Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır? – Mixail Neyzmakovdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır? – Mixail Neyzmakovdan ÖZƏL AÇIQLAMA

Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır? Mixail Neyzmakovdan Müsahibə və önəmli açıqlamalar. Rusiya ile Ukrayna arasında devam edən müharibə və sülh üçün addımlar. Moskva, Kiyev, Hindistan, Amerika və digər ölkələr arasında siyasi və hərbi məsələlər.

209210

“Kursk vilayətində baş verən hadisələr ən azı 2024-cü ilin sonuna qədər münaqişənin həlli ilə bağlı ictimai danışıqların aparılması ehtimalını azaldıb. Digər tərəfdən, potensial vasitəçilər arasında rəqabət davam edir. Məsələn, Hindistanın Baş naziri Narendra Modinin Kiyevə səfərini nümunə kimi qeyd edə bilərik”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sergey Markovdan SENSASİON XƏBƏRDARLIQ: “Rusiya nüvə silahına əl ata bilər” –MÜSAHİBƏ


“Vasitəçilərin səyləri davam edəcək”

Rusiya-Ukrayna müharibəsini, sülh üçün atılmalı olan addımları şərh edən analitik, tərəflərin yaxın müddətdə danışıqlar masasına qayıtmasının gözlənilmədiyinə diqqət çəkib:

“Eyni zamanda, yaxın gələcəkdə Moskva və Kiyev arasında danışıqların təşkilində artıq aktiv rol oynamağa çalışan digər liderlər, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu istiqamətdə yeni ictimai addımların atılması olduqca mümkündür. Bundan əlavə, hətta ən gərgin vəziyyət fonunda belə qeyri-ictimai təmaslar, o cümlədən münasibətləri təbii olaraq münaqişənin gedişinə təsir edən Rusiya və ABŞ arasında davam edə bilər”.

Müharibədə gərginliyin yüksəlməsi ABŞ-dakı prezident seçkiləri ilə bağlıdır?

Analitik müharibənin gedişatının dəyişməsi və ya müharibənin aktiv fazaya keçməsinin ABŞ-da keçiriləcək Prezident seçkiləri ilə əlaqələndirilməsini doğru hesab etmir:

“Bir çoxları Ukrayna böhranı ilə bağlı danışıqların intensivləşməsi ehtimalını ABŞ-da prezidentlik kampaniyasının başa çatması ilə əlaqələndirirlər. Ancaq nəzərə almaq lazımdır ki, Amerikanın yeni prezidenti yalnız 2025-ci ilin yanvarında vəzifəyə başlayacaq və onun fəaliyyəti əvvəlcə administrasiyasında təyinatların əlaqələndirilməsi zərurəti ilə məhdudlaşacaq.

Artıq rəsmi postda olan Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə inauqurasiyadan əvvəlki dövrdə xarici siyasət fəaliyyəti üçün bir az daha çox imkanlar yaranacaq. Lakin bu zaman onun diqqəti həm də daxili siyasi problemlərə yönələcək. Üstəlik, seçkinin nəticələrindən asılı olmayaraq, uduzan tərəfin tərəfdarlarının aktiv etiraz aksiyalarının keçirilməsi çox böyük ehtimaldır.

Ola bilsin ki, həm Moskvanın, həm də Kiyevin 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlindəki taktikasına əvvəlki aylarda olduğu kimi eyni tendensiya – danışıqlar masasına daha güclü mövqedə əyləşmək üçün aktiv döyüş əməliyyatlarını davam etdirmək istəyi təsir edəcək”.

Müharibənin gərginləşməsi Rusiyanın nüvə silahına əl atması ilə nəticələnə bilər?

Neyzmakov hesab edir ki, son vaxtlar Rusiyanın nüvə müharibəsi ilə bağlı təhdidləri nüvə müharibəsinin başlayacağı anlamına gəlmədiyini sözlərinə əlavə edib.

“Nüvə müharibəsi mövzusu vaxtaşırı Moskva və Kiyev arasındakı münaqişə fonunda mətbuatın gündəminə gəlsə də, bu növ silahların istifadəsi və ya Rusiyadan başqa digər nüvə dövlətlərinin ordularının hərbi əməliyyatlarda birbaşa açıq iştirakı ehtimalı azdır.

Hazırda həm Rusiya, həm də ABŞ nüvə silahından istifadə məsələsini çox ehtiyatla şərh edirlər.

Beləliklə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü il avqustun sonunda nüvə silahından istifadə ilə bağlı Rusiya doktrinasının “aydınlaşdırılmasını” bir daha xatırladıb. Ancaq bu, bəlkə də Rusiyanın nüvə imkanlarına dair ən ehtiyatlı xatırlatmadır”, - deyə M.Neyzmakov bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin