Rusiya və Qazaxıstan arasında İQTİSADİ GƏRGİNLİK – Nə baş VERİR?

Hazırda oxunan: Rusiya və Qazaxıstan arasında İQTİSADİ GƏRGİNLİK – Nə baş VERİR?

222476

Son dövrlərdə Rusiya və Qazaxıstan arasında iqtisadi gərginlik müşahidə olunur. Belə ki, üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqından Qazaxıstana buğda idxalına qoyulan qadağa ilin sonuna qədər Rusiya taxılının Çin və Özbəkistana təkrar ixracına məhdudiyyətlərin yaranmasına səbəb olub.

Bu barədə Qazaxıstanın baş naziri Oljas Bektenov parlamentdə çıxışı zamanı deyib.

O parlament üzvlərinin Rosselxoznadzor-un Qazaxıstanın taxıl və digər kənd təsərrüfatı məhsullarının Rusiya ərazisi ilə ixracına qoyduğu qadağa ilə bağlı sualını cavablandırarkən bunları deyib:

“Əvvəllər daxili bazarı qorumaq üçün Qazaxıstan 2024-cü ilin sonuna qədər üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) buğda idxalına qadağa qoyub və bu, Rusiyadan buğdanın Özbəkistan və Çinə təkrar ixracını məhdudlaşdırıb”.

Bektenov həmçinin deputatların diqqətinə çatdırıb ki, 2024-cü ildə Qazaxıstan ərazisində Aİİ ölkələrinin mallarının tranzit daşınması üçün vahid tariflərin səviyyəsi artırılıb: “Məsələn, Rusiya taxılının Qazaxıstan ərazisindən keçməklə Qırğızıstana ixracına görə tariflərin səviyyəsi 2 dəfə artırılıb”.
 

 

Qeyd edək ki, son aylarda Qazaxıstanla Rusiya arasında siyasi gərginlik fonunda iqtisadi-ticari əlaqələrə inzibati məhdudiyyətlərin tətbiqi artıb. Qazaxıstan hökuməti yerli istehsalçıları qorumaq üçün bu ili avqustunda üçüncü ölkələrdən və Avrasiya İqtisadi İttifaqından (Aİİ) buğda idxalına qadağa tətbiq edib.

 

Ona cavab olaraq oktyabrın 17-dən Rosselxoznadzor Qazaxıstandan Rusiyaya buğda, mərci, pomidor, bibər və bostan məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər qoyub. Qurum bu addımını guya həmin məhsullarda karantin obeyktlərinin aşkarlanması ilə əsaslandırıb. 2024-cü il oktyabrın 21-dən Rosselxoznadzor Qazaxıstandan Rusiyaya kəsilmiş gül və qönçələrin idxalını da eyni bəhanə ilə müvəqqəti məhdudlaşdırıb.

Görəsən, Rusiya ilə Qazaxıstan arasında iqtisadi gərginlik nə ilə yekunlaşacaq?


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Qazaxıstanda bəzi iqtisadi institutlar, o cümlədən banklar ikili sanksiyalardan çəkinərək, Rusiya ilə münasibətlərdə müəyyən məsafə saxlamağa məcburdur:

“Bu fonda Rusiya tərəfindən də Qazaxıstanın bəzi maraqlarına toxunacaq addımlar atdığının da şahidi oluruq. Qazaxıstan nefti 80 faiz Rusiya ərazisindən, Novorosiyski limanından ixrac olunur. Son zamanlar isə həmin boru xətlərində və limandakı təmir işləri bəhanəsilə Qazaxıstan neftinin Rusiya üzərindən xaricə satılmasında da axsamalar müşahidə olunur.

Məhz buna görə də Azərbaycan alternativ marşrut olaraq önə çıxıb. Bu il artıq kifayət qədər böyük həcmdə Qazaxıstan nefti Azərbaycan üzərindən ixrac edilib. Gələn il isə bu marşurutla 10 milyon ton neft ixracı planlaşdırılır. Bütün bu amilləri nəzərə alsaq Qazaxıstanla Rusiya arasında müəyyən iqtisadi məsələlərdə çəkişmələrin olduğunu görürük. Astana Moskvanın atdığı addımlara cavab verməyə çalışaraq ona adekvat addımlar atır”.

Ekspert deyir ki, əsas məsələ Qazaxıstanın yan sanksiyalardan çəkinməsilə bağlıdır:

“Çünki Rusiyanın sanksiyalardan yan keçərək, Qazaxıstan bankları vasitəsilə köçürmələr etdiyi barədə məlumatlar dolaşır. Belədə yaşanan gərginlik buğda bazarı və digər məsələlərə də öz təsirini göstərir. Yaxın vaxtlarda Putinin Qazaxıstana səfəri gözlənilir. Düşünürəm ki, bu səfər çərçivəsində aralarında olan müxtəlif problemlərin çözülməsi yolları istiqamətində də müzakirələr olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin