Regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi kontekstində Azərbaycan və Ermənistan üçün mühüm fürsət yaranıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində ABŞ-ın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir.
“Biz dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, habelə beynəlxalq hüquq normalarına hörməti sarsılmaz hesab edirik. Müasir dünyanın bu prinsiplərə hər zaman olduğundan daha çox ehtiyacı var”, - deyə o vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün çoxqütblü dünya nizamını gücləndirmək lazımdır. Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunda islahatlara çağırıb. O əlavə edib:
“İkinci Dünya müharibəsindən sonrakı dövrdə yaranan ikiqütblü dünya, eləcə də birqütblü dünya artıq tarixə qovuşub”.
“BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları dünyadakı proseslərin gedişini müəyyən edə bilməz. Dünya beş dövlətdən böyükdür və mən bunu BMT Təhlükəsizlik Şurasının tribunasından bir daha bəyan edəcəyəm”, –deyə Türkiyə lideri daha sonra bildirib.
Bizim.Media