Avropa ölkələri Ukraynaya qoşun və ya özəl hərbi şirkətlərin əməkdaşlarının göndərilməsi ilə bağlı müzakirələri bərpa edib. Hələlik söhbət ukraynalı əsgərlərə təlim keçmək, hərbi biliklərin ötürülməsi və texnikanın təmirindən gedir.
"Le Monde”nin məlumatına görə, Bu xüsusda əsasən Böyük Britaniya ilə Fransa daha aktivlik nümayiş etdirir.
"Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və ümumilikdə Avropa təhlükəsizliyinə yönəlmiş Avropada güclü müttəfiqlər qrupunun yaradılması məqsədi ilə danışıqlar davam edir”, - qəzetə Britaniyadan olan mənbə bildirib.
Öz növbəsində Fransanın xarici işlər naziri Jan-Noel Barro Londona səfəri zamanı noyabrın 23-də BBC-yə müsahibəsində Qərb müttəfiqlərini Ukraynaya dəstək məsələsində "qırmızı xətlər qoymamağa” çağırıb. Fransız qoşunlarının oraya göndərilməsinin mümkünlüyü barədə suala o, belə cavab verib:
"Biz heç bir variantı istisna etmirik”.
Aydın məsələdir ki, London və Parisin Ukraynaya qoşun göndərmək niyyəti Rusiya tərəfindən heç də sakit qarşılanmayacaq. Gözləniləndir ki, Moskva bunun qarşılığını verəcək.
Görəsən, Rusiyanın buna cavabı nə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Britaniya və Fransaya aid hərbi kontingentin Ukrayna tərəfində hərbi əməliyyatlara qoşulması savaşın ümumi durumuna ciddi təsir göstərməyəcək:
MÖVZU İLƏ BAĞLI:
Estoniya Ukraynaya qoşun göndərəcək?
“Bu dövlətlər Ukraynanın labüd məğlubiyyətinin qarşısını almaq, Kiyevin Moskva ilə daha əlverişlı şərtlərlə danışıqlara getməsini təmin etmək üçün edirlər. Eskalasiyanın güclənməsi gərginliyin yüksəlməsinə xidmət etməlidir. Ona görə də Tramp iqtidara gəlinə qədər Qərbdə bəlli dairələr vəziyyəti gərginləşdirməyi planlaşdırırlar”.
Həmsöhbətimizin fikrincə, problemin digər tərəfi bəlli Qərb dövlətlərinin həmin addımı atarkən beynəlxalq hüquqla hesablaşmamasıdır:
“Rusiyanın Şimali Koreya ilə qarşılıqlı hərbi yardım barədə məlum müqaviləsi var. Pxenyan da məhz bəlli hüquqi akta istinad edərək Kurska öz hərbi kontingentini yeridib. London və Parisin isə Ukrayna ilə NATO çərçivəsində əməkdaşlıq barədə razılığı var, özü də Ukrayna NATO üzvü olmadığı bir şəraitdə. İkitərəfli sazişlər isə yoxdur və bu da hüquqi president yaradır”.
“Rusiya artıq xəbərdarlığını edib”
E.Mirzəoğlu qeyd edir ki, Böyük Britaniya və Fransa nüvə dövlətləridir. Belə olan halda onların açıq şəkildə Ukrayna tərəfindən savaşa girməsini Rusiya nüvə dövlətinə qarşı təhdid kimi qəbul edəcək:
“Rusiya bir neçə gün əvvəl “Oreşnik” adlı orta mənzilli, hiper imkanlara malik raketini Ukraynada hərbi təyinatlı zavoda atarkən əslində Qərbdə bəlli dairələrə xəbərdarlığını edib. Bu raketin hədəfləri vurma radiusu 6000 kilometrdir. Hava hücumundan müdafiə qüvvələri onları aşkar edə bilmir. Onlar 19 dəqiqəyə Londona, 14 dəqiqəyə Parisə çatır. Deməli baş verə biləcək fəlakətə görə bəlli dövlətlərin iqtidarları məsuliyyət daşımalı olacaqlar”.
Rüfət Sultan, Bizim.Media