"Vaşinqton poçtu"nun saxta məktubları - FOTO

Hazırda oxunan: "Vaşinqton poçtu"nun saxta məktubları - FOTO

219969

"The Washington Post" qəzeti yenə də COP29 üzərindən Azərbaycana hücum etməyə çalışıb.

Qəzet "Cənubi Qafqazın kiçik neft ölkəsində BMT-nin ən böyük iqlim sammiti" keçirməsindən yenə də "narahat" olub. Halbuki bu qəzet özü dünyanın ən böyük neft ölkələrindən birində - Amerika Birləşmiş Ştatlarında nəşr olunur.

Bu qəzet Ağ Evdən, Konqresdən, Dövlət Departamentindən reportajları ilə məşhurlaşmışdı. Hətta prezident kiçik Corc Buşa "qoşulub" zamanında İraqa - kimyəvi silah "axtarmağa" da getmişdi. Həm də axtardığının orda olmadığını bilə-bilə. Oxucularını bu yalana inandırmaq üçün qısa bir müddətdə 27 redaksiya məqaləsi dərc etmişdi.

Qısacası, bu nəşr Azərbaycan bir "neft ölkəsi" kimi tanıyırsa, o "petrostate" ifadəsini əvvəlcə elə öz ölkəsi - ABŞ haqqında işlətməlidir, elə deyilmi?!

"The Washington Post" - Amerikanın ən "qədim" qəzetlərindən biridir. 1877-ci ildə yaradılıb.

Yəni bizim "Əkinçi"dən iki il sonra. Həmin o "petrostate" ölkəsində neft pullarının hesabına bu günə qədər gəlib çıxıb. Amma həmişə biznes ailələrinə məxsus və siyasi konyukturadan asılı olduğuna görə, iqtisadiyyatda dalğalanmalardan və hakimiyyət dəyişikliklərindən kədərli nəsibini alıb. Yaşadığı böhranların qəzeti aqressivləşdirdiyini anlamaq olar. Ancaq bu aqressiyanın ünvanı bir çox (ya da lap çox!) hallarda yanlış seçilib. İndiki kimi.

2013-cü ildə Qremm ailəsi qəzeti 250 milyon dollara Amazonun sahibi Ceffri Bezosa satdı.

Çünki artıq böhran dərinləşirdi. Qəzet həmin vaxta qədərki bir ildə 6,5 faiz oxucu itirmişdi. Doğrudur, nəşrin sahibləri bunu onlayn platformalarla rəqabətə bağlayırdılar (ki, bu faktor bütün dünyada var), ancaq başqa nəşrlərdə hətta tiraj artıb.

Əslində səbəb Post-un qeyri-obyektivliyə meyl etməsi, dürüstlüyünü daha çox itirməsi, daha da pisi, Demokratlar Partiyasının ruporuna çevrilməsi olmuşdu. Son prezident seçkilərində də kampaniyanın sonuna hardasa bir həftə qalmış Post namizədlərdən heç birini müdafiə etməmək qərarı verdi. Nəticədə öz abunəçilərinin 8 faizini və bir sıra məşhur köşə yazarlarını və redaktorlarını itirdi. Bu ərəfədə nəşrin nümayəndəsi Donald Trampla görüşmüşdü. Artıq Demokratların uduzduğuna əmin olduqdan sonra Trampın hüzuruna tövbə etməyə getmişlər.

Bu hadisə qəzetin onsuz da son vaxtlar azalan nüfuzuna daha bir zərbə vurdu. Qəzetin sahibi Ceffri Bezosun xüsusi məqalə ilə çıxış edib, izahat verməsi, naşirin açıqlamaları bu mənfi nəticələrin qarşısını ala bilmədi. Donald Tramp da artıq tövbəyə inanacaq deyildi. Çünki Trampın birinci hakimiyyəti dövründə də bu qəzet Respublikaçıların, şəxsən Trampın əleyhinə qara piar kampaniyası aparmaqla məşğul olmuşdu. Eyni zamanda 2024-cü il seçki kampaniyasında da Bayden cəbhəsindən Trampa "atəş açırdı". Seçki kampaniyası boyu - son qərara qədər Respublikaçılara və onun namizədinə qarşı faktik siyasi terrorun önündə gedirdi.

Cozef Bayden, heç şübhəsiz, ABŞ-ın ən uğursuz prezidentlərindən biri (bəlkə də birincisi) oldu.

Çünki onun hakimiyyəti dövründə ölkədə qiymətlər artdı, sosial qütbləşmə dərinləşdi, dövlət borcu çoxaldı, iqtisadi və maliyyə reqressləri bir-birini əvəz etdi. Xarici siyasət isə tamamilə iflasa uğradı. O, öz xarici siyasətini müharibələr üzərində qurdu. Rusiya ilə Ukrayna arasında müharibə, bunun Avropaya, bütün dünyaya sarsıdıcı təsiri göz qabağındadır. Bu gün 48 milyonluq Ukrayna cəmiyyətinin 12 milyon nəfərdən çoxu - dörddə biri öz ev-eşiyindən didərgin düşüb. Milyonlarla Ukraynalı başqa ölkələrə üz tutub. Bir milyona yaxın Ukraynalı isə müharibədə həlak olub, yaralanıb, əsir, girov və itkin düşüb. Ukrayna rəsmi mənbələrinin məlumatına görə, təkcə on min uşaq Ukraynadan oğurlanıb. Halbuki Bayden administrasiyası Ukraynaya xoşbəxtlik və Avropa ailəsinə üzvlük vəd etmişdi.

Prezident Baydenin hakimiyyəti dövründə ABŞ təkbaşına supergüc statusunu itirdi, Çin gücləndi. Hindistan, Braziliya kimi aktorlar ortaya çıxdı. Avropa İttifaqı həm iqtisadi, həm siyasi baxımdan zəiflədi. Rusiya və Çin öz ətrafında xeyli orta böyüklükdə ölkələri toplamağı bacardı.
 

Bu, ABŞ-ın Yaponiya, Cənubi Koreya kimi ənənəvi müttəfiqlərini çətin vəziyyətə saldı. Koreya yarımadasında iki Koreya arasında, Çinlə separatçı Tayvan hökuməti arasında, eləcə də, Yaponiya ilə Rusiya arasında hərbi-siyasi gərginlik artdı. Şimali Koreyanın Ukrayna mübaribəsinə qoşulması və Vaşinqtonun buna bəyanatdan başqa bir cavab verə bilməməsi, müharibənin Avropa-Asiya qitələrarası toqquşma riskinin yaranması, İsrail-İran qarşıdurmasının kəskinləşməsi, Qəzza dramı, Qırmızı dənizdə husilərin Qərb güclərinə meydan oxuyacaq həddə aktivləşməsi, Amerika ordusunun hakimiyyəti Talibana verib Əfqanıstandan qaçması, Afrikanın bəzi ölkələrindən çəkilməsi, dolların qlobal hökmranlığının zəifləməsi və sair və ilaxır. Bunların hamısı Cozef Bayden hakimiyyəti dövründə olan uğursuzluqların tam olmayan siyahısıdır. Eləcə də, yanlış siyasətlə Gürcüstanın faktik itirilməsi, Venesuela böhranında Ağ Evin və Dövlət Departamentinin gücsüz qalması da bura əlavə olunmalıdır. Bundan başqa Azərbaycana qarşı məlum 907-ci düzəlişin bərpa olunması, Ermənistanın Azərbaycana qarşı silahlandırılıb, yeni müharibəyə həvəsləndirilməsi, 5 aprel avantürası, Avropa İttifaqının da bu "miniMarşal" planına qoşdurulması, Ermənistanı guya Rusiyanın təsirindən çıxarmaq kimi bir illüziya üzərində strategiya qurulması, Türkiyəyə qarşı haqsız, əsassız və effektsiz sanksiyalar...


Bayden administrasiyasının yanlışlarını saymaqla bitmir. Ağ dənizdə Yunanıstanı Türkiyəyə qarşı müharibənin astanasına gətirib çıxaran da Bayden-Blinken cütlüyü oldu. Türkiyə intensiv səylər, diplomatik çeviklik göstərərək, vəziyyəti həll etdi. Yoxsa bölgədə daha bir savaş çıxacaqdı.

Bütün bunlar "The Washington Post" qəzetinin gözləri qarşısında baş verirdi. Ancaq biz Bayden hökumətinin bu yanlışlıqlarının obyektiv tənqidinə nəşrdə rast gələ bilmədik. Əksinə nə fiziki, nə koqnitiv imkanları ABŞ-ı idarə etməyə yetərli olmayan bir prezidenti bu qəzet görməzliyə vururdu. Amma Donald Trampın hakimiyyəti dövründə tam bir "aslan kəsilmişdi". Anonim "mənbələr"ə əsaslanaraq yoxlanılmamış məlumatlar yayırdı.

Məsələn, "The Washington Post" 2018-ci ildə prezident Donald Trampın guya Latın Amerikası mənşəli şəxslərə pasport verilməsini qadağan etməsi haqda saxta material dərc etmişdi. Dövlət Departamentinin müdaxiləsindən sonra həmin materialda dəfələrlə düzəliş edilmiş və yenidən redaktə olunmuşdu. Bu cür faktlar qəzetin xüsusilə Respublikaçılara qarşı münasibətində dəfələrlə özünü göstərib. Çoxlu misallar gətirib, yazını daha da uzatmaq istəmirəm.
 

Tez-tez yalan məlumatlar yaydığına, Respublikaçılar əleyhinə mənfi rəylərə, təbliğat materiallarına daha çox yer ayırdığına görə bu qəzet "Demokratların yalan maşını" adlandırılmışdı. Qəzet tez-tez siyasi simpatiya və antipatiyalarını dəyişirdi. Ötən əsrin 60-80-ci illərində qəzet sol mövqedəydi. Buna görə "Pravda"ya da bənzədilmişdi. Sonralar qəzet sağa meylləndi. Son seçkilər zamanı isə "The Washington Post" özünü daha da gözdən saldı. Kampaniya boyu Demokratların əvvəlcə bir, sonra da başqa namizədini təbliğ edirdi, sona yaxın Kamala Harrisin uduzduğunu görüb, "batan gəmi"ni tərk etməyə çalışdı. Bu da elə öz oxucularının, öz əməkdaşlarının etirazına səbəb oldu. Qəzet oxucu marağına deyil, sahibinin biznes maraqlarına uyğun mövqe seçdi. Bu da bir növ reneqatlıq kimi çıxdı.



Beləliklə, "The Washington Post", eləcə də, "The Economist" və sair nəşrlər özlərini süddən çıxmış ağ qaşıq kimi göstərə bilməzlər. Qlobal miqyasda, eləcə də, Amerikanın öz daxilində bir çox yanlış qərarların və mənfi proseslərin dəstəklənməsində bu nəşrlərin payı var. Bu səbəblərdəndir ki, hazırda ümumilikdə ABŞ-da öz mediasına etibar edənlərin sayı heç 40 faizə çatmır. Bu tendensiya getdikcə güclənir. Artıq Qərbin media nəhəngləri heç də uzaqdan göründüyü qədər nəhəng deyillər.

Elə bax, bu "The Washington Post" - "Vaşinqtonun poçtu" deməkdir. Ancaq bu boyda "poçt" öz yolunu azıb saxta məktublar yayır. Ən pisi də odur ki, o saxta məktubları yazan da elə özüdür.


Bahəddin Həzi, Bizimyol.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin