Müharibə aparan Ukraynada hökumət səviyyəsində siyasi hərəkətlilik müşahidə olunur. Belə ki, bəzi yüksək rütbəli məmurlar bir-birinin ardınca istefaya gediblər.
Bu addımı ilk olaraq Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval atıblar. Ardınca Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina və Baş nazirin digər müavini, reinteqrasiya naziri İrina Vereşçuk da istefa ərizəsi təqdim edib. Sentyabrın 4-də isə xarici işlər naziri Dmitri Kuleba da istefa verdiyini bəyan edib.
Görəsən, Ukraynada nazir istefalarına səbəb nədir? Ölkədə hökumət böhranı yaşayır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, bu istefalar hökumət daxilində ciddi fikir ayrılıqlarının olmasından qaynaqlanır:
“Rusiya-Ukrayna müharibəsinin arealı böyüdükcə müəyyən problemlər də yaşanır. Belə görünür ki, artıq Ukrayna hakimiyyəti daxilində ciddi fikir ayrılıqları yaranmağa başlayıb. Hansı ki, bu fikir ayrılıqlarının tonusunu açıq şəkildə hər yerdə görürük. Müharibənin davam etməsi və hər iki tərəfi razı salacaq sonluğun görünməməsi siyasi hakimiyyət daxilində də çək-çevirlərə səbəb olur. O, baxımdan Ukrayna hökumətindəki kadr dəyişiklikləri müharibənin davam etməsi fonunda ortaq anlaşma, hər iki tərəfi qane edən razılaşmanın əldə edilməməsinin bariz nümunəsidir.
Ukrayna XİN rəhbəri Dmitri Kulebanın istefasından sonra geniş mənada hansısa hakimiyyət böhranınn yaşandığını söyləmək obyektiv olmaz. Amma istənilən halda Ukrayna daxilində müharibə ilə bağlı olaraq ciddi problemlərin olduğu da göz önündədir. Bundan əvvəl Müdafiə Nazirliyində dəyişiklik oldu. İndi də bir sıra digər hökumət üzvlərilə yanaşı xarici işlər naziri də istefaya getdi”.
Həmsöhbətimizin fikrincə, bütün baş verənlər Prezident Zelenski ilə hökumətdəki bəzi qruplar arasında anlaşılmazlıq olduğunun göstəricisidir:
“Amma bunu o qədər şişirtməyi də doğru hesab etmirəm. İstənilən halda müharibə gedən ölkədə bu cür hadisələr gözləniləndir. Bir sözlə, Ukraynada XİN rəhbərinin istefasını bütövlükdə geniş hakimiyyət böhranı kimi dəyərləndirmək doğru deyil”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:20 / 07.09.2024
Ukrayna hakimiyyətində FİKİR AYRILIĞI – Nazirlərin ardıcıl istefasının PƏRDƏARXASI
Hazırda oxunan: Ukrayna hakimiyyətində FİKİR AYRILIĞI – Nazirlərin ardıcıl istefasının PƏRDƏARXASI
Hazırda oxunan: Ukrayna hakimiyyətində FİKİR AYRILIĞI – Nazirlərin ardıcıl istefasının PƏRDƏARXASI
210401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.