, guya müsəlman olan bu adam, əslində müsəlmanların düşməni, Suriya xalqı başda olmaqla bütün müsəlman xalqların üz qarası idi. Gec də olsa İlahi ədalət öz yerini tutdu, param-parça olmuş Suriya xalqının ah-naləsi, duaları ünvanına yetişdi.

Ümüd edək ki, yeni hakimiyyət bütün xalqı öz ətrafında toplamaqla, öz gələcəyini bəşəri və İslami dəyərlər üzərində qurmaqla, bütöv, güclü və demokratik Suriyanın yeni tarixinin ilk səhifələrini yazacaq.

Türkiyə və Azərbaycan artıq həmin dövlətin yanında olacaqlarını bəyan ediblər.

Fərid Şahbazlı.Siyasi şərhçi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin