“Ərəb dövlətləri HƏMAS-ı, ABŞ isə İsraili sülhə məcbur edəcək” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Ərəb dövlətləri HƏMAS-ı, ABŞ isə İsraili sülhə məcbur edəcək” – Zərdüşt Əlizadə

207530

Qəzza böhranın aradan qaldırılması istiqamətində göstərilən səylər öz nəticəsini vermək üzrədir. 

Məlumatlara görə, İsrail tərəfi ABŞ-nin Qəzza zolağında atəşkəs məsələsində Fələstinin radikal HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün nəzərdə tutulmuş yeni təklifini qəbul edib.

İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinken Təl-Əvivdə çıxışı zamanı bu barədə danışıb:

"Bu gün Baş nazir Binyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə təsdiq etdi ki, İsrail fikir ayrılıqlarını aradan qaldırmaq təklifini qəbul edir və dəstəkləyir. İndi HƏMAS da eyni şeyi etməlidir", - Blinken deyib.

Qəzzada sülh hansı formul əsasında təmin olunacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Qəzzada sülh yalnız atəşkəsin dayandırılması və İsrailin qoşunlarını buradan çıxartması formulu əsasında təmin edilə bilər:

“İsrail isə hələlik bunu qəbul etmir. Amerikanın verdiyi təklifləri HƏMAS qəbul etmişdi. Lakin İsrail bu təkliflərə əlavələr etdi. Ardınca HƏMAS da təkliflərdən imtina etdi. Səbəbi də odur ki, Netanyahu HƏMAS-la razılaşmaq istəmir. Çünki razılaşmanın olması fonunda İsraildə hökumət komissiyası yaradılacaq və onlar 7 oktyabrın səbəb və nəticələrini araşdıracaq. Belədə isə Netanyahunun məhkəməyə verilməsi ehtimalı böyükdür. 

O, isə bunu istəmir. Ona görə də var gücü ilə çalışır ki, danışıqlar baş tutmasın, müharibə davam etsin. Müharibənin davam etməsi fonunda isə o baş nazir olaraq qalacaq”.    

ABŞ İsrailə təzyiq etməklə...

Həmsöhbətimiz deyir ki, hansısa anda ABŞ İsrailə, ərəb ölkələri də HƏMAS-a təzyiq etməklə tərəfləri razılaşmağa vadar edə biləcəklər:

“Amerika bu münaqişədə İsrailin tərəfini saxlayır. Vaşinqton hər dəfə də Netanyahunun təkidilə İsrailin hansısa yeni istəklərini təkliflərə əlavə edib, HƏMAS-ın qarşısına qoyur. HƏMAS da onları qəbul etmir. İsrail də qoşunlarını ərazidən çıxarmağa razı deyil. Əbədi müharibə və əbədi sülh olmur. Hansısa anda ABŞ İsrailə təzyiq edib onu təkliflərlə razılaşmağa vadar edəcək. Hansısa anda ərəb dövlətləri də HƏMAS-a təzyiq edib, razılaşmaq yoluna gedəcəklər”. 

Rüfət Sultan, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin