Dünən güneyli fəallar yeni tədris ilinin başlaması ilə bir vaxtda Təbrizin məktəblərində uşaqlara yüzlərlə Azərbaycan türkcəsində kitab paylayıb, ölkənin təhsil sistemində fars dilin hakim olmasına etiraz ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" Telegram kanalı yayıb.
Mənbə qeyd edir ki, habelə, fəallar yazılar dərc edərək hər tədris ilinin əvvəlində Ana dilinin mənəvi terrorun hədəfi olduğunu açıqlayıblar.
“İran hökuməti bu bölgədə yaşayan xalqların, türk, ərəb, bəluç, türkmən kimi etnik qrupların bütün maddi və mənəvi haqlarını görməzdən gəlir. Pəhləvi sülaləsi dövründən etnik qruplar bu günə qədər İran hökumətinin şovinist siyasəti ilə mübarizə aparırlar.
İranda yaşayan türklər bir çox əsas hüquqlarından, Ana dilində təhsil almaq, qəzet və televiziyaya sahib olmaq hüququndan məhrumdurlar, habelə güneylilərin övladlarına türk adları seçmək hüququ yoxdur və Qeydiyyat İdarəsinin təklif etdiyi adları qəbul etməyə məcbur olurlar”, - milli fəallar qeyd ediblər.
Bizim.Media