“Qəzzada baş verənlər həqiqətən də faciəvidir. Atəşkəs məsələsinə gəlincə, Türkiyənin bu istiqamətdə hər hansı bir rol oynaya biləcəyi mövzusunda heç bir irəliləyiş görmürəm. Çünki HƏMAS-a təzyiq göstərmək qabiliyyətinə malik olan Qətər və İsrailə təzyiq göstərən ABŞ belə hər hansı irəliləyişə nail ola bilməyib?”
“HƏMAS müstəqil hərəkət etmir”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında terrorizm və Yaxın Şərq üzrə mütəxəssis, amerikalı alim Adrian Kalamel deyib. Fələstin-İsrail münasibətlərini şərh edən mütəxəssis vasitəçilərin ciddi nəticələr üçün addım atmadığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
İsrail HƏMAS-ın Qəzzadakı məğlubiyyətini ELAN ETDİ
“Məsələnin mərkəzində isə girov məsələsi dayanır. 7 oktyabrda İsrail vətəndaşlarının girov götürülməsi bu, münaqişənin dinamikasını tamamilə dəyişdi. HƏMAS onları bir təzyiq vasitəsi kimi görür. Qətər HƏMAS-a daha çox təzyiq göstərə bilərmi? Əlbəttə. Bəs Qətərin həqiqətən HƏMAS üzərində o qədər təsir imkanı varmı? Bəlkə prosesin arxasında İran dayanır və HƏMAS-a girovlarla bağlı əmrlər Tehrandan gəlir? Çünki HƏMAS bəzilərinin düşündüyü kimi müstəqil hərəkət etmir”.
“HƏMAS bütün sülh təkliflərini rədd edir”
Prosesin başa çatması üçün vacib olan məqamları sadalayan amerikalı alim, ilk növbədə israilli girovların azad edilməli olduğunu deyib:
“HƏMAS buna hazır olsa, hər şey doğru istiqamətdə irəliləyərdi. Amma onlar bunu etmək istəmirlər. Girovların buraxılması məsələsində işlər dalana dirənib. İsrail, ABŞ və digər tərəflər sülh planları irəli sürdülər, amma HƏMAS onların hamısını rədd edib. Onlar tələbləri dəyişdirir, yeni şərtlər əlavə edirlər, lakin nəticədə təklifləri rədd edirlər.
Münaqişənin obyektiv müşahidəçiləri üçün əsas məsələ "sonrakı gün" planıdır. Bu planın əsasını HƏMAS-ın olmadığı gələcək təşkil edir. Hazırda HƏMAS-ın Qəzzadakı vəziyyətinə baxsaq, onlar cəmi bir neçə min döyüşçü ilə var güclərini ortaya qoyublar. Sinvar və rəhbərlik strukturu hələ də Qəzzadadır, ancaq onların qüvvələri demək olar ki, məhv edilib”, - deyə mütəxəssis bildirib.
Hazırda İsrailin əsas məqsədi HƏMAS-ın güclənməsinin qarşısını almaqdır.
“HƏMAS-ın yenidən güc yığmayacağı, Qəzzadan daha bir hücum başlatmayacağı ilə bağlı İsrailə zəmanət verilməlidir. Bu uzun və dərin müzakirələr tələb edən məsələdir. Bu proses uzun olacaq.
Düşünürəm ki, 100% məsuliyyət HƏMAS və İran İslam Respublikasının üzərinə düşür, çünki onlar bu əməliyyata yaşıl işıq yandırdılar. Hər hansı bir razılaşmaya gəlməyin yeganə yolu, HƏMAS-a təzyiq göstərərək girovları buraxmağa məcbur etməkdir və bunu etmək üçün İran İslam Respublikasına təzyiq göstərmək lazımdır. Bununla yanaşı, HƏMAS və Fələstin İslam Cihadı kimi terror təşkilatlarının İsraildə belə səviyyədə dağıntılar törədə bilməməsi üçün "sonrakı gün" planı olmalıdır”, - deyə A.Kalamel əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media