Əsədə sığınacaq verən Moskva Suriyadakı bazalarını İTİRƏCƏK? - Rus politoloqlardan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Əsədə sığınacaq verən Moskva Suriyadakı bazalarını İTİRƏCƏK? - Rus politoloqlardan ÖZƏL AÇIQLAMA

224555

Xəbər verdiyimiz kimi, müxalifətin 12 günlük yürüşü nəticəsində Suriya prezidenti Bəşər Əsədin 24, Əsəd ailəsinin isə 53 illik hakimiyyəti dekabrın 8-də sona çatdı.

Bəşər Əsəd rejiminin süquta uğraması ilə Suriyada yeni rəhbərliyin formalaşdırılması istiqamətində müzakirələr aparılır.

Bəs, Əsəd hakimiyyəti niyə bu qədər qısa müddətdə süquta uğradı? Bundan sonra Suriyada proseslər necə davam edəcək?

Bizim.Media mövzu ilə bağlı rusiyalı politoloqların fikirlərini öyrənib.


Avrasiya Problemlərini İzləmə Mərkəzinin direktoru Aslan Rubayev bildirib ki, İŞİD-in Suriya ərazisində meydana çıxmasından bu yana, Suriya həm regional, həm də beynəlxalq səviyyədə izolyasiya olundu:
 

“Bu prosesdə yalnız Rusiya və İran Suriya hökumətinə radikal terrorizm təhdidinə qarşı mübarizədə yardım əlini uzatdı. Qeyd etmək lazımdır ki, Rusiya müəyyən dövrlərdə Suriyada terrorçu elementlərin təmizlənməsi mövzusunda olduqca uğurlu nəticələr əldə edib. Moskva Suriyada müxtəlif hərbi və qeyri-hərbi layihələr icra edib ki, bu səbəbdən mövcud hökumətlə belə razılığa gələcək.


Palmira, Hələb, Hama və Homsun azad edilməsi kimi əməliyyatlar, həm xarici siyasət, həm də hərbi baxımdan Rusiyanın uğurlu addımları olaraq yadda qalıb. Həmçinin Rusiyanın Suriyada hava bazası qurduğunu və Tartusdakı dəniz bazasını gücləndirdiyini xatırlatmaq istəyirəm.

Rusiya kimi bir ölkə üçün Orta Şərqlə tarixi, strateji və hərbi əməkdaşlıq son dərəcə vacib və zəruridir. Rusiyanın Orta Şərqdəki təsiri və bölgədəki əlaqələrini sabit şəkildə davam etdirməsi, bu dövrdə onu etibarlı bir tərəfdaş kimi göstərir”, - deyə A.Rubayev deyib.

Rubayev hesab edir ki, hazırda Moskvanın hədəfi Suriyada sabitliyin yaranmasındadır.

“Bu prosesdə, bir çox beynəlxalq sanksiyalara qoşulmayan İran, Rusiyanın yanında yer alaraq etibarlı bir müttəfiq olduğunu sübut edib. Hazırda Rusiyanın məqsədi, Suriyanın yeni idarəçiliyi ilə əlaqələri normallaşdırmaq, hərbi bazalarının mövcudluğunu qorumaq və Suriyanın daxilindəki vəziyyəti sabitləşdirməkdir. Bu, Rusiya üçün son dərəcə kritik bir məsələdir”.

Rusiya niyə Bəşər Əsədə sığınacaq verdi?

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin hesab edir ki, Bəşər Əsədə sığınacaq verilməsi Moskvanın tərəfdaşlarına qarşı münasibətinin göstəricisidir:


“Şübhəsiz ki, Rusiya bu şəkildə daha əvvəl ittifaq qurduğu və güclü strateji əlaqələr inkişaf etdirdiyi insanları yarı yolda buraxmayacağını göstərir. Məhz bu səbəbdən Bəşər Əsəd hazırda Moskvadadır və onun təhlükəsizliyi baxımından hər hansı bir təhdid yoxdur. Əfqanıstan ssenarisinin həyata keçirilməsi ilə, hazırda Rusiyada hələ də qadağan olunmuş Heyət Təhrir əl-Şam ilə əlaqələrin qurulması gündəmə gələ bilər.

Gələcəkdə Rusiyanın bölgədə təsirinin müəyyən qədər azalmasından danışsaq da, hələ də mövqeyini gücləndirdiyini və Suriyada varlığını davam etdirəcəyini görəcəyik”, - deyə A.Bredixin bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin