Fransa hökumətinin süqutu ölkənin müdafiə planlarını pozub. Siyasi böhran həll olunana qədər ölkənin hərbi büdcəsini artırmaq mümkün olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr bildirib ki, Fransa Nazirlər Şurası 2024-cü il büdcəsini 2025-ci ildə də davam etdirməyi nəzərdə tutan xüsusi qətnamə qəbul edib.
Bu o deməkdir ki, yeddi illik hərbi planlaşdırma qanununun bir hissəsi olan 3,3 milyard avroluq müdafiə xərclərinin 2025-ci ildə artırılması hələlik mümkün olmayacaq. Eyni zamanda 2025-ci ilin büdcəsi təsdiqlənənə qədər Fransa Müdafiə Nazirliyi ordu sıralarını genişləndirə bilməyəcək. Üstəlik yeni hərbi proqramların həyata keçirilməsi də dondurulub.
Fransanın 2025-ci il müdafiə büdcəsi ilə bağlı hesabatı hazırlayan sosialist senator Helène Convay-Mouretin sözlərinə görə, ordu bu vəziyyətdən narahatdır.
Qeyd edək ki, Fransa hökuməti ordunu modernləşdirmək üçün 2025-ci ilin dövlət büdcəsində hərbi xərcləri artırmağı hədəfləyirdi. Lakin hökumət böhranı bu planın reallaşdırılmasına mane olub.
Xatırladaq ki, Fransa Milli Assambleyası dekabrın 4-də Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.
Bizim.Media