İranın İsrailə hücumu ilə bağlı XƏBƏRDARLIQ – “Barıt çəlləyinin partlamasına çox az qalıb...” – ÖZƏL – FOTO

Hazırda oxunan: İranın İsrailə hücumu ilə bağlı XƏBƏRDARLIQ – “Barıt çəlləyinin partlamasına çox az qalıb...” – ÖZƏL – FOTO

Cənubi azərbaycanlı politoloq Aslan Sultani, İranın İsrailə hücumu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayıb. İranın İsrailə doğrudan hücum etməyə gücünün yetmədiyini deyən Sultani, gələcəkdəki perspektivləri və ABŞ-dakı seçkilərin əhəmiyyətini qiymətləndirib.

208760

“İranın İsrailə birbaşa hücum etmək niyyəti olsa belə, bunu sözdə deyə bilər. Əməldə etməyə isə qadir deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Aslan Sultani deyib.


 

MÖVZU İLƏ BAĞLI:

İran-İsrail münaqişəsinin ƏSAS HƏDƏFİ – Hansı ölkələr qurbana çevriləcək?


HƏMAS liderinin Tehranda öldürülməsindən sonra İran-İsrail münasibətlərinin daha da gərginləşəcəyi, böyük müharibəyə çevriləcəyi ilə bağlı düşüncələr olsa da, ötən bir ay ərzində İranın İsrailə hansısa hücumu görülmədi.

Aslan Sultani hesab edir ki, İranın İsrailə qarşı addım atacaq gücü yoxdur:

“Amerika donanması Qızıl dənizdədir. Bu, önəmli faktordur. İran bu səbəblərdən addım ata bilmir. Mən düşünürəm ki, Haniyənin Tehranda vurulması heç də təsadüfü deyildi. 7 oktyabr hücumundan sonra HƏMAS qüvvələrinin aradan qaldırılması üçün İsrail bütün gücü ilə səfərbər olub. Əməliyyatlar aylardır ki, davam edir və bütün proseslər bir-birini izləyir. Elə Haniyənin öldürülməsi də prosesin bir parçası idi. İsrail 7 oktyabr hadisələrinin banilərini cəzalandırır. Sual oluna bilər ki, İran daxilində dövlət içərisində dövlətmi var? Məncə var”, - deyə A.Sultani bilidirib.

Politoloq hesab edir ki, prosesin gecikməsinin digər səbəbi ABŞ-dakı prezident seçkiləri ilə bağlıdır:

“Hazırda İranda dövlət içərisində idarəetmə başqalarının əlindədir. Onlar reallaşa biləcək hücuma mane olurlar. Burada ABŞ-ın da önləyici rolu var. Keçən dəfəki kimi məhdud şəraitdə, xəbərdarlıqlı cavab tədbirləri verə bilərdilər. Hansı ki, apreldə İran yarısı çöllərə düşən raketlərdən, PUA-lardan istifadə etmişdi. Belə bir gülünc vəziyyəti yenə də yarada bilərdilər. Lakin bunu da etmədilər. Çünki bir qüvvə prosesə mane olur.

Düşünürəm ki, ABŞ-dakı seçkilərdən çox şey asılı olacaq. Trampın və ya Harrisin seçilməsi bölgəyə çox ciddi təsir edəcək. Düşünürəm ki, bu səbəblərə görə də, vəziyyət kritik olaraq qalacaq. Barıt çəlləyinin partlamasına çox az qalıb”, - deyə A.Sultani əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin