İran vədinə əməl edəcək, yoxsa qisas QİYAMƏTƏ QALDI?

Hazırda oxunan: İran vədinə əməl edəcək, yoxsa qisas QİYAMƏTƏ QALDI?

207072

Qəzza savaşı fonunda HƏMAS lideri Haniyənin öldürülməsinə cavab olaraq İranın İsraildən intiqam almaq niyyəti deyəsən arxa plana keçir.

Belə ki, “The New York Times” məlumatına görə, Qəzza böhranı ilə bağlı Dohada keçirilən danışıqlar fonunda İranın müəyyən qədər yumşaldığı hiss olunur:

İran və Livanın "Hizbullah" hərəkatı Doha danışıqları fonunda öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb.

Nəşr qeyd edir ki, İsrail kəşfiyyat xidmətləri “Hizbullah" və İranın yumşaldığı qənaətinə gəlib.
Bununla belə, İsrail İranın mümkün zərbəsinin gələcəkdə baş tuta biləcəyini istisna etmir. İsrail hökuməti kəşfiyyat məlumatlarının daim dəyişdiyini bəyan edir.

Xatırladaq ki, ötən həftə HƏMAS Siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah” lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükürün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İran və “Hizbullah” onların qisasını almağa söz verib.

Bundan sonra aviaşirkətlər bölgəyə uçuşları dayandırmağa başlayıb. Bəzi ölkələr öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə ediblər. Belə bir durumda İranın İsrailə cavab zərbəsi endirəcəyi ehtimalı böyük idi.

Lakin indi görünür, Tehran mövqeyini dəyişib. Onu da qeyd edək ki, Yaxın Şərqin bir sıra ölkələri, Türkiyə İrana bir qədər təmkinli olmağı tövsiyə ediblər.

İran qisas planından imtina edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, İranın İsrailə cavab zərbəsindən imtinasının arxasında ABŞ dayanır:

“Bu ilin aprelində İran İsrailə raket zərbəsi endirdi. İsrail də elan etdi ki, qarşılığında İrana ciddi zərbələr endirəcək. Ancaq ABŞ vəziyyətə müdaxilə edərək, İsraili bu addımlardan çəkindirdi. İndiki halda İranın İsrailə hücum etməsinin qarşısının alınması, yaxud təxirə salınmasında əsas həlledici rol ABŞ-a məxsusdur.

ABŞ apardığı işlərlə, bölgəyə böyük hərbi qüvvələr yeritmək, İranın hücumunun hansı nəticələr verəcəyini ona anlatmaq, həm də Tehranla danışıqlar aparıb reallıqları çatdırmaqla molla rejimini düşünməyə vadar etdi. İran hesab edir ki, Haniyəni İsrail raketlə vurub. Ancaq araşdırmalar göstərdi ki, Haniyənin ölümü otağa qoyuan və məsafədən idarə olunan bombanın partlaması nəticəsində baş verib. Bütün bunlar İranı vadar edir ki, ya İsrailə hücumdan imtina etsin, yaxud da məsələ tam araşdırılana qədər hücumu təxirə salsın”.

Həmsöhbətimiz deyir ki, İran bölgədə böyük qarşıdurmanın başlamasının, ilk növbədə onun özünə ciddi problemlər yaradacağını yaxşı başa düşür:

“Çünki müəyyən dairələr İranın nüvə silahı əldə etmək ərəfəsində olduğunu anlayır və ona qarşı hərbi əməliyyatlarda maraqlıdırlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin