İsrail əks-hücum HAZIRLIĞINDA – Yaxın Şərqdə qlobal müharibə ALOVLANIR...

Hazırda oxunan: İsrail əks-hücum HAZIRLIĞINDA – Yaxın Şərqdə qlobal müharibə ALOVLANIR...

214230

Əksəriyyətinin gözləmədiyi halda İran dünən İsrailə raketlərlə cavab zərbələri endirdi. Bu isə regionda gərginliyin artıq pik həddə çatdığına işarədir. 

Məlumata görə, İranın hücumunun ilk dalğasında raketlərin azı 80 faizi İsraildəki hədəflərə dəyib. Məlumata görə, İran İsrail ərazisinə təxminən 180 ədəd raket atıb

İranın hücumuna cavab olaraq İsrail hökuməti təcili iclas keçirib. İclasdan sonra mətbuata açıqlama verən İsrailin Baş naziri Benyamin Netanyahu cavab tədbirlərinin görüləcəyini elan edib.

Görəsən, İsrailin İrana cavab zərbəsi nədən ibarət olacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İsrailin İrana cavab zərbəsi olacaq və bu cavab da yeni bir mərhələyə yol açacaq: 

“Hansı ki, bu mərhələ də sözün əsl mənasında böyük dəhşətlərlə əlaqəli olacaq. Çünki faktiki olaraq indi bütün dünya İranın İsrailə hücumundan danışır. Amma dərinə gedəndə görürük ki, İranın atdığı addım əks-hücumdur. Ona görə ki, bütün gərginliyi yaradan İsrailin özünün təhlükəli, riskli gedişləridir. 

Bir tərəfdən, İsrail İranın Dəməşqdəki səfirliyinə raket zərbəsi endirərək, bu ölkənin yüksək rütbəli generallarını öldürdü. Digər tərəfdən, Tehranda İranın rəsmi qonağı İsmayıl Haniyəni qətlə yetirdilər. Bu addımla terror aktı ilə yanaşı, İranın ərazi bütövlüyünü də pozdular. Nəhayət “Hizbullah” lideri və İranın daha bir yüksək rütbəli zabiti qətlə yetirildi. İran bu fonda nə etməli idi ki? Faktiki olaraq İrana elə bir zərbələr endirilib ki, Tehran onları heç nə olmamış kimi həzm etsə, onun öz qüdrət, bacarıq və mənliyini artıq itirdiyi qənaətinə gələcəklər”.

Politoloqun fikrincə, İsrail hökuməti bilərəkdən Amerikaya arxalanmaqla vəziyyəti eskalasiya həddinə çatdırıb: 

“Amma inanmıram ki, ABŞ seçki ərəfəsi İsrailin arxasında dayanaraq, onunla bərabər İrana hücum etsin. Netanyahu cidd-cəhdlə çalışır ki, qlobal müharibəni gündəmə gətirsin. Prosesin sonrakı gedişinin necə olacağı İsrailin cavabından asılıdır”. 

Ekspertə görə, İsrailin cavabı orta və ya daha yuxarı səviyyədə ola bilər: 

“Təl-Əvivin də cavab vermək hüququ var. Cavab nisbətən orta səviyyədə olsa, bəlkə də qarşıdurma ötüşəcək. Amma İsrailin cavab zərbəsi güclü olması ilə seçilsə, İran da dinc oturmayacaq. Bütün hallarda İsrail də çalışacaq ki, öz mənliyini qoruyub saxlamaq üçün nəsə etsin. Vəziyyət çox həssas və son dərəcədə qığılcımlıdır”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin