Amerikalı milyarder İlon Mask ABŞ-ın sabiq prezidenti və dövlət başçısı postuna namizəd Donald Trampın həyatına ikinci sui-qəsd cəhdini şərh edib.
Bizim.Media xəbər verir ki, İlon Mask özünün sosial media platformasında belə bir ritorik sual yerləşdirib: Nə üçün yalnız Respublikaçılar partiyasının namizədinə sui-qəsd təşkil olunur? “Heç kim Prezident Cozef Baydeni, yaxud vitse-prezident Kamala Harrisi öldürməyə cəhd göstərmir”, - deyə amerikalı biznesmen yazıb.
Sentyabrın 15-də Florida ştatında Donald Trampın qaldığı otelin qolf klubunda atışma baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, xüsusi xidmət orqanlarının əməkdaşları kolların arasında gizlənərək içəri daxil olmağa çalışan şəxsi saxlayarkən odlu silahdan istifadə edib.
Onun gizləndiyi yerdə optik nişangahlı AK-47 avtomatı, iki çanta və “GoPro” kamerası aşkarlanıb. Faktla bağlı araşdırma başlayıb. İstintaqa Federal Təhqiqatlar Bürosu da qoşulub. ABŞ hakimiyyət orqanları hadisəni Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.
Bu, sabiq prezidentə qarşı artıq ikinci sui-qəsd cəhdidir. Trampın həyatına əvvəlki su-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatında baş vermişdi. Onun çıxış etdiyi səhnədən təxminən 100 metr aralıdakı binanın damında gizlənən cinayətkar siyasətçiyə atəş açmışdı. Hadisə nəticəsində sabiq dövlət başçısı qulağından yaralanmışdı.
Bizim.Media