Ukrayna müharibəsində YENİ DÖNƏM – Tramp savaşı “bir günə bitirmək” üçün NƏ EDƏCƏK

Hazırda oxunan: Ukrayna müharibəsində YENİ DÖNƏM – Tramp savaşı “bir günə bitirmək” üçün NƏ EDƏCƏK

219503

Görünən odur ki, Donald Tramp yenidən Ağ Evə qayıdır. Belə ki, ötən günü baş tutan seçkilər məhz Trampın qələbəsilə başa çatıb.

İndi qarşıdakı dövrdə Trampı seçkiqabağı verdiyi vədlərə əməl etmək kimi çətin işlər gözləyir. Trampın verdiyi vədlərdən biri, bəlkə də ən başlıcası, Ukraynadakı müharibəni bitirmək vədidir. ABŞ-ın yeni Prezidenti seçki kampaniyası dövründə bu problemi qısa zamanda həll edəcəyinə söz verib

Görəsən, Tramp Rusiya-Ukrayna müharibəni yekunlaşdıra biləcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Tramp işə başlayan kimi, Ukrayna məsələsilə bağlı hansısa təkliflərlə çıxış edəcək və Rusiya həmin təklifləri rədd etsə, Kiyevə bəs edən qədər hərbi dəstək verəcək:

“Baydendən fərqli olaraq Tramp qətiyyətlidir. Həm də görünür, Tramp Baydendən fərqli olaraq Putin qarşısında heç bir öhdəlik götürməyib. O, seçki ərəfəsində elan etdi ki, seçiləndən sonra hətta andiçmə mərasimini gözləmədən Putin və Zelenski ilə əlaqə yaradıb, müharibəni dayandıracaq.

Tramp bildirmişdi ki, Putin onun şərtlərini qəbul etsə, Zelenskini də Rusiya prezidentinin şərtlərini qəbul etməsi üçün dilə tutacaq. Kreml bununla razılaşmadığı təqdirdə isə Tramp Ukraynaya bəs edən qədər silah verəcək ki, Moskvanı öz şərtlərini qəbul etməyə vadar etsin. Amma bu şərtlərin nədən ibarət olduğunu bilmirik”.

Həmsöhbətimizə görə, bu bir qədər bəsit yanaşmadır:

“Çünki hamı bilir ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin səbəbi heç də yalnız Ukrayna deyil. Qərbin Şərqə doğru genişlənməsidir. Təsadüfi deyil ki, 2021-ci ildə Kremlin tapşırığı ilə xarici işlər nazirinin müavini Ryabkov NATO ölkələrinə 1997-ci il sərhədlərinə geri çəkilməklə bağlı ultimatum verib. Əks halda cəzalanacaqları ilə hədələyib.

NATO bu təklifi rədd edəndə də, Moskva Ukraynaya hücum etdi. Putin NATO-nun 1997-ci il sərhədlərinə geri çəkilməsi şərtindən əl çəkməyəcək. Keçici məqsəd kimi də Ukraynanın ilhaqının tanınmasını tələb edir. Lakin bu Ukrayna xalqı üçün məqbul deyil. Kiyev də 1991-ci il sərhədinə qayıdılmasını tələb edir ki, bu da Rusiya üçün məqbul deyil”.

Müsahibimizin fikrincə, Ukrayna məsələsilə bağlı Trampın qarşısında olduqca çətin vəzifə durur:

“Hər halda Tramp Baydenə nisbətən daha qətiyyətlidir. O, hansısa təkliflər verəcək. Rusiya bu təklifləri qəbul etməsə güman ki, Amerikanın Kiyevə verdiyi yardımlar xeyli artacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin