Azərbaycan: Qafqazda şərabçılığın yenidən doğulduğu məkan

Hazırda oxunan: Azərbaycan: Qafqazda şərabçılığın yenidən doğulduğu məkan

220690

Dünyanın 60-dan çox beynəlxalq şərab festivalında hakim kimi iştirak etmiş tanınmış müəllif Pol Uayt Azərbaycan şərabları ilə bağlı məqalə hazırlayıb.

Bizim.Media xəbər verir ki, “Worldoffinewine” nəşrində dərc olunan məqalədə Azərbaycanın şərabçılıq tarixindən və müasir şərab brendlərimizdən bəhs olunub.

Həmin məqaləni təqdim edirik:

“Azərbaycan şərab mədəniyyətinin meydana gəldiyi ərazidən uzaqda yerləşən ölkələrdən biri kimi görünə bilər. Lakin bu ölkə 6,000–8,000 il əvvəl Qafqaz dağlarının vəhşi üzümlərinin gil qablarda fermentasiya edildiyi Gürcüstanın Kaxeti və Kartli bölgələri ilə sərhəddə yerləşir.

Bəs niyə qədim şərab mədəniyyətinin Azərbaycanda yayılması təəccüblü görünür?

Hazırda Gürcüstan və Ermənistan qədim gil qab şərabçılığı ənənələrini davam etdirir, müasir şərab sənayesində inkişafı və dünyada müxtəlifliyi ilə seçilən üzüm növləri ilə tanınırlar. Buna baxmayaraq, çoxları heç vaxt Azərbaycan şərabının dadına baxmayıblar.

Azərbaycan şərabı: müsəlman ölkəsində dünyəvi sənaye

Azərbaycanın əhalisinin 96%-nin müsəlman olduğunu nəzərə alsaq, ilk ağılagələn sual budur: Bu ölkədə şərabçılıq necə inkişaf edə bilər?

Nə qədər təəccüblü görünsə də, azərbaycanlılar alkoqollu içkilərə qarşı yüksək səviyyədə tolerantdırlar. Doğrudan da, Bakının kosmopolit kafe və restoranlarında hər yaş kateqoriyasından olan qadın və kişilərin günəşli bir gündə pivə və ya qızılgül şərabından zövq almasına tez-tez rast gəlmək olar. Azərbaycanda şərab, pivə və spirtli içkilər supermarketlərdə və restoranlarda açıq şəkildə müştərilərə təqdim olunur.

Azərbaycanın şəraba qarşı dünyəvi yanaşması son iki əsri əhatə edən Rusiya və Sovet təsirindən, eləcə də daha qədim dövrlərə uzanan köklərdən qaynaqlanır.

Arxeoloji qazıntılar göstərir ki, Azərbaycanın şərabçılıq tarixi ən azı 4,000 il əvvələ qədər uzanır. Azərbaycan şərabının adı hələ eramızdan əvvəl VII əsrdə Herodotun və I əsrdə Strabonun qeydlərində də öz əksini tapıb. Minilliklər boyu Azərbaycan şərabı bütpərəstliyin, zərdüştiliyin, farsların və xristianlığın təsiri altında inkişaf edib. Təxminən 1,400 il əvvəl İslamın yayılması bu prosesi dayandırıb. Xoşbəxtlikdən, ölkə daxilində xristian və yəhudi icmalarına qarşı ümumi tolerantlıq və şərabın torpağa basdırılmış gil qablarda gizlədilməsinin asanlığı sayəsində, Azərbaycan şərabı İslam dövründə də varlığını qoruyub.


Əziz Qasımovun (@experienceAzerbaijan) sözlərinə görə, 19-cu əsrdə Çar Rusiyasının və 20-ci əsrdə Sovetlərin işğalı Azərbaycanda şərab istehsalının sənaye miqyasında qurulmasına gətirib-çıxarıb:

“Ötən iki yüz ildə Azərbaycan şərabı üçün əsas bazar isə Rusiya idi. Bu dövr ərzində istehsal keyfiyyətə deyil, kəmiyyətə yönəldilib. 1985-ci ildə Azərbaycanda şərab istehsalının həcmi 2 milyon tona çatıb. Lakin Mixail Qorbaçovun alkoqol istehlakına qarşı olan göstərişləri Azərbaycanda genişmiqyaslı şərab istehsalının dayanmasına səbəb olub. Bu dövrdə 130,000 hektar (320,000 akr) üzüm bağı yanacaq üçün istifadə olunmaq məqsədilə məhv edilib.

2000-ci illərdə isə şərabçılıq sənayesi yenidən canlanmağa başladı və özünü “yenidən kəşf etmə” prosesinə qədəm qoydu. Həmin vaxtdan etibarən Azərbaycanda şərabçılığın inkişafı varlı investorlar vasitəsilə kənd təsərrüfatının inkişafına yönəlmiş hökumət dəstəyini özündə birləşdirir. Bu inkişaf böyük şərab zavodlarının “Yeni Dünya” şərab zavodlarına bənzər şəkildə, məhsulun əl ilə yığıldığı 300–500 hektarlıq (740–1,235 akr) üzüm bağlarını əhatə etməsi ilə xarakterizə olunur”.

Diqqət çəkən məqam odur ki, Azərbaycanda əksər şərab mədəniyyətlərinin dayağı olan kiçik, ailə yönümlü şərabçılıq müəssisələri demək olar ki, yoxdur. Lakin şərabçığın inkişafı ağıllı şəkildə planlaşdırılıb və həyata keçirilib. Üzüm bağlarının yerləri və üzüm növləri diqqətlə seçilib. Əsasən torpaq və iqlimə uyğun şəkildə, təbii turşuluğu saxlamaq və həddindən artıq yetişmənin qarşısını almaq üçün üzüm bağları dəniz səviyyəsindən 300–1,000 metr (984–3,280 fut) yüksəklikdə salınıb. Azərbaycanda “Bordo” və “Burqundiya” mənşəli adi üzüm növləri üstünlük təşkil etsə də, “Verdelho”, “Riesling” və geniş çeşidli Ron və İtaliya üzüm növləri kimi seçimlər də mövcuddur.

Bundan əlavə, milli üzüm növlərinin inkişafına yönələn tədbirlər SSRİ dönəmində Azərbaycan şərabı ilə bağlı mənfi imicin aradan qaldırılmasında mühüm rol oynayıb. Sabitlik, keyfiyyət və yüksək dəyərə diqqət yetirilərək istehsal olunan Azərbaycan şərabları həm daxili, həm də Rusiya bazarına çıxış imkanı əldə edib.

Hazırkı mərhələdə Azərbaycanın şərabçılıq imici yerli və ümumqafqaz üzüm sortları əsasında formalaşıb.

Gürcüstanın “Saperavi”, “Mtsvane” və “Rkatsiteli” növləri ilə yanaşı Azərbaycanın yerli “Mədrəsə” və “Bayan Şira” üzüm növləri də şərab istehsalına 100% faiz uyğundur.

Qafqazın cənubunda yetişdirilən üzüm növlərindən biri də köpüklü şərab istehsalında ənənəvi olaraq istifadə edilən ağ Bayan Şiran sortudur. Gəncə şəhərinin cənub-qərbində yerləşən Bayan kəndinin adını daşıyan bu üzüm sortundan hazırlanan şərablardan bir neçəsinin dadına baxdım. Həmin şərablar zərif aromatik, qırmızı meyvə ləzzətləri ilə dolu olması və incə tonu ilə fərqlənirdi. Şübhəsiz ki, bu sort böyük gələcək vəd edir.


Mədrəsə üzüm sortu isə yalnız Azərbaycana məxsusdur və əsasən Böyük Qafqaz dağlarının ətəyində yerləşən Şamaxanının Mədrəsə kəndində və Gəncə-Qazax bölgəsində yetişdirilir. Gecyetişən, qalın qabıqlı və tünd rəngli “Mədrəsə”, əsasən qarışıq qara meyvələr və moruq dadını özündə daşımaqla, möhkəm, orta damaq tonlarına xitab edir.

19-cu əsrin sonlarından etibarən “Mədrəsə” üzümünün istehsalı 50,000 hektar (125,000 akr) ərazini əhatə edib. Lakin Qorbaçovun üzüm sahələrinin məhv edilməsi ilə bağlı atdığı addımlar nəticəsində Mədrəsə üzümünün istehsalına da ağır zərbə vurulub.

Azərbaycan şərabı: İstehsaçılar

Azərbaycanın ən böyük şərab istehsalçılarından üçü Bakıdan qərbdə, Böyük Qafqazın füsunkar cənub yamaclarında yerləşən Şamaxı və İsmayıllıdadır.

Məsələn, “Savalan” brendi 2007-ci ildə dəniz səviyyəsindən 400 m yüksəklikdə 360 ha üzüm bağını salıb və 2010-cu ildə özünün şərab zavodunu qurub. Burada əsasən Fransız üzüm növlərindən istifadə olunsa da, Venesiya əsilli şərabçı Daniele d’Andrea İtalyan üslubu ilə meyvəli, təbii turşuluğa malik şərablar istehsal etməyə çalışır. Ümumiyyətlə, Savalanın “Chardonnay”, “Moscato”, “Viognier” və “Traminer” üzüm növlərindən hazırlanan qırmızı şərabları müxtəlif aromaları və içmək üçün əlverişli olması ilə seçilir.

Bu zavodda istehsal olunan ən diqqətəlayiq şərablar isə özünəməxsus kəmturşluğa malik, quru “Sauvignon Blanc 2023”, Avstraliya üslubundakı quru “Riesling 2020”, Langedok üslubuna bənzərliyi ilə seçilən “Viognier 2022” və “Verdelho 2023” şərabları idi. Onlar minerallığı və şirəliliyi ilə fərqlənirlər. Bu şərabların hamısı 86-87 bal aralığında qiymətləndirilib.

Meysəri brendi isə 2014-cü ildə dəniz səviyyəsindən 750 m yüksəklikdə üzüm bağları salaraq keyfiyyət baxımından daha yüksək bir səviyyəyə çatıb. Başlanğıcda “Ron/Langedok” üzüm növlərinə (Grenache Blanc, Roussanne, Marsanne, Clairette, Marselan, Cinsault, Carrignan, Grenache və Mouvèdre) daha çox diqqət yetirilsə də, sonradan əl ilə toplanan, orqanik, dəmyə üsulu ilə becərilən üzüm bağlarında Qafqazın özünəməxsus üzüm növlərinin (Bayan Şiran, Rkatsiteli, Mtsvane və qırmızı Saperavi, Mədrəsə, Şirvanşahı) də yetişdirilməsinə start verilib.

Bağ təbii balanslaşdırılmış turşuluq və meyvə təmizliyi təmin etdiyi üçün, bu şərabların yüksək keyfiyyətli olmasına, Langedok/Cənubi Fransa qarışıqlarına bənzərliyinə, Qafqaz xüsusiyyətlərini özündə əks etdirən yeni üslublar yaratdığına şahid oldum. Brendin qırmızı şərabları xüsusilə təmiz, incə tərtibli, əla turşuluğa və zərifliyə malik olması ilə seçilir.

Məsələn, “Sadaf 2022” şərabı (13% alkoqol) “Grenache Blanc”, “Roussanne”, “Marsanne” və “Clairette” sortları ilə yerli “Bayan Şiran” və “Mtsvane” sortlarını özündə birləşdirir. Ron üslubunda olan bu şərab mineral sıxlığı, uzun müddət damaqda qalan ədviyyatlı dadı ilə fərqlənir. “Sadaf 2022” şərabı 89 balla qiymətləndirilib.

“Qırmızı İnnabi 2019” şərabı isə “Marselan”, “Saperavi”, “Mədrəsə”, “Şirvanşahı” da daxil olmaqla yeddi üzüm sortunu özündə birləşdirir. 91 balla qiymətləndirilən bu şərabın dadında meyvə aroması və turşluq özünü göstərir.

“Marselan”, “Cinsault”, “Carignan”, “Grenache Noir” və “Mourvèdre” sortlarının qarışığından hazırlanan “Makhmari 2021” (13.5% alkoqol) isə “Langedok” üslubunda olan istənilən şəraba rəqib ola bilər. Bu şərab 92 balla qiymətləndirilib.

“Chabiant” brendi 2016-cı ildə iflas etmiş “Château Monolit” şərab zavodunun yerində inşa olunub. İtalyan şərabçı Marko Katelani bu brendin yaradıcısı hesab olunur. “Chabiant” şərab zavodunun yanında əvvəllər mövcud olmuş otel-restoran da yenidən qurulur.

Böyük Qafqaz dağlarının göz qamaşdıran mənzərəsi fonunda yerləşən “Chabiant” şərab müəssisəsinin 270 ha ərazini əhatə edən üzüm bağı ilk dəfə 2007-ci ildə, dəniz səviyyəsindən 600 – 1,000 m yüksəklikdə yerləşən yamaclarda salınıb. Hazırda “Chabiant”da “Rkatsiteli”, “Bayan Şira”, “Saperavi” və “Mədrəsə” üzüm sortlarından hazırlanan şərablar istehsal olunur. Lakin gələcəkdə Azərbaycana xas üzüm növlərinin sayının artırılması və qırmızı şərablardan uzaqlaşıb, 50/50 nisbətində istehsala nail olunması planlaşdırılır.

Müəssisədə istehsal olunan şərablar italyan şərabçılığının köklərinə bağlıdır. Lakin nə qədər təəccüblü görünsə də, “Chabiant”ın məhsulları dequstasiya etdiyim şərablar içərisində Azərbaycan üslubunu ən çox özündə əks etdirən şərablar idi. Bu şərablar quru, təmiz meyvə dadı, aşağı spirtli və saf strukturlu olması ilə fərqlənir. “Chabiant” şərabları italyan üslubunda olması, özünəməxsusluğu və yeməklərlə birgə istehlak etməyə uyğunluğu ilə seçilir.


“Chabiant”ın əsas üstünlüyü isə yerli üzüm növlərindən hazırlanan şərablardır. “Chabiant Classic Line Bayan Şira 2023” (12% alkoqol) bu üzüm növünün yüksək potensialını nümayiş etdirir. 24 saat ərzində bu şərabı iki fərqli şüşədən dequstasiya edən zaman neytral minerallıqdan, qovun, meyvə ləzzətləri və nanə, kəklikotu, rozmarin kimi ədviyyatlı-ot bitkilərinin yüksək tonlarına qədər dəyişən mürəkkəb dadla tanış oldum. Bu şərab 89 balla qiymətləndirilib. 

“Chabiant Classic Madrasa 2021” (13% alkoqol) eyni dərəcədə mürəkkəb dada malikdir. Yumşaq teksturası olan bu şərab 91 balla qiymətləndirilib.

“Chabiant”ı sadəcə müəssisəyə məxsus restoranda hazırlanan orijinal Azərbaycan yeməklərini dadmaq üçün belə ziyarət etməyə dəyər. Burada təklif olunan yeməklər yerli sakinlər tərəfindən, yaxınlıqdakı  kənd təsərrüfatı sahələrində yetişdirilən məhsullardan hazırlanır.

Ancaq Azərbaycana səfərimdə dadına baxdığım ən yaxşı, ən maraqlı və mükəmməl Azərbaycan şərabları kiçik, yeni yaranan “vigneron” istehsalçısı “FA Valley” brendinə məxsus idi. Bu şərablar həkim-cərrah Fərhad Ağayev tərəfindən hazırlanır. Fərhad Ağayev 2018-ci ildə salınmış 5 hektar üzüm bağının idarəçisidir.

İtalyan şərablarına olan dərin sevgisi və onların yüksək keyfiyyətini müəyyən edə bilən anlayışı ilə Fərhad Ağayev, Rusiya sərhədindən 60 km cənubda, Xəzər dənizinə yaxın, əvvəllər üzüm yetişdirilməmiş Xaçmaz rayonunda altı İtalyan növü üzüm əkib. Bu üzümlər əl ilə toplanır və butik şərab zavodunda yerli maya ilə fermentasiya edilir. Bu zavod zərif italyan beton çənləri, iri ölçülü palıd çəlləklər, 4,000 litrlik “foudre” və fransız-italyan dizaynlı amforalarla təchiz edilib.

“Aglianico”, “Colorino”, “Nero d’Avola”, “Sangiovese”, “Sagrantino” və “Pugnatello” üzüm növlərindən hazırlanan şərablar özünəməxsus xüsusiyyətlərini yüksək səviyyədə əks etdirir.  

Brendin ən seçilən şərablarından biri, 93 balla qiymətləndirilən “FA Valley Nero d’Avola 2022” (12.5% alkoqol), güllü, tikan meyvəli-qara albalı dadı ilə zəngin, əla turşuluq səviyyəsinə malikdir.

91 balla qiymətləndirilən “FA Valley Aglianico 2022” (13% alkoqol) isə xüsusi çənlərdə hazırlanıb. Bu şərab qiymət baxımından öz üstünlüyünü nümayiş etdirir.

“FA Valley Ragazzaccia Aglianico 2020” (13.5% alkoqol) yüksək aromalı, geniş, incə işlənmiş dadı ilə fərqlənir. 96 balla qiymətləndirilən “FA Valley Ragazzaccia Aglianico 2020” Azərbaycanda dadına baxdığım ən yaxşı şərab idi.

Özünəməxsus dadı ilə seçilən Azərbaycan şərabı

Azərbaycana səfər etməzdən əvvəl bu ölkənin şərabları ilə bağlı dəqiq gözləntilərim olmasa da, kəşf etdiyim dadlar mənim üçün maraqlı təcrübə oldu. Məsələn, Azərbaycanda italyan şərabçılıq məktəbinin təsirinin bu qədər yüksək olduğunu, yaxud da Rusiya sərhədinə yaxın bir ərazidə azərbaycanlı istehsalçı tərəfindən italyan üzümlərindən şərab istehsal edildiyini görmək mənim üçün gözlənilməz idi.

Qeyd edim ki, hazırda Azərbaycanın Üzümçülük və Oenologiya Elmi-Tədqiqat İnstitutu  350-400 yerli üzüm növünü araşdırır və bu üzümlərin DNT tədqiqatlarını apararaq bağçılıq istehsalı üçün üzüm bağlarını gücləndirməyi hədəfləyir. Bunun sayəsində yaxın gələcəkdə istehsalçılar yeni yerli üzüm növləri ilə şərab istehsal etmək imkanı əldə edəcəklər.

Azərbaycan şərabı haqqında çox eşitməməyimizin səbəbi isə şərabçılıq sənayəsinin uzun fasilədən sonra 20 il əvvəl yenidən qurulmasıdır. Bir çox özünəməxsus xüsusiyyətlərinə görə Azərbaycan şərabçılığı “Yeni Dünya” üslubuna uyğun olaraq yaradılıb. Düşünürəm ki, Azərbaycanda şərabçılığın gələcəyi keçmiş ənənələrə uyğun olaraq özünəməxsus formada inkişaf edəcək. 


Nəticə

Azərbaycan şərab turizmi üçün çox əlverişli ölkədir. Paytaxt Bakı isə öz kosmopolit xarakteri ilə səfər etmək üçün əlverişli şəhərdir. Sanki Barselona ilə İstanbulun qarışığı olan bu şəhərin köhnə qala divarları ilə əhatə olunmuş mərkəzi hissəsi səliqə ilə bərpa edilib və dünyanın ən möhtəşəm müasir memarlığı ilə əhatə olunub.

Azərbaycanda yemək və şərab mədəniyyəti isə yenidən canlanır və populyarlaşır.

Bakı həmçinin Azərbaycan şərabçılığını kəşf etmək üçün mükəmməl bir mərkəzdir. Çünki əksər şərab zavodları Bakıdan 1-2 saatlıq məsafədə yerləşir. Bu zavodların hər biri əla restoranlara sahibdir və ənənəvi yeməkləri, heyrətamiz gözəl mənzərələri ilə seçilir.

Ümumilikdə isə səfərim zamanı Azərbaycan şərabları haqqında yalnız səthi məlumat əldə edə bildim. Ona görə də Azərbaycana yenidən səfər etməyi arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin