Rusiya və Ukrayna Qətərin vasitəçiliyi ilə “bir-birinin enerji infrastrukturuna hücumların dayandırılması barədə ilkin müzakirələrə” başlayıb.
Bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazıb. Nəşr qeyd edib ki, danışıqların gedişatı ilə tanış olan diplomat bunları “nəyinsə potensial bərpası haqqında çox erkən danışıqlar” adlandırıb.
Hələ avqust ayında bir çox Qərb mediası xəbər vermişdi ki, Rusiya və Ukrayna, həmçinin Qətərin vasitəçiliyi ilə enerji infrastrukturuna – Rusiya tərəfindən Ukraynadakı elektrik stansiyalarına və Ukrayna tərəfindən neft sənayesinə hücumların dayandırılması barədə danışıqlara başlamağı müzakirə ediblər. Lakin nəşrlərin məlumatına görə, Ukrayna Kursk vilayətində bir sıra əraziləri tutduqdan sonra Rusiya həmin danışıqlardan imtina edib.
Lakin bununla belə, oktyabrın ortalarında Ukrayna Prezidenti Volodımır Zelenski bildirmişdi ki, Rusiya ilə enerji infrastrukturlarına hücumların dayandırılması barədə razılaşma olarsa, bu onun müharibənin qaynar fazasını bitirməyə hazır olduğunu göstərə bilər. Hər halda açıqlanan məlumat onu deməyə əsas verir ki, sözügedən razılıq əldə olunarsa, müharibənin qaynar fazası bitə bilər.
ABŞ isə bunun müqabilində belə görünür müharibənin uzanmasında maraqlıdır. Belə ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq bildirib ki, Şimali Koreya əsgərləri Rusiya tərəfində müharibəyə girərsə, onlara qarşı Amerika silahlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq.
ABŞ-ın bu addımı nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ başqa olmaqla Qərb Rusiya-Ukrayna müharibəsinin hələlik davam etməsində maraqlıdır:
“Onların əsas hədəfi Rusiyanı uzun müddətli müharibədə saxlamaqla istər iqtisadi, istərsə də hərbi cəhətdən tükəndirməkdən ibarətdir. Buna da hələ ki, nail olurlar. İndi də Şimali Koreya əsgərlərinin Rusiyada olması faktından istifadə edərək Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə veriləcəyi, habelə Ukraynaya NATO birliklərinin yerləşdirilməsi ehtimalı ilə bağlı xəbərdarlıq edirlər.
Düşünmürəm ki, NATO Ukrayna ərazisinə qoşun göndərməklə açıq şəkildə müharibəyə qoşulsun və ya Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsi versin. Bu bəyanatlar daha çox Rusiyanı çəkindirmək məqsədi daşıyır”.
Ekspertə görə, Şimali Koreya hərbiçilərinin müharibədə iştirak etməsi ehtimalı da mümkünsüzdür:
“Belə ki, nə Rusiya Qərbə belə bir bəhanə vermək istəyər, nə də Şimali Koreya birbaşa hərbi əməliyyatlarda iştirak etməklə özünü zərbə altına qoyar”.
Rusiya-Ukrayna danışıqları hansı nəticəni verəcək?
Qətərin vasitəçiliyi ilə Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna hücumların dayandırılması barədə ilkin müzakirələrə başlamasına gəldikdə həmsöhbətimiz bildirir ki, bu hər iki tərəfin marağına xidmət edir:
“Xüsusilə də indiki dövrdə, yəni qış aylarında Rusiya tərəfindən Ukraynanın enerji strukturlarının hədəf alınması Ukraynanı ağır duruma sala bilər. Eynilə də Ukrayna tərəfindən Rusiya ərazisindəki oxşar infrastruktura zərbə endirməsi Rusiya üçün yaxşı heç nə vəd etmir.
Odur ki, tərəflər bu istiqamətdə müsbət irəliləyişə nail ola bilərlər. Bu irəliləyişin müharibənin qaynar fazasını bitirməyə imkan yaradıb-yaratmayacağını isə zaman göstərəcək. Çünki bu, indi nə Rusiyadan, nə də Ukraynadan asılı deyil”.
Y. Bağırzadənin fikrincə, müharibənin davam etməsini istəyən güclər Kiyevə müharibəni dayandırmaq icazəsi verməyənə və ya Ukrayna hakimiyyəti Qərbin maraqlarından imtina etməyənə qədər müharibə davam edəcək.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:00 / 31.10.2024
Rusiya-Ukrayna danışıqları BAŞLADI – ABŞ isə müharibəni uzatmaq üçün bu yola ƏL ATIR...
Hazırda oxunan: Rusiya-Ukrayna danışıqları BAŞLADI – ABŞ isə müharibəni uzatmaq üçün bu yola ƏL ATIR...
Hazırda oxunan: Rusiya-Ukrayna danışıqları BAŞLADI – ABŞ isə müharibəni uzatmaq üçün bu yola ƏL ATIR...
218476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.