Ukrayna müharibəsinin SONU GÖRÜNDÜ – Tərəflər hansı şərtlərlə sülhə RAZILAŞACAQ?

Hazırda oxunan: Ukrayna müharibəsinin SONU GÖRÜNDÜ – Tərəflər hansı şərtlərlə sülhə RAZILAŞACAQ?

223514

Ukrayna-Rusiya müharibəsində “uğursuz finiş” görünür. Qaliblərin olmayacağı bu finiş heç kimə yaxşı nəsə vəd etmir. Amma bütün hallarda Ukrayna dayanmaq istəyir. Ən azından zaman qazanmaq üçün münaqişənin dondurulmasını arzulayırlar.

Zelenskinin son variantı

Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsini dayandırmağa hazır olduğunu bəyan edib:
 

"Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar fazasını dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO üzvlüyünə müraciət bilərik”.


Bundan sonra o, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir təklifi yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib. Yəni Zelenski müharibə başlayandan bəri ilk dəfə münaqişənin dondurulması şərti ilə danışıqlara hazır olduğunu elan edir.

Volodimir Zelenski həmçinin etiraf edib ki, Ukrayna ordusu itirilmiş əraziləri geri qaytara bilməyəcək. O, bu barədə “Kyodo”-ya müsahibəsində bildirib:

“Ordumuzun buna gücü çatmır. Bu doğrudur”.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin “çətin dövrü” başlayıb. Zelenski həmçinin qeyd edib ki, Kiyev ərazilərlə bağlı məsələnin diplomatik həll yolunu axtarmalı olacaq.

Zelenski andını pozur

Xatırladaq ki, Zelenskinin biləvasitə təşəbbüsü ilə Ukraynanın Ali Radası vaxtilə xüsusi qanun qəbul edib. Bu qanuna görə bu müharibə dövründə Rusiya ilə sülh danışıqlarının aparılması təşəbbüsü ilə çıxış edən ixtiyari şəxs həbs edilməlidir. Ona görə də Zelenski imzaladığı qanunu özü pozmaq məcburiyyətindədir.

Baxmayaraq ki, onun son təşəbbüsünə nə Rusiya nə də ki, Qərbdən hansısa formada reaksiya gəlib.

Bunun da müəyyən səbələri var.

Məsələn, Rusiya sülh danışıqlarına hazır olduğunu hər zaman desə də, qarşı tərəf kimi Zelenskini görmür. Rəsmi Moskva hesab edir ki, Zelenskinin prezidentlik müddəti 2024-cü ilin 25 mayında başa çatıb. Ona görə də Rusiya Zelenski ilə hər hansı bir təmasın qurulmasını istisna edir.

Bununla paralel Rusiya hərbçiləri bir sıra isitqamətlərdə uğur qazanaraq Ukrayna cəbhəsində irəliləyir. ruslar xüsusilə, Yeni Komar (Donetsk vilayəti), Berestovoy (Xarkov vilayəti), Poqrebkov (Kursk vilayəti) və Kuraxovo (Donetsk vilayəti) yaxınlığında yeni mövqeləri nəzarətə götürüblər.

Nəzərə alaq qış aylarında Ukrayna ordusu o qədər də effektiv deyil. Ötən 2 qışda Ukrayna ordusu bir qayda olaraq mövqe itirib. Təsadüfi deyil ki, ruslar qarlı-şaxtalı havada yenidən irəli atılıblar. Bu və yuxarıda qeyd etdiyimiz səbəbə görə rəsmi Moskvadan Zelenskinin son fikirlərinə elə bir reaksiya gəlmir.

Qərb isə susur

Bu da təsadüfi deyil. Çünki Ukrayna prezidenti təklif edir ki, “bu günlərdə Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınacağı təqdirdə münaqişənin qaynar mərhələsini dayandırılsın”. Yəni danışıqlar Qərbin moderatorluğu ilə aparılsın. Bu isə o deməkdir ki, Zelenski dolayısı ilə Ukraynanın ən qısa zamanda NATO-ya üzvlüyünü istəyir.

Qərbsə bu təklifə isti baxmır. Bütün vədlərə baxmayaraq, Qərb yarımcan Ukraynanı nə NATO-da, nə də ki, Aİ-də görmək istəyir. ABŞ və bəzi Avropa dövlətlərinin istədiyi bu münaqişənin kifayət qədər uzanması və bu hesaba da həm Ukraynanın, həm də Rusiyanın zəifləməsidir.

Tramp nəyi dəyişə bilər?

ABŞ-ın yeni prezidenti Donald Tramp seçkilər öncəsi bəyan etmişdi ki, Ukrayna-Rusiya müharibəsini durduracaq. Amma detalları açıqlamayıb. Amerika siyasətinə bələd olan hər kəs bilir ki, Vaşinqton hansısa münaqişənin birdəfəlik sonlanmasında maraqlı deyil. ABŞ ən yaxşı halda münaqişənin dondurulmasını istəyə bilər. Bu mənada Tramp növbəti ildə bu münaqişənin ancaq dondurulmasına çalışacaq.


Birdəfəlik həll məsələsi Ağ Evin maraqlarına uyğun deyil. Çünki münaqişəni nəzarətdə saxlamaqla ABŞ hər iki tərəfi təsir altında saxlamaq istəyəcək.

Rusiya münaqişənin dondurulmasına hansı halda razılaşa bilər?

Bu günə qədər rəsmi Moskvanın səsləndirdiyi bəyanatların məcmusu onu deməyə əsas verir ki, Kremli yalnız Ukraya Aİ-yə və NATO-ya inteqrasiyanı dayandıracağı təqdirdə sülhə razıdır. Hazırkı məqamda üstün tərəf Rusiya olduğu üçün ikinci bir tələb də ortaya çıxacağı şübhə doğurmur.

Bu da Qərbin sanksiyaları ilə bağlı məsələdir. Putinin istənilən danışıqlar prosesində Qərbdən ilk tələbi sanksiyaların durdurulması olacaq. Təbii ki, Qərbin də bu tələbi qəbul edəcəyi inandırıcı görünmür. Ona görə də Rusiya-Ukrayna müharibəsi taleyin ümidinə buraxılacağı daha inandırıcı görünür.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin