Qərbin puç olan ÜMİDLƏRİ – Gürcüstan sülh, yoxsa müharibə yolunu SEÇƏCƏK?

Hazırda oxunan: Qərbin puç olan ÜMİDLƏRİ – Gürcüstan sülh, yoxsa müharibə yolunu SEÇƏCƏK?

207698

Gürcüstanda nisbi sakitlikdir. Lakin qonşu ölkədə “qazanlar qapalı qaynayır”. Ölkə çox gərgin və qızğın hadisələrlə zəngin olacaq bir payıza hazırlaşır.

Məlum olduğu kimi, bu ilin oktyabrında Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərin sakit keçəcəyi heç də inandırıcı gəlmir. Çünki “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə mindikdən sonra Qərb Gürcüstandan üz döndərib. Hər vəchlə ABŞ və Avropa İttifaqı Gürcüstan hakimiyyətini cəzalandırmaq istəyir. Təbii ki, Qərbin əlindəki ən yaxşı cəza aləti də seçkilərə müdaxilədir.
 

MÖVZU İLƏ BAĞLI:

 Qərbin “ikinci cəbhə” PLANI – Gürcüstanda terror aktları PLANLAŞDIRILIR?


Gürcüstan hakimiyyəti ehtiyat tədbirlər görür?

Ona görə də gözlənilir ki, Qərb payızda Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə edəcək. Bunu rəsmi Tiflis də proqnozlaşdırır. Təsadüfi deyil ki, bu günlərdə  Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlaması zamanı bildirib ki, bu seçkilərdə Gürcüstan vətəndaşları müharibə və sülh arasında seçim etməli olacaqlar:

“2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum olacaq. Əslində seçim sadədir. Seçim sülh, mənəviyyat və parlaq gələcək lehinə edilməlidir”.

Nəzərə alaq ki, oktyabr seçkilərinə Qərb də ciddi hazırlaşır. Buna qədərsə əldə olan bütün imkanlardan istifadə edərək ABŞ və Aİ Gürcüstanı təzyiq altında saxlamağa çalışır. Yada salaq ki, ötən ay Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsini dayandırıb. Avropa İttifaqı bununla kifayətlənməyərək, həm də Tiflisə maliyyə yardımlarını kəsib. Məsələn, Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub.

Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski açıq şəkildə bildirib ki, buna səbəb Gürcüstanda təsdiq edilmiş xarici agentlər haqqında qanundur:

“Parlament xarici agentlər haqqında qanunu qəbul edərkən, Avropa diplomatiyasının rəhbəri Josep Borrell dedi ki, sənəddə doqquz bənddən ən azı üçünə – dezinformasiya ilə mübarizə, siyasi qütbləşmə və vətəndaş azadlıqlarına hörmətlə bağlı ziddiyyət təşkil edir. Aİ xarici işlər nazirlərinin görüşündə Borrell söz vermişdi ki, Gürcüstan hökuməti indiki siyasi kursunu davam etdirsə, Avropa İttifaqının qapıları onun üzünə bağlı olacaq. Və bu da verilən vədin nəticəsi…”.

Qərb dayanmaq istəmir

Xatırladaq ki, Pavel Qerçinski onu da bildirmişdi ki,  oktyabrda keçiriləcək seçkilərdən sonra yeni  hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq.

Əslində Aİ təmsilçisinin fikirlərində açıq təhdid və xəbərdarlıq var idi. Bu sözləri ilə o gürcü cəmiyyətinə mesaj verirdi ki, payızda keçiriləcək parlament seçkilərinə ciddi hazırlaşın. Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq.

Aİ üzvlüyü məsələsi bir oyundur

Nəzərə alaq ki, postsovet ölkələrinin Rusiyaya qarşı müharibəyə təşviq etmək üçün Aİ üzvlüyü məsələsi Qərbin əlində bir alətidir. Hər kəs bilir ki, ərazi bütövlüyü və suveren hüquqları sual altında qalan heç bir dövləti Aİ öz çətiri altına almaz. Üstəlik, iqtisadi problemlərin məngənəsində sıxılan bir ölkə Aİ-yə ancaq yük ola bilər. Ona görə də iqtisadi prblemləri olan və ərazisinin 20 faizi işğal altında saxlanılan Gürcüstan kimi bir dövlət Aİ-yə lazım deyil.

Nəzərə alaq ki, Aİ Gürcüstanın üzvlük məsələsinə 2030-cu ildə baxacaq. Halbuki, 1999-cu ildə Gürcüstana namizədlik status verilib. Bununla belə ötən 25 ildə müxtəlif bəhanələrlə Gürcüstanın üzvlük məsələsi ertələnib. Yəqin ki, 2030-cu ildə də bu məsələ reallaşmayacaq.

Amma bununla belə Qərb öz təhdidlərindən qalmır. Məsələn, bir müddət əvvəl ABŞ Gürcüstana qarşı müvafiq cəza tədbirlərinə başlayıb. Belə ki, Rəsmi Vaşinqton Gürcüstan vətəndaşlarına, o cümlədən rəsmi şəxslərə və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edib. Bundan sonra bir sıra Gürcüstan rəsmləri və o cümlədən, parlamentin üzvləri ABŞ-ın viza sanksiyaları ilə üz-üzə qalacaq.

Göründüyü kimi, bir qanuna görə ABŞ həm qanunun təşəbbüskarlarını, həm də onun parlamentdə qəbulunda əli olan hər kəsi cəzalandırır. Yəqin ki, bu cəza tədbirlərinin davamı gələcək.

Dayanıqlı iqtisadiyyatı olmayan Gürcüstan üçün çətin günlər qabaqadadır...

Məlumdur ki, Gürcüstan hər il həm ABŞ-dan, həm də Aİ-dən maliyyə dəstəyi alırdı. Amma agentura şəbəkəsi haqqında qanunun qüvvəyə minməsindən sonra bu yardımlar dayandırılır. Ən azı müəyyən müddətə…

Çünki Qərb Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır. İndiki həssas dönəmdə həm Qərb, həm də Gürcüstan öz mövqeyində qəti görünür. Amma Qərbin daha tez inadından əl çəkəcəyi inandırıcı gəlir. Əgər Qərb Gürcüstandan əlini çəksə, o zaman Tiflis məcburən Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Ona görə də Qərbin təhdidlərinin tədricən səngiməsi proqnozlaşdırılır.

Amma Gürcüstan inad edəcəyi təqdirdə qazanacaq.

Ən azı ölkənin ərazi bütövlüyü və suveren hüquqları bərpa olunacaq. Lakin həmin zamana qədər Gürcüstan ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək. Əgər rəsmi Tiflis Qərbin təzyiqlərinə boyun əyməsə, o zaman Rusiya Gürcüstanla münasibətlərinə yenidən baxacaq. Bu da o deməkdir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın nəzarətinə qaytara bilər.

İndiki zamanda Gürcüstan müharibə etmədən, qan tökmədən işğala son vermək istəyir. Bunun üçün tək şərt Gürcüstanın Qərbin idarəçiliyindən çıxmasıdır.

Əslində, rəsmi Tiflis anlayır ki, Qərb heç zaman 20 faiz torpaqlarının azad olmasında Gürcüstana kömək etməyəcək. Bunun ən bariz nümunəsi Azərbaycan gerçəkliyidir. Azərbaycan 25 il Qərbə inandı, gözlədi. Sonda isə ərazi bütövlüyünü və suveren hüquqlarının öz qətiyyəti hesabına bərpa etdi. Qərbə inanan Moldova da eyni acı aqibəti yaşayır. Ukraynada isə vəziyyət daha faciəlidir. Bu gün Ukraynanın bir dövlət kimi xəritədən silinməsi ehtimalı çox böyükdür.

Gürcüstan üçün seçim anı

Gürcüstan ya Qərbin arxasınca gedib, ərazilərinin işğal müddətini bir qədər də uzadacaq, ya da heç bir bloka qoşulmadan regional inkişafa və mehriban qonşuluğa meydan açacaq. Bu halda isə Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası heç də uzaq görünmür.

Təsadüfi deyil iki gün öncə  hakim “Gürcü Arzusu” partiyası bəyanat yayıb. Bəyanatda deyilir ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanın qaytarılmasına hazırlaşmalıdır:

“Ərazi bütövlüyünün bərpası ölkənin əsas vəzifələrindən biridir. Hakimiyyət konstitusiyaya düzəlişlər edərək, ərazilərin dinc yolla ilhaqı halında idarəetmədə dəyişikliklərə hazır olmalıdır”.

Göründüyü kimi, hakimiyyət öz seçimini edib. Bəs, Gürcüstan cəmiyyəti nə düşünür?

Bunu oktyabrda biləcəyik…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin